BDU rektoru Pekin Universitetində olub

BDU rektoru Pekin Universitetində olub Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Çin Xalq Respublikasının Pekin Universitetində olub.
Görüşdə universitetlər arasında əməkdaşlığın yaradılması barədə geniş fikir mübadiləsi aparılıb.
BDU rektorunun və nümayəndə heyətinin Pekin Universitetini ziyarət etməsindən məmnunluğunu bildirən beynəlxalq əlaqələr üzrə prorektor Fanq Fanq əsası 1898-ci ildə qoyulmuş universitet haqqında ətraflı məlumat verib. Bildirilib ki, Pekin Universitetində 6 fakültədə 48 mindən çox tələbə (o cümlədən 2500-ə yaxın xarici tələbə) təhsil alır. Bu prosesdə universitetdə fəaliyyət göstərən 55 məktəb və şöbədən, 60 tədqiqat yönümlü struktur bölməsindən və 10 ixtisaslaşdırılmış xəstəxanadan ibarət olan 12600-dən çox akademik və inzibati heyət iştirak edir.
Bakı Dövlət Universiteti ilə əməkdaşlıqda maraqlı olduqlarını vurğulayan prorektor F.Fanq Pekin Universitetində tətbiq olunan idarəetmə modeli, tədrisin və elmi fəaliyyətin təşkili mexanizmi haqqında danışıb. Pekin Universitetinin profili nəzərə alınmaqla bütün elm sahələrində, əsasən isə riyaziyyat, fizika, astrofizika, kimya, biologiya və digər fundamental elmlər üzrə BDU ilə əməkdaşlıq imkanlarının mövcudluğunu dilə gətirən F.Fanq gələcəkdə ikili diplom proqramının təsis edilməsi, tələbələrin və akademik heyətin mübadiləsinin mümkünlüyünə toxunub.
Görüşdə rektor Elçin Babayev BDU-nun son illər müasir dövrün tələblərinə uyğun inkişafı istiqamətində həyata keçirilən işlərdən danışıb, Çin universitetləri ilə əməkdaşlığa xüsusi önəm verildiyini diqqətə çatdırıb. BDU-da həyata keçirilən kadr hazırlığından, universitetin strateji hədəfləri və mövcud beynəlxalq əlaqələrindən bəhs edən Elçin Babayev xüsusilə də Pekin Universiteti ilə potensial əməkdaşlıq imkanlarını müsbət dəyərləndirib. Qeyd edilib ki, Pekin Universiteti ilə əməkdaşlıq BDU-da universitetin potensialının gücləndirilməsi məqsədilə həyata keçirilən layihələrə əhəmiyyətli töhfə verə bilər.
Müzakirələrdən sonra BDU ilə Pekin Universiteti arasında qarşılıqlı əməkdaşlıq və ikili diplom proqramı üzrə sənədlərin imzalanması üçün razılığa gəlinib. Yaxın gələcəkdə universitetlər arasında tələbə və müəllim mübadiləsi, birgə tədqiqatlar aparılması, tədbirlər keçirilməsi, qarşılıqlı mühazirə və təlimlərin təşkil edilməsi, beynəlxalq layihələrdə birgə iştirak və digər istiqamətlərdə əməkdaşlığın yaradılması nəzərdə tutulur.
Ziyarət çərçivəsində BDU-nun rektoru Elçin Babayev və nümayəndə heyəti Pekin Universitetinin mövcud infrastrukturu və geniş imkanlara malik kampusu ilə tanış olub.

Tehsil-press.az


Oxşar xəbərlər