BDU-nun nümayəndə heyəti Çin Renmin Universitetində olub

BDU-nun nümayəndə heyəti Çin Renmin Universitetində olub Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Çinə işgüzar səfəri çərçivəsində Renmin Universitetində görüş keçirilib.
Görüşdə BDU-nun rektoru Elçin Babayev Azərbaycan-Çin əlaqələrinin gündən-günə inkişaf etdiyini bildirərək, BDU-nun Çin ali təhsil müəssisələri ilə elm və təhsil sahəsində sıx əməkdaşlıq etdiyini qeyd edib. Rektor Pekin şəhərində yerləşən nüfuzlu ali təhsil ocağı olan Çin Renmin Universiteti ilə əməkdaşlığın hər iki ali təhsil müəssisəsi üçün səmərəli olacağına əminliyini bildirib, gələcəkdə birgə layihələrin həyata keçirilməsi, akademik və elmi əməkdaşlıq perspektivlərindən bəhs edib. Rektor sözügedən universitetin rəhbərliyini BDU-ya səfərə dəvət edərək, iqtisadiyyat və biznesin idarə edilməsi kimi istiqamətlərdə magistratura pilləsində ikili diplom proqramının yaradılmasında, birgə kafedra və ya elmi-tədqiqat laboratoriyasının təşkil edilməsində maraqlı olduğunu vurğulayıb.
Çin Renmin Universitetinin vitse-prezidenti Zenq Sinye BDU ilə əməkdaşlığın gələcəkdə daha yüksək formada inkişaf etdiriləcəyinə əminliyini bildirib və ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün səy göstərəcəklərini, tələbələrin, akademik və inzibati heyətin mübadiləsində (şərqşünaslıq, xüsusən də Çin dili və ədəbiyyatı üzrə) və yay məktəblərinin təşkilində maraqlı olduqlarını vurğulayıb.
Görüşdə universitetin Beynəlxalq əlaqələr ofisinin rəhbəri Zanq Siomenq, Çin klassikləri fakültəsinin dekan müavini Vu Yang, Tarix fakültəsinin dekan müavini Zuo Şitinq, mətbuat xidmətinin rəhbərinin müavini Vanq Ley, İnkişaf və strategiya üzrə Milli Akademiyanın Beynəlxalq əməkdaşlıq ofisinin rəhbəri Yanq Fansin, Nəşriyyat Mərkəzinin direktoru Liu Yehua iştirak ediblər.
Qeyd edək ki, 2015-ci ilin dekabrında Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Çin Renmin Universitetinin “Tarix üzrə fəxri professor” diplomu verilib. Əsası 1937-ci ildə qoyulan Çin Renmin Universiteti hazırda 61 ölkədən 310 universitet ilə əməkdaşlıq edir. 28000-dən çox tələbənin təhsil aldığı Çin Renmin Universitetində 1970 akademik heyət çalışır. Universitetin 86 bakalavr, 165 magistr, 141 doktorluq proqramı var.

Tehsil-press.az



Oxşar xəbərlər