Özbəkistanlı müəllim və tələbələr ADPU-nun Quba filialında olublar

Özbəkistanlı müəllim və tələbələr ADPU-nun Quba filialında olublar Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynovanın rəhbərliyi ilə Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin professor-müəllim və tələbə heyəti ADPU-nun Quba filialının müəllim və tələbələri ilə görüş keçirib.
Tədbir Azərbaycan və Özbəkistanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Quba filialının Ədəbiyyat və dillər kafedrasının müəllimi Aytən Qurbanovanın moderatorluğu ilə davam edən tədbirdə Səma Asəfova Mahirə Nağıqızının “Salam olsun” şeirini səsləndirib.
Açılış nitqi ilə çıxış edən ADPU-nun Quba filialının direktoru fizika elmləri doktoru Yusif Alıyev görüşün əhəmiyyətini diqqətə çatdırıb. O, Azərbaycan və Özbəkistan respublikaları arasındakı ikitərəfli münasibətlərdən danışıb.
Professor Mahirə Hüseynova son illər istər siyasi, istər iqtisadi, istərsə də təhsil sahəsində əldə edilən uğurlardan bəhs edərək, bu işdə hər iki ölkə prezidentinin rolunu xüsusi vurğulayıb.
Daha sonra Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin Özbək dilinin tədrisi fakültəsinin dekanı professor Saodat Muhamedova Azərbaycan-Özbəkistan qardaşlığının tarixinin dərin köklərə dayandığını qeyd edib. Prorektor Azərbaycan-Özbəkistan əlaqələrinin inkişafına böyük töhfə vermiş Nizami və Nəvai kimi dahilərin rolunu qeyd edib.
Azərbaycan Yazıçılar Birliyi Quba bölməsinin sədri şair Ramiz Qusarçaylı çıxış edərək tədbirin multikultural dəyərlərə sahib Qubada keçirilməsinin önəmini qeyd edib.
Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetinin müəllimi Zilala Xusayinova, ADPU-nun Quba filialının Ədəbiyyat və dillər kafedrasının baş müəllimi Eyvaz Şeydayev, filialın Sosial və humanitar məsələlər üzrə direktor müavini Aysel Şeydayeva qeyd ediblər ki, bu gün Azərbaycan-Özbəkistan münasibətləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Azərbaycan bütün türk dövlətləri, o cümlədən Özbəkistanla ən yüksək səviyyədə diplomatik əlaqələrin qurulmasında və inkişaf etdirilməsində bölgənin lider dövləti kimi mühüm təşəbbüslər göstərir, türk birliyinin inkişafına böyük töhfələr verir. Həmçinin elm, təhsil və mədəni əlaqələrin möhkəmlənməsi baxımından bu cür səfərlərin çox önəmli olduğu diqqətə çatdırılıb.
Tədbirin bədii hissəsində filialın tələbələrindən Cəvahir Qocayeva və Zemfira Davrişova Mahirə Nağıqızının “Vətən” və "Sənsən" şeirlərini səsləndirib, Nicat Piriyev tarda “Qarabağ şikəstəsi”ni, Arzu Babayeva “Sarı gəlin” mahnısını, Tutu Bağırova və Pünhan Şamiloğlu isə özbək rəqsləri ifa ediblər.

Tehsil-press.az


Oxşar xəbərlər