Biofizika İnstitutunda TÜBİTAK layihəsi çərçivəsində aparılmış tədqiqat işləri müzakirə olunub

Biofizika İnstitutunda TÜBİTAK layihəsi çərçivəsində aparılmış tədqiqat işləri müzakirə olunub AMEA-nın Biofizika İnstitutunun baş direktoru Oktay Qasımov Türkiyənin İstanbul Universitetinin Fizika departamentinin əməkdaşları professor Aysən Özəl və dosent Səfa Çəlik ilə görüşüb.
Görüşün məqsədi AMEA və Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) arasında imzalanmış əməkdaşlıq sazişi üzrə müştərək proqram çərçivəsində yerinə yetirilən “Konformasiya dəyişkənliyinin və D-amin turşusu əvəzlənməsinin düyü kəpək pentapeptidinin antixərçəng aktivliyinə təsirinin qiymətləndirilməsi: antixərçəng dərman tapılması üçün göstərişlər” ikitərəfli layihə üzrə görülən işlərin müzakirəsi və əməkdaşlıq perspektivlərinin müəyyən edilməsi olub.
Görüş zamanı layihə çərçivəsində türkiyəli alimlərlə birgə görülən işlərin icra vəziyyəti geniş müzakirə edilib və əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, əlaqələrin uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.
Daha sonra qonaqlar institutun laboratoriyalarını gəzib, burada prioritet istiqamətlərdə aparılan elmi tədqiqat işləri, əldə olunan nailiyyətlər barədə məlumatlandırılıblar.
Qeyd edək ki, müştərək proqram çərçivəsində aparılan birgə tədqiqatlar nəticəsində düyü kəpəyi zülalının hidrolizi əsasında əldə edilən kationik EQRPR peptidin xərçəng xəstəliyinə və COVID-19 infeksiyasına qarşı mübarizədə tətbiq oluna bilməsi, eləcə də onların təsir mexanizmləri tədqiq edilib, layihə üzrə alınan mühüm nəticələr isə yüksək impakt faktorlu “Molecular Graphics and Modelling” beynəlxalq jurnalında çap olunan məqalədə öz əksini tapıb.

Tehsil-press.az


Oxşar xəbərlər