“22-ci Çin dili körpüsü” müsabiqəsinin Azərbaycan üzrə final mərhələsi keçirilib

“22-ci Çin dili körpüsü” müsabiqəsinin Azərbaycan üzrə final mərhələsi keçirilib Bakı Dövlət Universiteti nəzdində Konfutsi İnstitutunun əcnəbi tələbələr arasında təşkil etdiyi “22-ci Çin dili körpüsü” müsabiqəsinin Xəzər Universitetində Azərbaycan üzrə final mərhələsi keçirilib.
Açılış mərasimində çıxış edən Çinin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Dinq Tao müsabiqədə iştirak edən müəllim və tələbələrə təşəkkür edib, uğurlar arzulayıb. Bildirib ki, Çin və Azərbaycan daha geniş sahədə əməkdaşlığın gücləndirilməsi üçün yeni perspektivlərə malikdir. Çin dili min illərlə Çin sivilizasiyasının kulminasiya nöqtəsidir, dünyanın ən qədim və gözəl dillərindən biridir. Son illər Çin və Azərbaycanın birgə səyləri sayəsində fəaliyyətə başlayan iki Konfutsi İnstitutu Azərbaycan xalqının Çin dilini öyrənmək və Çini tanımaq üçün mühüm platformaya çevrilərək iki ölkə arasında qarşılıqlı anlaşma və dostluğun möhkəmlənməsinə töhfə verib.
Sonra çıxış edən Konfutsi İnstitutunun Azərbaycan tərəfdən direktoru professor Oqtay Cəlilbəyli Azərbaycanda keçirilən “Çin dili körpüsü” müsabiqəsinin daha da genişlənərək Çin dili tədrisinin inkişafına yol açacağını bildirib. Qeyd edib ki, bu müsabiqə sayəsində daha çox azərbaycanlı gənc səylə çalışaraq Çin dilini öyrənəcək, onun tarixi və mədəniyyəti ilə bağlı biliklərini dərinləşdirəcək, Çin-Azərbaycan dostluğunun davamçıları olaraq bəşəriyyət üçün ortaq gələcəyi olan bir cəmiyyətə öz töhfələrini verəcəklər.
Daha sonra müsabiqə 3 mərhələdə davam edib. Tələbələrin Çin dili biliyi çinli və azərbaycanlı münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Sonda qaliblər mükafatlandırılıb. Birinci yerin qalibi Nuriyyə Cəfərova olub.

Tehsil-press.az



Oxşar xəbərlər