Ədəbiyyat İnstitutu ilə Türkiyənin Fırat Universiteti arasında anlaşma memorandumu imzalanıb

Ədəbiyyat İnstitutu ilə Türkiyənin Fırat Universiteti arasında anlaşma memorandumu imzalanıb AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə Türkiyənin Fırat Universiteti arasında faydalı əməkdaşlıq çərçivəsində elmi əlaqələrin inkişaf etdirilməsi məqsədilə birgə fəaliyyətin təşkili istiqamətində iki elm və təhsil müəssisəsinin bərabərhüquqlu səylərini hüquqi müstəvidə birləşdirən anlaşma memorandumu imzalanıb.
Əməkdaşlıq sənədini AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru akademik İsa Həbibbəyli təsdiqləyib. Fırat Universitetinin rəsmi dəvəti ilə Elazığ şəhərində səfərdə olan professor Asif Rüstəmli institut tərəfindən təsdiqlənmiş anlaşma memorandumunu imza üçün Fırat Universitetinin rektoru professor Fahrettin Göktaşa təqdim edib. Anlaşma memorandumunun imzalanma mərasimi Fırat Universitetində təşkil edilib.
Memorandum ilkin olaraq beş il müddətinə qüvvədə qalmaqla Azərbaycan-Türkiyə ədəbi əlaqələrinin birgə tədqiq edilməsi, mədəniyyətlərarası dialoqun təşkili, türk xalqlarının folklorunun müştərək araşdırılması, beynəlxalq layihə və proqramların həyata keçirilməsində tərəflərin nümayəndələrinin birgə iştirakının təmin edilməsi, razılaşdırılmış fəaliyyət çərçivəsində alim və mütəxəssislərin mübadiləsi, onların peşəkar bacarıqlarının təkmilləşdirilməsinin təmin edilməsi, elmi-tədqiqat institutları, kitabxana və arxivlərdə tədqiqat işlərinin həyata keçirilməsinə şərait yaradılması, seminar, simpozium, elmi konfrans, toplantı və sərgilərin keçirilməsi kimi fəaliyyət istiqamətlərini özündə əks etdirir.

Tehsil-press.az



Oxşar xəbərlər