Bakı Dövlət Universitetinin qarabağlı fəxrləri silsiləsindən: professor Məmmədxan Rəsulov

Bakı Dövlət Universitetinin qarabağlı fəxrləri silsiləsindən: professor Məmmədxan Rəsulov Bakı Dövlət Universiteti (BDU) bu ali məktəbin, həmçinin Azərbaycan ali təhsil tarixində müstəsna xidmətləri ilə seçilən professor və müəllimlərimizin, ictimai-siyasi xadimlərimizin bu elm və təhsil məbədinə verdiyi töhfələrlə bağlı silsilə yazılarını davam etdirir. Yazıların qəhrəmanları isə Vətən üçün alışıb-yanan, özündən sonra yetişdirdiyi mütəxəssislərlə, Azərbaycanda elmin, təhsilin inkişafına verdiyi töhfələrlə ürəklərdə əbədi iz qoymuş Qarabağ bölgəsinin elm-təhsil fədailəri, ictimai-siyasi xadimləridir. Sentyabrın 27-dən başlayaraq 44 gün davam edən haqq mübarizəmizdə qazanılan tarixi qələbə onların da ruhlarını şad edir. Növbəti yazı 1989-1998-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı olmuş professor Məmmədxan Rəsulov haqqındadır.
Məmmədxan Rəsulov 1933-cü ildə Zəngilan rayonunda anadan olub. 1947-1950-ci illərdə Bakı Kənd Təsərrüfatı Texnikumunda oxuyub, sonra Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Hüquq fakültəsinin əyani şöbəsinə qəbul olub. 1955-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib. 1955-1956-cı illərdə universitet komsomol komitəsinin birinci katibi işləyib. 1957-ci ildə Dövlət Təhlükəsizliyi Komitəsinə xidmətə qəbul edilib. O, 1961-ci ildən BDU-nun Hüquq fakültəsinin Mülki hüquq kafedrasında baş müəllim, Mülki proses, əmək və ekologiya hüququ kafedrasının dosenti, professoru, universitetdə xarici tələbələrin təhsili üzrə dekan müavini (1976-1978), Hüquq fakültəsinin dekan müavini (1978-1989) və dekanı (1989-1998) vəzifələrində çalışıb. 1975-ci ildə namizədlik dissertasiyasını müdafiə edib. BDU-nun Elmi Şurasının qərarı ilə ona uzunmüddətli səmərəli elmi-pedaqoji fəaliyyətini nəzərə alaraq professor elmi adı verilib. Yerli və xarici elmi nəşrlərdə dərc edilmiş 100-dən çox elmi əsərin müəllifi olan M.Rəsulovun elmi rəhbərliyi altında 3 elmlər namizədi hazırlanıb.
Alimin rəhbərliyi ilə Azərbaycan hüquqşünaslığında ilk dəfə olaraq ana dilimizdə “Əmək hüququ” dərsliyi çapdan çıxıb. Ölümündən sonra 1999-cu ildə isə onun Moskvanın "Yuridiçeskiye vesti" nəşriyyatında çapdan çıxmış “Trudovoy doqovor: balans sil i balans interesov” kitabı dəyərli elmi monoqrafiya kimi bir çox ölkə hüquqşünasları tərəfindən yüksək qiymətləndirilib. Məhz onun rəhbərliyi ilə respublikada əmək hüququ elmi məktəbi yaradılıb.
M.Rəsulov tələbələrin yaddaşında qayğıkeş, həssas və sadə bir insan, gözəl pedaqoq kimi qalıb. O, bütün tələbələrə, xüsusilə rayondan gəlmiş tələbələrə böyük qayğı göstərirdi. Onların məişət problemlərindən tutmuş, təqaüd alıb-almamaları, yataqxanada yerlə təmin olunub-olunmamaları ilə maraqlanaraq, bu sahədə köməyini əsirgəmirdi.
Professor BDU-nun Elmi Şurasının, Baş Prokurorluğun, Ali Məhkəmənin Elmi Məsləhət Şurasının fəal üzvlərindən olub. Torpaqlarımızın erməni təcavüzünə məruz qalması alimin qəlbində nisgilə çevrilir. Doğma yurdun düşmən tapdağı altına düşməsi onu daxilən çox incidir. Professor Məmmədxan Rəsulov 1998-ci ildə dünyasını dəyişib.
Əminik ki, Qarabağın işğaldan azad edilməsi, üçrəngli bayrağımızı Məmmədxan Rəsulovun dünyaya göz açdığı Zəngilanda dalğalanması görkəmli alimin ruhunu şad edir.

Tehsil-press.az



Oxşar xəbərlər