Tədbirdə BDU-nun rektoru Elçin Babayev və Çinin Azərbaycandakı səfiri Lu Mey açılış nitqi ilə çıxış ediblər.
Rektor Elçin Babayev iki ölkə arasında münasibətlərin son illər yüksələn xətlə inkişaf etdiyini bildirib. Xüsusilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çinə dövlət səfəri, iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulmasından sonra bu münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Rektor iki ölkə arasında dostluq münasibətlərinin möhkəmlənməsində mədəni-humanitar, təhsil sahəsində həyata keçirilən layihələrin xüsusi rolu olduğunu vurğulayıb.
Çinin Azərbaycandakı səfiri Lu Mey isə Çin-Azərbaycan dostluğunun dərin və qədim tarixi köklərə malik olduğunu deyib. O bildirib ki, “Çin dili körpüsü” layihəsi artıq 10 ildir Azərbaycanda uğurla həyata keçirilir. Bu müddət ərzində onun təsir dairəsi, auditoriyası daha da genişlənib. Bu layihə artıq Çinlə Azərbaycan arasında humanitar əməkdaşlığın tanınmış brendinə çevrilib. Səfir diqqətə çatdırıb ki, BDU-nun Konfutsi İnstitutu yüksək səviyyəli Çin dili mütəxəssisləri yetişdirib, Çin-Azərbaycan xalqları arasında dostluq münasibətlərinə mühüm töhfə verib.
Müsabiqədə ölkənin müxtəlif təhsil ocaqlarından Çin dilini öyrənən tələbələr iştirak ediblər. Onlardan 10 nəfəri müsabiqənin finalına vəsiqə qazanıb. İştirakçılar dil bilikləri ilə yanaşı, rəqs, rəsm, musiqi və aktyorluq kimi istedadlarını da sərgiləyiblər.
BDU-nun Şərqşünaslıq fakültəsinin tələbələri Ömər Məmmədov müsabiqədə I, Sevda Məcidli II, Darya Yefimova, Səma Xudiyeva, Azərbaycan Dillər Universitetinin tələbəsi Fatimə Əliyeva III yeri tutub. Müsabiqədə I yeri qazanan iştirakçı Azərbaycanı müsabiqənin Çində keçiriləcək final mərhələsində təmsil edəcək.
Tehsil-press.az