Əlyazmalar İnstitutunun əməkdaşı beynəlxalq onlayn konfransda məruzə ilə çıxış edib

Əlyazmalar İnstitutunun əməkdaşı beynəlxalq onlayn konfransda məruzə ilə çıxış edib AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elektron resurslar şöbəsinin baş mütəxəssisi, doktorant Vüqar Hacıyev “Zoom” proqramı vasitəsilə Gürcüstanın Batumi şəhərində ictimai elmlər üzrə indeksləşmiş beynəlxalq istinadlı “Atlas” jurnalının keçirdiyi konfransda iştirak edib.
V.Hacıyev “Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasəti ermənilərin “böyük Ermənistan” ideyasının həyata keçirilmə üsuludur” mövzusunda çıxış edib. O bildirib ki, tarixboyu dünyanın heç bir yerində dövləti olmayan ermənilər ayrı-ayrı dövlətlərin tərkibində tayfalar şəklində yaşayıb, nəhayət, XIX əsrin əvvəllərində çar Rusiyası tərəfindən Cənubi Qafqaza, o cümlədən tarixi Azərbaycan torpaqlarına köçürülərək məskunlaşdırılıb. XX əsrin əvvəllərində havadarlarının dəstəyilə Azərbaycan torpaqları hesabına dövlət quran ermənilər bu ərazilərin “qədim” və “böyük Ermənistan” torpaqları olduğunu iddia edərək, bu ideyanı reallaşdırmaq üçün yerli türk-müsəlman əhalisinə qarşı terror, soyqırımı, etnik təmizləmə, deportasiya siyasəti həyata keçiriblər.
Vüqar Hacıyev Azərbaycan türklərinə qarşı ermənilər tərəfindən bir əsr ərzində dörd dəfə - 1905-1907, 1918-1920, 1948-1953 və 1988-1992-ci illərdə həyata keçirilən soyqırımı və deportasiyalardan danışıb.
Mövzu konfrans iştirakçılarının marağına səbəb olub. Məruzəçi onları maraqlandıran sualları ətraflı şəkildə cavablandırıb.

Tehsil-press.az

Oxşar xəbərlər