Türkiyə Cümhuriyyətinin və Ulu Öndər Heydər Əliyevin 100 illiyi – Ankarada başlayan konfrans Bakıda yekunlaşdı

Türkiyə Cümhuriyyətinin və Ulu Öndər Heydər Əliyevin 100 illiyi – Ankarada başlayan konfrans Bakıda yekunlaşdı Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) və Bilkent Universitetinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının və Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illiyinə həsr edilmiş konfrans keçirilib.
Konfransdan öncə iştirakçılar Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edərək önünə gül dəstələri düzüblər.
Konfransda AzMİU-nun rəhbərliyi, professor-müəllim və tələbə heyəti, türkiyəli iş adamları və Türkiyənin ölkəmizdəki səfirliyindən qonaqlar, elm adamları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib. Sonra Ümummilli Lider Heydər Əliyev və Türkiyə Cümhuriyyətinin qurucu lideri Mustafa Kamal Atatürk haqqında videoçarx izlənilib.
AzMİU-nun prorektoru professor Akif Qasımov çıxış edərək konfransı Azərbaycan-Türkiyə qardaşlığının təzahürü adlandırıb. 44 günlük Vətən müharibəsində ölkəmizin Qələbəsinə, müharibə zamanı Türkiyənin ölkəmizə mənəvi və siyasi dəstəyinə diqqət çəkən prorektor bildirib: “Azərbaycan və Türkiyə dünyada bənzəri olmayan qardaşlıq əlaqələri ilə bir-birinə bağlıdır. Ölkələrimiz arasındakı münasibətlərdə “Bir millət, iki dövlət” prinsipini əsas tutan Ulu Öndərin və “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” prinsipini əsas götürən Atatürkün siyasi xəttinin nəticəsi olaraq qardaş, dost və strateji tərəfdaşlara çevrilmişik. Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın qardaşlıq prinsipinə əsaslanan münasibətləri sayəsində bu gün əlaqələrimiz ən yüksək zirvəyə çatıb. Hesab edirəm ki, 2023-cü il təkcə Azərbaycan və Türkiyə üçün deyil, bütün Türk dünyası üçün əlamətdar tarixdir”.
Bilkent Universitetinin prorektoru professor Ezhan Karaşan çıxışında bildirib ki, Türk dünyası Ulu Öndəri və Atatürkü hər zaman ehtiramla yad edəcək. Prorektor Ulu Öndərin Bilkent və Hacettepe universitetlərinin qurucusu, dünyada məşhur alim, Azərbaycanın böyük dostu professor İhsan Doğramacı ilə şəxsi əlaqələrinə diqqət çəkib, İhsan Doğramacının Ulu Öndər haqqında xatirələrindən danışıb.
Milli Məclisin deputatı Ramil Həsən qeyd edib ki, Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrinin formalaşması Ulu Öndərin və Atatürkün uzaqgörən siyasətinin nəticəsidir. O, ölkələrimiz arasındakı münasibətlərin dünyaya örnək olduğunu vurğulayıb: “Liderlərin oynadıqları rol, dövlətini idarə edən, millətinə, ölkəsinə rəhbərlik edən şəxs olaraq bilavasitə şəxsi dostluq və qardaşlıq münasibətləri fonunda dövlətlərarası münasibətlərin də yaxşılaşdırılması Azərbaycan-Türkiyə münasibətlərində mükəmməl bir örnəkdir. Eyni kökə, tarixi əlaqələrə, qədim mədəniyyətə sahib olan iki qardaş dövlətin, bir millətin övladları olaraq Azərbaycan Prezidenti İlham Əliyevə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana minnətdar olmalıyıq”.
Çıxışlardan sonra Bilkent Universitetinin kafedra müdiri dosent Tolga Bölükbaşın “Müstəqillikdən islahatlara: Türkiyə Cümhuriyyətinin yüzüncü ildönümündə Atatürk” və AzMİU-nun prorektoru Orxan Naqdiyevin “Heydər Əliyev: Zamanın fövqündə dayanan şəxsiyyət” mövzularında məruzələri dinlənilib.
Sonra AzMİU tələbələrinin ifasında vətənpərvərlik mahnıları və şeirləri səsləndirilib.
Konfrans çərçivəsində Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə Türkiyə Cümhuriyyətinin 100 illik inkişaf tarixini əks etdirən fotostendlərdən ibarət sərgi də açılıb.
Qeyd edək ki, konfrans iki hissədən ibarət olub və birinci hissə bu ilin aprel ayında Türkiyənin paytaxtı Ankarada yerləşən Bilkent Universitetində keçirilib.

Tehsil-press.az



Oxşar xəbərlər