ADPU-da Magistrantların IV Respublika Elmi Konfransı keçirilib

ADPU-da Magistrantların IV Respublika Elmi Konfransı keçirilib Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Pedaqoji elmlərin nəzəriyyəsi və praktikasının aktual problemləri: müasir yanaşma” mövzusunda Magistrantların IV Respublika Elmi Konfransı keçirilib. Konfrans ADPU-nun 100 illiyinə həsr edilib.
Onlayn formatda keçirilən Respublika Elmi Konfransında ADPU, BDU, ADNSU, NDU və digər ali məktəblərin magistrantlarının 450-yə qədər məruzələri dörd bölmədə dinlənilib və müzakirə edilib.
Konfransı açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov son illərdə universitetin təhsil və elm sahəsindəki nailiyyətləri barədə məlumat verib. Rektor vurğulayıb ki, ADPU-da magistratura səviyyəsində həyata keçirilən layihələr magistr hazırlığına müsbət təsirini göstərir. Bu layihələr sırasında magistrantların respublika elmi konfransları xüsusi əhəmiyyətə malikdir. Belə ki, magistrantlar elmi-tədqiqat işlərinin nəticələrini konfranslarda tanınmış mütəxəssislərin iştirakı ilə müzakirəyə çıxarmaqla yaxşı təcrübə toplayır ki, bu da magistr dissertasiya işlərinin müdafiəsində özünü xüsusilə göstərir. Magistrantlarımız daim öz üzərlərində çalışmalı, bilik və bacarıqlarını artırmalı, rəqəmsal bilikləri, dünyanın aparıcı xarici dillərini dərindən öyrənməli, vətənpərvər olmalıdırlar. Rektor çıxışının sonunda konfransın işinə uğurlar arzulayıb.
Elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov çıxışında ADPU-da elmi-tədqiqat işlərinin səviyyəsinin yüksəldiyini, professor-müəllim heyətinin impakt-faktor göstəricili jurnallarda dərc edilən elmi məqalələrinin sayının artdığını bildirib, magistrantların elmi yaradıcılığına daim diqqət göstərildiyini vurğulayıb. Qeyd edib ki, ADPU-da son dörd il ərzində hər il magistrantların respublika elmi konfransının keçirilməsi, magistr dissertasiya işlərinin mövzularına elm komissiyasında baxılması, universitetin qabaqcıl professor-müəllim heyətinin magistratura səviyyəsində həm tədris prosesinə, həm də magistr dissertasiya işlərinə rəhbərliyə cəlb edilməsi, magistrantların elmi-pedaqoji və elmi-tədqiqat təcrübəsinin səmərəli təşkili keyfiyyətli magistr hazırlığına öz töhfəsini verir. ADPU-nun təsisçiliyi ilə “MAGİSTRANT” dövri-elmi jurnalının nəşr edilməsi (Jurnalın ilk nömrəsi bu günlərdə elmi ictimaiyyətə təqdim ediləcək) universitetdə aparılan məqsədyönlü elmi fəaliyyətin məntiqi nəticəsidir.
Professor A.Zamanov bildirib ki, konfransın elmi bölmələrində mütəxəssislər tərəfindən müsbət qiymətləndirilən məruzələrin tezisləri, həmçinin məqalələr toplu şəklində çap edilib magistrantlara çatdırılacaqdır. O, magistrantların IV Respublika Elmi Konfransının təşkili ilə əlaqədar işlərin vaxtında icra edilməsində konfransın təşkilat komitəsinin işini yüksək qiymətləndirib, iştirakçılara uğurlar arzulayıb.
ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev, Məktəbəqədər təhsilin pedaqogikası kafedrasının müdiri, professor Müseyib İlyasov, İbtidai təhsil fakültəsinin dekanı, professor Fərrux Rüstəmov, İbtidai təhsilin pedaqogikası və metodikası kafedrasının müdiri, dosent Yaqut Rzayeva, Ümumi pedaqogika kafedrasının müdiri, professor İramin İsayev çıxış edərək konfransın təşkilini yüksək qiymətləndiriblər.
Konfransın plenar iclasında ADPU-nun magistrantı Zeynəb Abdullayeva “Təhsilin idarə edilməsində menecment işinin elmi-pedaqoji əsasları”, ADNSU-nun magistrantı Ruhəngiz Qurbanova “Qeyri-səlis məntiqə əsaslanan PID nəzarətçinin dizaynı”, BDU-nun magistrantı Tamilla Babayeva “Lənkəran-Astara iqtisadi rayonunda kənd məskunlaşması və onun inkişafında yaranan problemlər” mövzusunda məruzələrlə çıxış ediblər.
Plenar iclasdan sonra konfrans işini iki gün ərzində “İnnovasiyalar və təhsilin keyfiyyəti”, “Təhsilin təşkili və idarə edilməsi”, “Təhsildə sosial-psixoloji xidmət” və “Tədrisin müasir problemləri” bölmələrində davam etdirib və uğurla yekunlaşıb.

Tehsil-press.az

Oxşar xəbərlər