
Universitetin professoru Pravin Kumar və onun həmkarlarının yaratdığı metod suyun təmizlənməsi və içməli hala salınması ilə bağlı bütün enerji sərfini təbiətin öhdəsinə qoyur. Onlar Günəş şüalarının suyu qızdırması nəticəsində okeanın böyük miqdarda buxar yaratmasına diqqət yetirdikdən sonra bu texnologiyanı işləyib-hazırlamaq qərarına gəliblər. Bu proses Yer planetinin xüsusən tropik və ekvatorial regionlarında intensiv baş verir. Alimlər şirin su çatışmazlığı olan 14 müxtəlif regionda buxarın toplanmasının nə dərəcədə səmərəli və iqtisadi baxımdan məqsədyönlü olduğunu hesablayıblar.
Bu hesablamaları aparmaq üçün professor Kumar və həmkarları sənaye şəraitində hündürlüyü təxminən 100 metr və eni 210 metr ola biləcək şirinləşdirici qurğunun prototipini hazırladılar. Bu texnologiya sahildən müəyyən məsafədə quraşdırılır və sahildə su toplayan stansiyaya xüsusi buxar boru kəmərinin köməyilə birləşdirilir. Bu qurğu tropiklərdə və ekvatorun yaxınlığında yerləşən böyük şəhərlərin bütün ehtiyaclarını ödəmək üçün kifayət qədər böyük miqdarda təmiz şirin su əldə edəcək.
Tədqiqatçıların fikrincə, texnologiyanın quraşdırılması xərcləri mövcud su şirinləşdirici sistemlərdən xeyli aşağı olacaq, həmçinin buxarın belə toplanması dəniz suyundan duzu ayırd edən müəssisələr kimi zəhərli əlavə məhsul yaratmayacaq. Texnologiyanın başqa bir üstünlüyü də ondadır ki, onun işinin səmərəsi nəinki azalmayacaq, əksinə, qlobal istiləşmə artdığı halda, daha da çoxalacaq.
Tehsil-press.az