BDU-nun iki aliminin adı “Dünyanın ən nüfuzlu alimlərinin 2 faizi” reytinq siyahısında yer alıb

BDU-nun iki aliminin adı “Dünyanın ən nüfuzlu alimlərinin 2 faizi” reytinq siyahısında yer alıb Bakı Dövlət Universitetinin (BDU) iki alimi “World\'s Top 2% Scientists” reytinq siyahısında yer alıb.
ABŞ-ın Stenford Universiteti hər il ənənəvi olaraq “Dünyanın ən nüfuzlu alimlərinin 2%-i” (World's Top 2% Scientists) reytinq siyahısını tərtib edir. 2021-ci il üçün tərtib olunmuş siyahıda müxtəlif elm sahələri üzrə dünyanın 149 ölkəsindən 190 min 64 alim yer alıb. Onlardan 25-i dünyanın müxtəlif nüfuzlu universitetlərində çalışan azərbaycanlı alimlərdir.
BDU-nun alimləri – universitetin nəzdində Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun Nəzəri fizika şöbəsinin müdiri Şahin Ağayev və Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Ekoloji kimya və ətraf mühitin mühafizəsi elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçisi Kamran Mahmudov da reytinq siyahısına daxil edilib.
Reytinq siyahısı “ELSEVIER” şirkətinin “SCOPUS” bazasının məlumatları əsasında tərtib olunur. Alimin il ərzində “SCOPUS” bazasındakı jurnallarda dərc olunmuş məqalələrinin sayı, il ərzində məqalələrə istinadların sayı, alimin h-indeksi, özü-özünə istinadlar və istinad sayının istinad edilən məqalələrin sayına olan nisbəti nəzərə alınır. Müsabiqədə iştirak etmək üçün alimin il ərzində “SCOPUS” bazasındakı jurnallarda ən azı 5 məqaləsi dərc olunmalıdır.
Reytinq siyahısı 176 altsahədən ibarət 22 elm sahəsi üzrə tərtib edilir. Onu da qeyd edək ki, Şahin Ağayev fizika və astronomiya, Kamran Mahmudov isə kimya elm sahələri üzrə siyahıda yer alıb.

Tehsil-press.az


Oxşar xəbərlər