Ulu öndər Heydər Əliyevin ideyaları ölməzdir

Ulu öndər Heydər Əliyevin ideyaları ölməzdir Dövlətin tarixini yaradanlar və onu istiqamətləndirərək yaşadanlar onun tarixi şəxsiyyətləridir. Bir xalqın, dövlətin tarixi nə qədər mürəkkəb sınaq və çətinliklərlə üz-üzə qalsa da onun taleyində tərəqqipərvər dünya cəmiyyətinin ideallarına cavab verə biləcək tərzdə onları dəf edə bilən bir ziya və məfkurə daşıyıcısı hökmən yetişir, onun sayəsində bütün neqativ yönümlü ideyaların qarşısına sipər çəkilir. Ulu öndər Heydər Əliyev belə ziya və məfkurə daşıyıcısı idi. O, bizi müasir şəraitdə aqressiv təsirlərdən tarixin uçuq dalanlarında ilişib qalmaq, mənəviyyatı korşalmış topluya çevrilmək təhlükəsindən birdəfəlik xilas edərək, sabahın aydın şəfəqlərinə qovuşdurdu.
Bu fikirləri Azərbaycan Milli Elmlər Akademiyasının Neft və Qaz İnstitutunun şöbə müdiri texnika üzrə fəlsəfə doktoru Bünyad Kazımov deyib.
O bildirib ki, ümummilli lider Heydər Əliyev Azərbaycan xalqına daxili və xarici köləlik və əsarətlə barışmamaq, sivil dəyərlərə yiyələnməklə sabahın qurucularından olmaq kimi keyfiyyətləri aşıladı. O, öz amalı, əqidəsi, fəaliyyəti ilə hər kəsə nümunə oldu. Heydər Əliyev öz məfkurəsi, ziyası ilə düşmənlərə həmişəlik olaraq haqq qarşısından çəkilmək, ona maneçilik yaratmamaq kimi mövqe və davranış məziyyətlərini elmi-siyasi tezisləri ilə sərt və lakonik formalarda çatdırıb.
“Budur bugünkü Azərbaycan reallığı və onun gücü. Düşmən cəbhəsi pərən-pərən düşüb. Dost cəbhəsinin sıraları daha da sıxlaşır, artır. Artıq dünya cəmiyyətinin tarixi inkişafı dönməz bir dəyişikliklər mərhələsinə qədəm qoyub. Bu mərhələdə baş verən və ya baş verəcək hadisələr inkişafyönümlü meyilləri geri ata biləcək hökmə, qüvvəyə sahib deyil və olmayacaq. Ulu Öndərin bizə qoyduğu ideyalar və məfkurə bu mərhələdə bizə hər cür neqativ fəsadlara qarşı dayanıqlıq əldə etməyə, qorunmağa və öz haqq mübarizəmiz yolunda sərgilədiyimiz fəaliyyətlərdə daha da məqsədyönlü və yenilməz olmağa imkan verir. Budur Heydər Əliyev qüdrətinin bariz səciyyəsi. İllər, əsrlər gəlib keçəcək, bu səciyyə isə dəyişməz qalacaq, getdikcə yeni tarixi-ictimai çalarlarla daha da zənginləşəcək. Ulu Öndərin cəfakeş fəaliyyəti hesabına gələcəyimizə ərməğan olaraq yaratdığı tarixi-mənəvi miras xalqımız və dövlətimizin bu gününü və gələcəyini hifz edərək yaşadan və onu davamlı olaraq təşəkkül etdirən həyati qüvvə kimi özünü bütün səviyyələrdə və səciyyələrdə büruzə verəcək”, - deyə Bünyad Kazımov qeyd edib.

Tehsil-press.az


Oxşar xəbərlər