Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində virtual “Açıq qapı” günü təşkil olunub

Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində virtual “Açıq qapı” günü təşkil olunub Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə tanışlıq məqsədilə virtual “Açıq qapı” günü təşkil olunub.
Virtual “Açıq qapı” günündə mərkəzdə tədris prosesinin təşkili, məzunların işlə təminatı, işəgötürənlərlə əməkdaşlıq məsələləri müzakirə olunub.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin İşəgötürənlərlə iş və innovativ layihələr şöbəsinin aparıcı məsləhətçisi Natəvan Ağayeva peşə təhsilinin əhəmiyyətindən bəhs edib. O vurğulayıb ki, dünyada olduğu kimi Azərbaycanda da peşə təhsili diqqət mərkəzindədir. Peşəkar kadrların hazırlanmasında peşə təhsili mərkəzləri xüsusi rol oynayır: “Agentliyin işəgötürənlərlə qurduğu əməkdaşlıq peşə təhsili alanlara iş dünyası ilə yaxından tanış olmağa, təhsil müddətində ixtisaslarına uyğun müəssisələrdə təcrübə keçməyə imkan yaradır. Təcrübə zamanı uğurlu nəticələr əldə edən tələbələr çox zaman təcrübə keçdikləri müəssisələrdə iş təklifləri alırlar. Beləliklə, agentliyin qurmuş olduğu əməkdaşlıq əlaqələri peşə təhsili müəssisələri məzunlarının işlə təmin edilməsinə töhfə verir”.
Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tədris istehsalat işləri üzrə direktor müavini Kifayət Bayramova mərkəz haqında geniş məlumat verib. O bildirib ki, mərkəz əmək bazarının tələblərinə cavab verən ixtisaslı kadr hazırlığı ilə məşğuldur. Mərkəz tərəfindən işəgötürənlərlə əməkdaşlıq qurulub. Turizm sahəsində təhsilalanların daha çox praktiki biliklər əldə etməsi üçün Bakıda yerləşən 4 və 5 ulduzlu hotellərlə iş birliyi yaradılıb. Tələbələr üçün ustad dərsləri təşkil olunur. Turizm sahəsində ixtisaslı kadrların olması ölkəmizin təbliğində, milli-mənəvi dəyərlərimizin tanıdılmasında mühüm rol oynayır.
“JW Absheron Marriott Hotel”in insan resursları üzrə direktoru Sevinc Purvis, “Fairmont Baku Hotel”in heyətin idarə olunması departamentinin direktor müavini Fidan Hüseynova, “Astola Hotel”in mehmanxana inzibatçısı Toğrul Kərimli işəgötürənlərin peşəkar kadrlarla təmin olunmasında peşə təhsili müəssisələrinin rolundan danışıblar.
Virtual “Açıq qapı” günündə Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin infrastrukturu ilə tanışlıq məqsədilə videosüjetlər təqdim olunub.

Tehsil-press.az

Oxşar xəbərlər