Azərbaycan Dövlət Neft və Sənaye Universiteti məzunlarının onlayn görüş-seminarı keçirilib

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti məzunlarının onlayn görüş-seminarı keçirilib Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Cihazqayırma mühəndisliyi kafedrasının məzunlarının universitetin 100 illik yubileyinə həsr olunmuş onlayn görüş-seminarı keçirilib.
Görüşdə müxtəlif istehsal sahələrində, firmalarda, təhsil müəssisələrində, özəl şirkətlərdə çalışan uğurlu iş karyeralarına imza atmış məzunlar, kafedra əməkdaşları iştirak ediblər.
Tədbirdə kafedra müdiri, texnika elmləri doktoru Lalə Bəkirova ADNSU-da təhsilin bugünkü inkişafı, əldə olunan uğurlar haqqında söz açıb. O, cihazqayırma mühəndisliyi haqqında məlumat verərək kafedranın 1961-ci ilin yanvar ayında təsis edildiyini bildirib: “Burada tələbələr bakalavriat səviyyəsində Azərbaycan, ingilis və rus bölmələrində cihazqayırma mühəndisliyi, biotibbi texnologiyalar mühəndisliyi, meteorologiya standartlaşdırma və keyfiyyətə nəzarət mühəndisliyi ixtisasları üzrə təhsil alırlar”.
Kafedra müdiri, həmçinin cari ildə bu ixtisas üzrə dünyanın aparıcı təhsil ocaqlarındakı mövcud tədrisə uyğunlaşdırılmış yeni təhsil standartının işlənilməsi və qəbulu, adları çəkilən bakalavr ixtisaslarının birləşdirilərək bir ixtisas - Cihaz mühəndisliyi kimi tədrisinin təşkil olunmasının planlaşdırıldığını bildirib.
Universitetin rektoru, professor Mustafa Babanlı çıxışında belə tədbirlərin təşkilinin, ADNSU-nun məzunları ilə əlaqələrin qurulmasının önəmli olduğunu qeyd edib. O, tədrislə yanaşı, elmi potensialın artırılmasının vacibliyini, müasir tədrisin təşkilində bunun xüsusi önəm daşıdığını vurğulayıb.
Seminarda ADNSU-nun məzunu, Milli Məclisin deputatı, texnika elmləri namizədi Soltan Məmmədov, Türkiyənin Gebze Texniki Universitetinin professoru, texnika elmləri doktoru Fuad Əliyev, Fransanın Franche-Comte Universitetinin tətbiqi sistemlər, elektronika və tibbi cihaz mühəndisi Elmar Yusifli, Milli Aerokosmik Agentliyin (MAKA) baş direktoru Natiq Cavadov, Müdafiə Sənayesi Nazirliyinin Elmi Tədqiqat İnstitutu, Tədris Cərrahiyyə Klinikası, Tədris Terapevtik Klinika, “Ömür”, “Nərgiz” və “Bioloji təbabət” klinikalarının, “Arash Medical Company” və “AzəriMed” MMC, SOCAR-ın Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun, SOCAR–ın Qaz Anbarlarının İstismarı İdarəsinin və digər şirkətlərin nümayəndələri fikir mübadiləsi aparıblar.
Görüş-seminarın məqsədi məzunların ADNSU-nun 100 illiyi ilə bağlı təbrik tədbirlərinə qatılmaqla bərabər, məzunu olduqları və ya imzalanmış memorandumların qaydalarına uyğun əlaqə qurduqları doğma universitetin tələbələrinin təhsilinin bu günü və gələcəyinin müasir tələblərə uyğun təşkilində təmsil etdikləri müəssisə və qurumların yaxından iştirakı və dəstəyini təşkil etmək olub.
Çıxış edənlər ADNSU-nun məzunlarının hər zaman öndə olduqlarını dilə gətiriblər. Həmçinin istehsalatda, elmi-tədqiqatda, müxtəlif sənaye və xidmət sahələrində istifadə olunan müasir cihazlar və avadanlıqların istismarı üçün Cihaz mühəndisliyi ixtisasına yiyələnmiş mütəxəssislərə böyük tələbat olduğunu xüsusi vurğulayıblar.

Tehsil-press.az

Oxşar xəbərlər