İslandiyadakı soydaşlarımız Edilli cinayətinə etiraz edib

İslandiyadakı soydaşlarımız Edilli cinayətinə etiraz edib İslandiyada yaşayan Azərbaycan icması Xocavənd rayonunun Edilli kəndində aşkar olunmuş kütləvi məzarlıqlarla bağlı beynəlxalq ictimaiyyətə müraciət edib.
"Azəri" İslandiya-Azərbaycan Cəmiyyətinin sədri Zakir Con Həsənovun adından müxtəlif dövlətlərin başçılarına ünvanlanan müraciətdə Edilli faciəsi Ermənistanın növbəti hərbi cinayətinin sübutu kimi dəyərləndirilib.
Edillidə aşkar edilmiş qalıqların Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş azərbaycanlılara məxsus olduğu, Ermənistan tərəfinin indiyədək 4000-dək azərbaycanlının taleyi və kütləvi dəfn yerləri barədə məlumatları təqdim etməkdən boyun qaçırdığı, xalqımıza qarşı törətdiyi müharibə cinayətlərini dünya ictimaiyyətindən gizlətməyə çalışdığı diqqətə çatdırılıb.
Cinayətin İslandiyada yaşayan soydaşlarımızda dəhşət və dərin hiddət doğurduğu vurğulanıb. Ermənistan silahlı qüvvələrinin 30 illik işğal dönəmində ölkəmizə və xalqımıza qarşı törətdiyi müharibə cinayətlərinə bir daha diqqət cəlb edilib.
Cəmiyyət sədri dünya birliyini Ermənistanın hərbi cinayətlərinə birdəfəlik son qoyulması, müxtəlif vaxtlarda etnik zəmində törədilmiş sülh və insanlıq əleyhinə cinayətlərə görə cavabdeh şəxslərin məsuliyyətə cəlb olunması ilə bağlı hüquq müstəvisində təcili tədbirlər görməyə çağırıb.

Tehsil-press.az



Oxşar xəbərlər