Azərbaycan Texniki Universitetində şəhid Əbdülməcid Axundovun xatirəsi anılıb

Azərbaycan Texniki Universitetində şəhid Əbdülməcid Axundovun xatirəsi anılıb Azərbaycan Texniki Universitetində (AzTU) Aprel döyüşlərində qəhrəmancasına şəhid olan Əbdülməcid Axundovun xatirə günü keçirilib.
Tədbirdə əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib, torpaqlarımızın ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə universitetin elektrotexnika və energetika fakültəsinin dekanı Mahir Bəşirov şəhid Ə.Axundovun həyat yolu və tələbəlik illərindən danışıb. Qeyd edib ki, Ə.Axundov vətənpərvər bir tələbə kimi yadda qalıb. Aprel döyüşlərində AzTU-nun dörd məzununun şəhidlik zirvəsinə yüksəldiyini xatırladan M.Bəşirov onların qəhrəmanlıqlarının gənclərə nümunə olduğunu deyib.
“Qalibiyyət, şəhidlər və şahidlər” kitabının müəllifi Aida Eyvazlı isə Ə.Axundovun döyüşdə göstərdiyi rəşadətdən söhbət açıb. Diqqətə çatdırılıb ki, Əbdülməcid Axundov döyüş zamanı tələbə yoldaşı Elvin Mirzəyevi xilas edərkən şəhid olub.
Sonra şəhid haqqında çəkilən “Ölsəm yaşat” filmi nümayiş etdirilib.
Tədbirdə elektrotexnika və energetika fakültəsinin tələbəsi Murad Rzayevə “Gənc Mühəndislər Cəmiyyəti” İctimai Birliyinin İdarə Heyətinin təsis etdiyi plaket və mükafat təqdim olunub. İctimai Birliyin sədri Elvin Səfərli bildirib ki, bu mükafat Ə.Axundovun xatirəsinə təsis edilib və hər il ənənəvi olaraq şəhidin doğum günü ərəfəsində onun oxuduğu ixtisasda təhsil alan ən savadlı tələbəyə veriləcək.
Şəhidin anası Ceyran Axundova Vətənin bütövlüyünün, azadlığının hər şeydən önəmli olduğunu söyləyib: “Oğlumun şəhidliyi nə qədər üzücü olsa da, bir o qədər qürurvericidir. Əbdülməcidin şəhid olması mənə minlərlə oğul qazandırıb”.

AzTU-nun Mətbuat xidməti



Oxşar xəbərlər