Nazirin bu ifadəsinə ekspertdən SƏRT REAKSİYA

Nazirin bu ifadəsinə ekspertdən SƏRT REAKSİYA “Azərbaycanda fəaliyyət göstərən 140-a yaxın elmi təşkilatın əksəriyyətində heç bir elmi məhsul istehsal olunmur”.

Elm və təhsil naziri Emin Əmrullayevin Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) keçirilən “Elm Festivalı”nda çıxışı zamanı dediyi bu fikirlər cəmiyyətdə müzakirələrə səbəb olub.

Musavat.com xəbər verir ki, təhsil eksperti Kamran Əsədov məsələyə bu cür şərh bildirib:

“Bu cür fikir səsləndirilir, amma bu iddialar nə elmi təhlilə, nə də real faktlara əsaslanır.

Elmi məhsul təkcə patent və texnologiya deyil. Elmi məqalələr, monoqrafiyalar, yeni metodologiyalar, beynəlxalq konfrans çıxışları, tətbiqi layihələr və hətta analitik modellər də elmi məhsul sayılır.

Azərbaycanda isə bu sahədə az da olsa sistemli fəaliyyət var:

— AMEA 2023-cü ildə 1000-dən çox elmi məqalə dərc edib, 2022-ci ildə 22 patent alıb.

— BDU əməkdaşları 2023-cü ildə nüfuzlu jurnallarda 300-dən çox məqalə çap etdirib.

— ADA Universiteti 2024-cü ildə QS Sustainability Rankings siyahısına daxil olub – bu, sırf elmi fəaliyyət və tədqiqat əsasında baş verir.

— ADNSU texniki və tətbiqi sahələrdə real elmi nəticələr əldə edib.

— Aşqarlar Kimyası İnstitutu 2022-ci ildə 47 elmi məqalə ilə çıxış edib, 16-sı Web of Science bazasındadır.

— Son 3 ildə Scopus bazasında 3600-dən çox Azərbaycan mənşəli elmi məqalə qeydə alınıb.

Bəli, çatışmazlıqlar var – koordinasiya, maliyyələşmə, kommersiyalaşdırma zəifdir. Amma bu, “heç bir elmi məhsul yoxdur” deməyə əsas vermir. Elm haqqında danışanda emosiyalarla yox, faktlarla danışmalıyıq. Elmi yanaşma bunu tələb edir”.

Tehsil-press.az

Oxşar xəbərlər