BDU-da “Nizami “Xəmsə”si və mənzum romançılıq ənənələri” mövzusunda müzakirə aparılıb

BDU-da “Nizami “Xəmsə”si və mənzum romançılıq ənənələri” mövzusunda müzakirə aparılıb Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsində “Nizami “Xəmsə”si və mənzum romançılıq ənənələri” mövzusunda müzakirə keçirilib.
Tədbirdə Azərbaycan Yazıçılar Birliyi (AYB) İdarə Heyətinin üzvü, tanınmış ədəbiyyatşünas Əsəd Cahangir geniş məruzə ilə çıxış edib.
Əsəd Cahangir Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilməsinin mühüm əhəmiyyət daşıdığını, Sərəncamdan irəli gələn vəzifələrin həyata keçirilməsinin Nizami irsinin yenidən və hərtərəfli araşdırılması baxımından böyük imkanlar yaratdığını vurğulayıb.
Qeyd edib ki, Azərbaycanın görkəmli şəxsiyyətlərinin yubileylərinin keçirilməsi, onların irsinin təbliği hər zaman ulu öndər Heydər Əliyevin diqqət mərkəzində olub. Məhz Ulu Öndərin təşəbbüsü ilə 1979-cu ildə “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qərar qəbul olunub. 1981-ci ildə Nizaminin 840 illik yubiley mərasimlərinin ümumittifaq səviyyəsində qeyd edilməsini vurğulayan məruzəçi həmin siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.
Ə.Cahangir məruzəsində “Xəmsə”yə daxil olan əsərləri təhlil edib, Nizami irsinin dünya ədəbiyyatında mənzum romançılıq ənənələrinin formalaşmasındakı müstəsna əhəmiyyətindən danışıb.
Bildirib ki, Nizami ənənələri yalnız Şərq ədəbiyyatında deyil, Avropa ədəbiyyatında da özünü geniş şəkildə ifadə edib. O, dünya ədəbiyyatında məhz Nizami yaradıcılığının təsiri ilə yazılmış bir sıra mənzum romanlardan, eləcə də nəsr əsərlərindən nümunələr göstərib, Nobel mükafatı almış müəyyən yazıçıların uğurunun arxasında Nizami irsinin dayandığını inandırıcı faktlarla əsaslandırıb.
Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı vəzifəsini icra edən Ələmdar Bayramov, kafedra müdiri Knyaz Aslan çıxışlarında akademik səviyyəsi ilə seçilən məruzəni yüksək dəyərləndirib, eyni zamanda bu cür müzakirələrin tələbələrdə milli ruhun formalaşması baxımından mühüm əhəmiyyət daşıdığını bildiriblər.
Məruzə tələbələrin marağına səbəb olub, məruzəçiyə çoxsaylı suallar ünvanlanıb.

Tehsil-press.az


Oxşar xəbərlər