ADU YAP ilk ərazi təşkilatının yeni sədri müəyyənləşib

ADU YAP ilk ərazi təşkilatının yeni sədri müəyyənləşib Azərbaycan Dillər Universitetinin (ADU) Yeni Azərbaycan Partiyası (YAP) ilk ərazi təşkilatının iclası keçirilib.
İclasda çıxış edən ADU YAP ilk ərazi təşkilatının sədri Sərraf Hüseynov bildirib ki, YAP-ın daha çevik qüvvə kimi fəaliyyət göstərməsi üçün özək təşkilatların aktiv fəaliyyəti vacibdir. Başqa işə keçməsi ilə əlaqədar olaraq Yeni Azərbaycan Partiyasının Dillər Universiteti üzrə özək təşkilatının sədri vəzifəsindən istefa verdiyini deyən Sərraf Hüseynov fəaliyyətə başladığı 2017-ci ildən bu günə qədər ADU-da 800-dən artıq şəxsin partiya sıralarına qəbul olunduğunu nəzərə çatdırıb: “ADU-nun partiya üzvü olan əməkdaşları Nəsimi rayonunun və bütünlüklə ölkəmizin ictimai-siyasi həyatında, ölkəmizdə keçirilən seçkilərdə çox aktiv iştirak edib və üzərinə düşən vəzifələri ən yüksək səviyyədə yerinə yetirib. ADU YAP ilk partiya təşkilatı rayon rəhbərliyi tərəfindən, həmçinin YAP-ın Nəsimi rayon təşkilatı tərəfindən dəfələrlə müxtəlif təltiflərə layiq görülüb. ADU-nun rektoru akademik Kamal Abdullanın partiyanın işinə göstərdiyi xüsusi diqqət nəticəsində biz bu etimadı ən yüksək səviyyədə doğrultmağa çalışmışıq. Universitetin kollektivinə təşəkkür edirəm ki, bu işdə bizə yaxından dəstək göstərib”.
Rektor Kamal Abdulla Azərbaycanın ictimai-siyasi həyatında Yeni Azərbaycan Partiyasının oynadığı mühüm roldan danışıb. Rektor bildirib ki, YAP-ın üzvü olmaq şərəfli iş, ləyaqətli missiyadır: “Prezident İlham Əliyevin göstərdiyi yeni hədəflər bizi yeniliklərə getməyə sövq edir. Bu yeniliklər həm partiyanın strukturuna, həm nizamnaməsinə, həm də mahiyyətinə uyğun şəkildə qurulub. Bizim ən ümdə vəzifəmiz universitetimizin potensialı böyük olan əməkdaşlarını partiya ətrafına cəlb etməkdən ibarət olacaq. Bu, mənim üçün əsas iş amili, əsas iş göstəricisi sayılacaq. Həmfikirlərimizlə bir yerdə olmağı, onlarla eyni amal uğrunda mübarizə aparmağı bacarmalıyıq”.
Rektor 44 günlük Vətən müharibəsi dövründə Ali Baş Komandan İlham Əliyevin hərbi cəbhə ilə yanaşı, informasiya cəbhəsində də apardığı böyük mübarizəni xatırladıb: “Biz şahidi olduq ki, Prezidentimiz Azərbaycan həqiqətlərini necə dilə gətirir, Azərbaycanın mənafeyini necə qoruyur. Bu, bizim hamımız üçün bir örnəkdir. Bütün bunları universitetimizdə öz əməlimizlə göstərməliyik”.
YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov YAP ilk ərazi təşkilatının fəaliyyəti haqqında danışıb, onun işini yüksək qiymətləndirib və tövsiyələrini verib. Azər Süleymanov bildirib ki, ADU kollektivi YAP-ın ərazi üzrə işlərinə hər zaman yaxından dəstək olub: “Əminəm ki, bundan sonra da sizinlə əl-ələ verib Prezidentimizin bütün tapşırıq və tövsiyələrini böyük ləyaqət və dəyanətlə yerinə yetirəcəyik”.
Sonra səsləndirilən təkliflərə əsasən Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının müdir əvəzi tarix üzrə fəlsəfə doktoru Qorxmaz Mustafayevin, müavin vəzifəsinə isə ADU rektorunun maliyyə və texniki təchizat üzrə müşaviri Nüşabə Tanrıverdiyevanın namizədliyi irəli sürülüb. Səsvermə üzrə hər iki şəxs qeyd olunan vəzifələrə seçiliblər.

Tehsil-press.az



Oxşar xəbərlər