“Beş il əvvəl çox getdik, az qayıtdıq” - Şuşa qazisi ilə MÜSAHİBƏ

“Beş il əvvəl çox getdik, az qayıtdıq” - Şuşa qazisi ilə MÜSAHİBƏ Bu gün - 27 Sentyabr, Azərbaycan tarixində dərin iz buraxmış, qürur və kədəri bir arada yaşadan gündür. Beş il əvvəl, 2020-ci ilin məhz bu günündə başlayan 44 günlük Vətən müharibəsi, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan haqq savaşımızın şanlı səhifəsidir.

Anım Günü münasibətilə Vətən müharibəsində könüllü şəkildə döyüşlərə qatılan, Şuşa döyüşlərində ağır yaralanan qəhrəman qazimiz, gizir Ramin Şirinovla söhbət etdik.

Tankçı kimi ön cəbhədə döyüşlərdə iştirak edən Ramin Şirinov Füzuli, Qubadlı və Şuşanın azad olunmasına görə medalları, eləcə də "Vətən müharibəsi iştirakçısı", "Cəsur döyüşçü" və "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalları ilə təltif olunub.

9 noyabr 2020-ci ildə, Şuşa uğrunda gedən döyüşlərin ən qaynar məqamında ağır yaralanan Ramin bədənində daşıdığı yaralara baxmayaraq, ruhdan düşməyib. O, bu gün də müharibədəki yolunu, silahdaşlarını və şəhid dostlarını böyük qürurla xatırlayır:

-27 Sentyabr sizin üçün nə ifadə edir?

- 27 Sentyabr dedikdə hər bir Azərbaycan vətəndaşı üçün, eləcə də mənim üçün həm sevindirici, həm də kədərləndirici bir gündür.
Kədərləndirici tərəfi odur ki, Azərbaycan xalqı üçün bir daha müharibə günləri başladı. Bilirik ki, müharibə varsa, şəhidlərimiz də olacaq.
Sevindirici tərəfi isə odur ki, Azərbaycanın 30 ildir gözlədiyi qisas əmri verildi.

-Müharibənin başlanğıc günlərini necə xatırlayırsınız?

- Beş il öncə çox getdik, az qayıtdıq. Beş il əvvəl qardaşlarımız evlərindən son dəfə çıxdı. Onların geri dönməyəcəyini yalnız Allah bilirdi. Azərbaycanda elə bir vəhdət, birlik yaranmışdı ki, sözlə ifadə etmək çətindir. Prezidentimizin "dəmir yumruğu" altında birləşib, ən kiçiyimizdən ən böyüyümüzə qədər səfərbər olmuşduq.

-Sizcə şəhid ailələrinə münasibət necə olmalıdır?

- Öncəliklə, biz şəhidlərimizi heç vaxt unutmamalıyıq. Şəhid ailələrinə bu gün dövlət tərəfindən lazım olan maddi vəsait ödənilir. Lakin onlara maddi deyil, mənəvi dəstək lazımdır. Yanlarında olmaq, onları dinləmək, dəstək vermək lazımdır. Şəhidlər o zaman unudulur ki, onlar yad edilmir. Şəhidləri hər zaman yad etmək, hər bir azərbaycanlının vicdan borcudur. Onlar yad edildikcə ruhları şad olur, ailələri bir az da olsa təskinlik tapır.

-Özünüzdə bir qazi olaraq, qazilər haqqında nə deyə bilərsiniz?

- Qazilərimiz isə cəmiyyətdə gəzən canlı şəhidlərdir. O şəhidlər ki, şəhidlərin şahidləridirlər. Müharibədən heç kim tam sağ qayıtmır. Cismən ölən var, ruhən ölən var. Geri dönənlər hər gün bir daha ölür. Onların gördüyü, qarşılaşdıqları o ağır mənzərələr heç vaxt yaddaşdan silinmir.

-Anım Günündə şəhidlərimizi necə yad edirsiniz?

- Mən Goranboy rayonunun Xanqərvənd kəndində böyümüşəm. Uşaqlığımdan müharibənin içində böyümüşəm. Böyüklərim müharibədə iştirak edib, şəhidlərimiz olub. Həm qisas hissi ilə, həm də böyüklərimdən ibrət götürərək böyümüşəm.
Mənim üçün təkcə Anım Günündə deyil, hər zaman, hər gün, hər saat şəhidlərimizi ziyarət etmək və anmaq borcdur. Sevincimizi onlara borcluyuq. Allah bütün şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı versin.

Allahdan şəhidlərimizə rəhmət, qazi və veteranlarımıza cansağlığı diləyirik!

Nuriyyə NATİQQIZI


Tehsil-press.az

Oxşar xəbərlər