UFAZ: Qəbul imtahanının nəticələri namizədlərin şəxsi kabinetinə göndərilir

UFAZ: Qəbul imtahanının nəticələri namizədlərin şəxsi kabinetinə göndərilir Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinə (UFAZ) avqustun 18-də keçirilmiş qəbul imtahanının nəticəsi namizədlərin şəxsi kabinetinə (admission.ufaz.az portalında) göndərilir.
UFAZ-a qəbul ola bilməyən abituriyentlərə bu barədə bildiriş göndərilir.
Universitetə qəbul olan abituriyentin şəxsi kabinetinə göndərilən bildirişdə 3 seçim variantı təklif edilir:
- UFAZ-a qəbul təklifini təsdiqləmək;
- Arzuladığı ixtisas üzrə rezerv siyahıda gözləmək;
- İmtina etmək.
UFAZ-a qəbul təklifini aldıqdan sonra avqustun 21-də saat 16:00-ya qədər şəxsi kabinetdə təklifi təsdiqləmək tələb olunur. Qəbulu təsdiqləmiş namizədlər avqustun 21, 23 və 24-də saat 9:00-dan 16:00-dək tələb olunan sənədləri UFAZ-ın binasına gətirib təqdim etməlidirlər.
Əgər abituriyent qəbul olduğu ixtisasdan və ya ödənişli əsaslarla təhsildən imtina edirsə, bu zaman ona gələn təklifdən imtina edə və ya rezerv siyahıya salınmasını istəyə bilər. İmtina etdikdən sonra digər universitetlərin ixtisas seçimlərində iştirak etmək olar.
Abituriyent UFAZ-da qəbul olduğu ixtisası deyil, digər ixtisas üzrə təhsil almaq istəyirsə, bu halda rezerv siyahıya salınmasını seçə bilər. Həmin ixtisas üzrə vakant yer yarandığı təqdirdə (bu o halda baş verə bilər ki, digər abituriyent həmin yerdən imtina etsin) topladığı bal uyğun gələrsə, ona təklif edilə bilər. Əgər həmin təklif də abituriyenti qane etməsə, bu zaman o, UFAZ-dan imtina edib Dövlət İmtahan Mərkəzinin ixtisas seçimində iştirak edə bilər.
UFAZ-da qəbul yerləri ixtisaslar üzrə ilk 40 yer (ilk 30 yer dövlət hesabına, növbəti 10 yer isə ödənişli əsaslarla) təklif edilir. İxtisas seçimində abituriyentin 1-ci yerdə sıraladığı ixtisas onun əsas seçimi kimi qiymətləndirilir. Həmin ixtisas üzrə seçim edən namizədlər arasında nəticəsi ən yüksək olan abituriyentlərə qəbul təklifi göndərilir.
Apellyasiya ilə bağlı müraciətlərə avqustun 21-də saat 10:00-dan 13:00-dək UFAZ-ın əsas tədris binasında baxılacaq.

Tehsil-press.az



Oxşar xəbərlər