BDU-da Azərbaycan Gəncləri Günü qeyd olunub

BDU-da Azərbaycan Gəncləri Günü qeyd olunub Bakı Dövlət Universitetində (BDU) 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə Dövlət Himni səsləndirilib, respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev gənclərin cəmiyyətin inkişafında fəal rolundan danışıb. Vurğulayıb ki, Azərbaycan gəncliyi xalqımızın Zəfər tarixini öz qanı, canı ilə yazan gənclikdir. 27 il öncə Ulu Öndərin imzaladığı Fərmanla fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda Gənclər Günü kimi təntənəli şəkildə qeyd edilir. Bütün dünyaya nümunə olan bu addımdan xeyli sonra BMT Baş Məclisinin 1999-cu il 17 dekabr tarixli qətnaməsi ilə avqustun 12-si Beynəlxalq Gənclər Günü elan olunub. Məhz Ümummilli Liderin müdrikliyi və uzaqgörənliyi sayəsində dövlətimizin gənclər siyasətinin zəruri qanunvericilik bazası yaradılıb, gənclərin sosial, iqtisadi, təhsil və digər problemlərinin həllinə yönəlmiş fərman və sərəncamlar, qanunlar qəbul edilib. Bütün bunlar gənc nəslin cəmiyyətdə mütəşəkkil qüvvəyə çevrilməsində, ictimai fəallığının yüksəldilməsində, dövlət idarəçiliyinə cəlb edilməsində və məşğulluğunun təmin olunmasında mühüm rol oynayıb.
Əliş Ağamirzəyev qeyd edib ki, ölkədə gənclər siyasətinin bir mərkəzdən idarə olunması üçün 1994-cü ildə Gənclər və İdman Nazirliyi yaradılıb. 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumlarının keçirilməsi, 1999-cu ildə dövlət gənclər siyasəti haqqında Fərmanın imzalanması Ulu Öndər Heydər Əliyevin gənclərə böyük qayğısının təzahürü idi. 2002-ci ildə qəbul edilmiş “Gənclər siyasəti haqqında” Qanun da bu istiqamətdə görülən ən mühüm işlərdən biridir: “Ölkəmizdə gənclər siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Yetişməkdə olan nəslin təhsili və mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, dövlətə və xalqa sadiqlik ruhunda formalaşması, sosial müdafiəsi istiqamətində atılan addımlar buna bariz nümunədir. Azərbaycan gəncliyi ilə bağlı müxtəlif dövlət proqramları qəbul edilib, 2007-ci il “Gənclər ili” elan olunub, 2011-ci ildə Gənclər Fondu yaradılıb. 2013-cü ildə ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı” təsis olunub, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” və s. mühüm sənədlər təsdiqlənib. Müstəqil Azərbaycanın gənc nəsli Vətənə və xalqa sevgisi, dövlətə sadiqliyi, milli adət-ənənələrə, dəyərlərə bağlılığı ilə seçilir. 44 günlük Vətən müharibəsi Azərbaycan gəncləri üçün həlledici sınaqlardan biri oldu. Xalqımızı 30 illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşduranlar məhz Müzəffər Ali Baş Komandanın müdrik və qətiyyətli rəhbərliyi altında döyüşən gənclərimiz oldu. Bu gün gənclərimiz suverenliyi tam bərpa edilmiş ərazilərimizdə bərpa və quruculuq işlərində yaxından iştirak edirlər”.
Prorektor vurğulayıb ki, 105 yaşlı BDU bu gün dövlətimizin uğurla həyata keçirdiyi gənclər siyasətinin gerçəkləşməsi, könüllülük fəaliyyətinin genişlənməsində yaxından iştirak edir. 2020-ci ildə ölkənin ali təhsil müəssisələri arasında ilk dəfə olaraq BDU-da Humanitar məsələlər və gənclər siyasəti şöbəsi yaradılıb. Hazırda BDU-da 5 gənclər təşkilatı fəaliyyət göstərir. BDU tələbələrinin elmi potensiallarının üzə çıxarılması istiqamətində yüksək nailiyyətlər əldə edən Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi, gənclər siyasətinin və könüllülük fəaliyyətinin təşviqini həyata keçirən “BDU könüllüləri”, Tələbə Gənclər Təşkilatı, Tələbə Həmkarlar İttifaqı Komitəsi, Tələbə Elmi Cəmiyyəti ölkəmizdə gənclər siyasətinə öz layiqli töhfələrini verir.
BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimi Ləman Salmanova, Filologiya fakültəsinin II kurs tələbəsi, “Heydər Əliyev adına təqaüd”çü Mehrəngiz Qurbanova çıxışlarında Azərbaycan gənclərinin müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında dövlətin apardığı gənclər siyasətinin rolundan bəhs ediblər.
Tədbirdə BDU-nun 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş “İlin gənc alimi” müsabiqəsinin qalibləri elan olunub. Həmçinin Türkmənistan Respublikasının Məhtimqulu adına Türkmən Dövlət Universitetinin keçirdiyi ali məktəb tələbələri arasında II Beynəlxalq Kimya Olimpiadasında fərqlənən 6 nəfər BDU tələbəsi təltif edilib.
Daha sonra tədris göstəricilərinə görə fərqlənən və BDU-nun ictimai həyatında fəal iştirak edən 34 tələbəyə, BDU-nun gənclər təşkilatlarının 20 üzvünə təşəkkürnamələr təqdim olunub.
Tədbir BDU-nun Mədəniyyət-yaradıcılıq Mərkəzinin hazırladığı konsert proqramı ilə davam edib.
Mərasimin sonunda BDU-nun Vətən müharibəsində şəhid olmuş tələbə və məzunlarının xatirəsinə həsr olunmuş lövhənin qarşısına əklil qoyulub. Məlumat lövhəsi BDU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü ilə yaradılıb.

Tehsil-press.az


Oxşar xəbərlər