Polimer Materialları İnstitutunun alimlərinin məqaləsi Q1 kvartilli jurnalda dərc olunub

Polimer Materialları İnstitutunun alimlərinin məqaləsi Q1 kvartilli jurnalda dərc olunub Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor Bəxtiyar Məmmədov və Makromonomer əsaslı polimer materialları laboratoriyasının aparıcı elmi işçisi kimya üzrə fəlsəfə doktoru Aygün Əlixanovanın həmmüəllifi olduqları məqalə Molecules jurnalında (2026, Volume 31, Issue 1, pp. 190-205, https://doi.org/10.3390/molecules31010190) dərc olunub.

“Obtaining and Studying the Properties of Composite Materials from ortho-, meta-, para-Carboxyphenylmaleimide and ABS” (orto-, meta-, para-karboksifenilmaleimid və ABS-dən kompozit materialların alınması və xassələrinin öyrənilməsi) adlı məqalədə karboksifenilmaleimid izomerlərinin müxtəlif tərkibləri və akrilonitril-butadien-stirola əsaslanan yeni antibakterial kompozit materialların termal qarışdırma yolu ilə alınması və tədqiqinin nəticələri təqdim olunub. Alınan materialların quruluş və termal xüsusiyyətləri İQ və UB spektroskopiya, termoqravimetrik və diferensial termal analizlərdən istifadə edilərək araşdırılıb. Yüksək antibakterial aktivliyə malik karboksifenilmaleimidlər sinfinə daxil olan monomerlər əsasında kompozit materialların alınmasının perspektiv imkanları göstərilib.

Qeyd edək ki, Scopus, Web of Science Science Citation Index Expanded, MEDLINE, PMC, Reaxys, CaPlus / SciFinder, MarinLit, AGRIS and PubMed Central indeksli bazalara daxil olan jurnal 4.6 impakt faktora malikdir və Q1 kateqoriyasındadır.

Tehsil-press.az

Oxşar xəbərlər