DÖVLƏT İNFORMASİYA SİYASƏTİ NƏZƏRİ ARAŞDIRMADA

DÖVLƏT İNFORMASİYA SİYASƏTİ NƏZƏRİ ARAŞDIRMADA Azərbaycanın həm media, həm də elmi mühitində Xalid Niyazov öz sözü, özünün elmi konsepsiyası olan bir adam kimi artıq çoxdan fəaliyyət göstərməkdədir. Əlbəttə, Xalid Niyazov ədəbi aləmə ilk növbədə jurnalist kimi gəldi, respublikanın çeşidli mətbuat orqanlarında özünü təsdiq etdi və bu gün yazılarında qaldırdığı problemlərlə jurnalistikada vətəndaşlıq mövqeyini əsas tutan bir yaradıcı ziyalı kimi tanınmaqdadır. Bu jurnalistin xeyli vaxtdan bəri ictimai televiziyada formalaşdırdığı və aparıcılıq etdiyi «Media və zaman» proqramı tamaşaçı rəğbətini qazanmaqla bərabər, jurnalitskanın bir sıra yaradıcılıq problemlərini müzakirə müstəvisinə çıxarmaqla media aləminə mesajları ilə diqqəti cəlb etəmkdədir. «Media və zaman» teleproqramında tamaşaçı Xalid Niyazovu iki mühüm istiqamətdə görməkdədir. Onlardan birincisi aparıcının populyar üslubda tamaşaçı ilə ünsiyyətidir, ikincisi, media sahəsində yeni konsepsiyalara onun elmi münasibətdir. Birinci istiqamət Xalid Niyazovun bir teleaparıcı kimi öz işinə jurnalistikanın beynəlxalq yaradıcılıq prinsipləri ilə yanaşmasından qaynaqlanırsa, ikinci istiqamət onun həm də jurnalistikanın nəzəri problemlərinə bələdliliyindən doğur. X.Niyazov uzun müddətdir ki, jurnalistika sahəsindəki fəaliyyətində nəzəriyyə ilə praktikanı paralel tətbiq edən fəal bir media nümayəndəsidir.
Xalid Niyazovun jurnalistlik, publisistlik, televiziya fəaliyyəti ictimaiyyətin gözü qarşısındadır və onun bu sahədəki praktik işini xüsusi təhlil etməyə, yəqin ki, ehtiyac yoxdur. Lakin onun medianın nəzəri konsepsiyaları sahəsindəki elmi fəaliyyəti ətrafında söz deməyə ehtiyac var. Ən azı ona görə ki, siyasi elmlər üzrə fəlsəfə doktoru Xalid Niyazov lap bu yaxınlarda özünün media sahəsindəki elmi dünyagörüşünü sanballı bir monoqrafiyada meydana qoymuşdur.
«Dövlət informasiya siyasəti» adlanan bu kitabda müəllif müasir dövrdə ayrı-ayrı ölkələrin siyasi sistemlərinin dəyişməsi tendensiyası önündə informasiya siyasətini təhlilə cəlb etmişdir. Doğrudur, müəllif bu yerdə dövlətin informasiya siyasətini KİV timsalında təhlil etdiyini xüsusi vurğulayır. Lakin monoqrafiya, əslində, KİV timsalı fonunda dövlətin informasiya siyasətinin elmi-nəzəri, elmi-fəlsəfi, elmi-politoloji mənzərəsini yaratmışdır. Müəllifin elmi yanaşmalarının yeni mahiyyəti, əsasən, ona söykənir ki, dünyaya demokratiya dərsi verən, haçansa demokratik dəyərlərin formalaşdığı və dəyərlərin indi işləklik dərəcəsinin getdikcə sozalması güc dövlətlərinin yalnız özlərinin milli maraqlarına xidmət etməkdədir. Belə bir şəraitdə, həqiqətən də dövlətin informasiya siyasətinə jurnalistin etinasızlığı, vətəndaşlıq mövqeyinə laqeydliyi çox ciddi fəsadlara gətirib çıxara bilər. Bizim xeyli dərəcədə sadə təqdim etdiyimiz bu tezis monoqrafiyanın ümumi ruhunu təşkil edir.
Müəllifə görə, hər bir dövlətin demokratik dəyərlər sistemi onun siyasi quruluşundan asılıdır. Ona görə də, ilk növbədə dünya dövlətlərinin siyasi sistemlərini öyrənmək təklif edilir. Və bu yerdə qeyd edək ki, X.Niyazovun öz əsərində xüsusi elmi mənbə kimi istinad etdiyi bir sıra əsərlər mövcuddur. Bu sırada tarix elmləri doktoru, professor Əli Həsənovun elmi tədqiqatları müəllifin xüsusi köməyinə gəlir. Dünya ölkələrinin siyasi sistemlərini və müstəqil Azərbaycanın bu sırada yerini çox ciddi elmi araşdırmalarda Azərbaycan oxucusuna təqdim edən professor Əli Həsənov qeyd ediyimiz problemlərin elmi təhlillərini vermişdir. Təsadüfi deyil ki, məhz professor Əli Həsənov X.Niyazovun haqqında bəhs etdiyimiz monoqrafiyasının elmi redaktorudur.
Yuxarıda qeyd etdik ki, dövlətin informasiya siyasətinə monoqrafiyada daha çox fəlsəfi-politoloji istiqamətdən nəzər salınır. Və müəllif bu məsələnin birbaşa hər bir dövlətin siyasi sistemi ilə bağlı olduğunu vurğulayır. Əsərin bu yerində siyasi sistem anlayışı öz izahını belə tapır: «Politoloji-fəlsəfi nəzəriyyələrdə siyasi sistem hər bir ölkənin ictimai həyatının tərkib hissəsi kimi nəzərdən keçirilir və siyasi hakimiyyəti gerçəkləşdirən ictimat strukturların, siyasi institutların məcmusu kimi başa düşülür». Müəllif demokratik dövlətlər cərgəsində müstəqil Azərbaycanda hakimiyyətin demokratik dəyərlərə nə qədər açıq olduğunu izah edir. Və göstərir ki, “demokratiyanın ən fundamental prinsipləri isə cəmiyyətdə insan hüquqlarının vəziyyətindən, söz və fikir ifadəsi azadlığının durumundan, kütləvi informasiya vasitələrinin inkişaf səviyyəsindən birbaşa asılıdır”.
Demokratiyanın bu fundamental prinsiplərinin Azərbaycan reallığında özünün tam ifadəsini tapması faktı X.Niyazovun əsərinin əsas güvənc yeridir.
Əsərin maraqlı məqamları sırasında informasiya siyasətinin dəqiq təhlili xüsusi yer tutur. Müəllif monoqrafiyanın əsas məqsədini göstərərək qeyd edir ki, inkişafın Azərbaycan modeli şəraitində dövlətin informasiya siyasətinin əsas parametrlərini, siyasi sistemin bu günkü modernləşmə şəraitində bu siyasətin daha artıq inkişafını təmin etməyin elmi-nəzəri yollarını açıqlamaqdır. Mövzunun tədqiqindəki elmi yeniliyi də müəllif bu sayaq maraqlı detallarla əsaslandırmışdır.
Qeyd etdiyimiz kimi, müəllif dövlət informasiya siyasətinin KİV qolunu tədqiqat üçün əsas illüstrativ fakt kimi qəbul etmiş və nəzəri fikirlərini bu sahənin inkişaf göstəricilərinə istinadən ortaya qoymuşdur. Belə bir fakta söykənməyin əsas meyarları isə yeni və müstəqil Azərbaycanın arxitektoru, Ümummilli liderimiz Heydər Əliyevin və onun yaratdığı elmi-praktik məktəbin davamçısı, Prezident İlham Əliyevin qiymətli fikirləri olmuşdur. Monoqrafiyanın lap əvvəlində H.Əliyevin Azərbaycan mətbuatına verdiyi belə bir layiqli qiymət öz əksini tapıb: “Azərbaycan mətbuatı yarandığı gündən zəngin və şərəfli inkişaf yolu keçmiş, bütün dövrlərdə mütərəqqi ictimai idealların carçısı olmuşdur. Mətbuatımız həmişə zəngin tarixi ənənələrə malik xalqımızın azadlıq və müstəqilliyə, mənəvi tərəqqiyə nail olmaq səylərinin gücləndirilməsində, milli şüurun, mənəviyyatın, mədəniyyətin formalaşdırılmasında mühüm rol oynamışdır”.
Ümummilli liderimizin tarixi ənənələrə belə bir qiymətini Prezident İlham Əliyevin mətbuatımızın müasir missiyasını qiymətləndirən aşağıdakı fikri tamamlayır: “Azərbaycan hüquqi dövlət quruculuğu işində çox böyük nailiyyətlərə çatmışdır. Biz sözün əsl mənasında azad, müasir, demokratik, hüquqi dövlət qururuq. Hüquqi dövləti azad mətbuatsız təsəvvür etmək mümkün deyildir. Məhz buna görə Azərbaycanda söz azadlığı, vicdan azadlığı, plüralizm meylləri gücləndirilməlidir. Azərbaycan dövləti və Azərbaycan iqtidarı, əlbəttə, bu sahədə işini elə qurmalıdır ki, bu azadlıqlar Azərbaycanda tam şəkildə bərqərar olunsun. Son illər ərzində görülmüş işlər onu göstərir ki, biz düzgün yolla addımlayırıq”.
Prezidentin bu sözləri dövlətin informasiya siyasətinin tam formalaşmasının möhkəm və inamlı qarantı olduğu kimi, haqqında bəhs etdiyimiz fundamental monoqrafiyanın da aparıcı xəttini təşkil edir.
Üç mühüm fəslə bölünmüş əsərin birinci fəslində siyasi sistemin modernləşməsi dövlət informasiya siyasətinin formalaşmasının mühüm faktoru kimi təhlil edilir. Burada informasiya siyasətinin mahiyyəti və məzmunu, Azərbaycanda siyasi modernləşmənin milli və beynəlxalq təcrübədən gələn xüsusiyyətləri, bu modernləşmə prosesində kütləvi informasiya vasitələrinin yeri kimi maraqlı problemlərin elmi təhlilləri aparılır. Dövlətin informasiya siyasətinin fəaliyyət prinsipləri kateqoriyalaşdırılır, informasiya siyasətinin tərkib ünsürləri qeyd edilir və ümumiləşdirilmiş şəkildə vahid termin kimi izahı verilir.
Monoqrafiyanın ikinci fəslində dövlətin KİV sahəsində siyasəti, Azərbaycanda dövlət informasiya siyasətinin tarixi kökləri və inkişaf mərhələləri, mövcud siyasi sistemin dövlətin informasiya siyasətinin mahiyyətinə təsiri kimi məsələlər öz əksini tapıb. Burada dövlət informasiya siyasətinin başlanğıc mərhələsi kimi XIX əsr göstərilir, həmin dövr müstəqillik illərini də əhatə etməklə geniş mərhələlərə bölünür və informasiya siyasətinin dönüş nöqtəsi kimi 1969-cu ildə Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gəlməsi qeyd olunur.
Üçüncü fəsildə kütləvi informasiya vasitələrinin ictimai-siyasi həyat səhnəsində, informasiya siyasitini formalaşdıran və həyata keçirən bir vacib vasitə kimi, mətbuat azadlığının siyasi-hüquqi təminatı, bütün bunların vətəndaş cəmiyyətinin formalaşmasında rolu və s. məsələlər nəzərdən keçirilir.
Müəllif tədqiqat əsərində dövlətin informasiya siyasətini dövlətin informasiya axını üzərində nəzarət mexanizmi kimi görür, həmin siyasəti rəsmi ideologiyanın təşviqat vasitəsi kimi dəyərləndirir. Bununla yanaşı, dövlətin informasiya siyasəti bu və ya digər prioritet xətlər üzrə dövlətin mövqeyinin aydınlaşdırılması və ictimai fikirlə iş kimi, eyni zamanda KİV sahəsində siyasət kimi nəzərdən keçirilir.
Qeyd olunmalıdır ki, monoqrafiya həmçinin dərin fəlsəfi-elmi məzmuna malikdir. Belə bir keyfiyyət göstəricisini əldə etmək məqsədilə maraqlı elmi- tədqiqat metodlarından, yeni təhlil üsullarından istifadə olunmuş, fəlsəfi-elmi-məntiqi aspektlər tətbiq edilmişdir.
Müəllif monoqrafiya üzərində işləyərkən müasir sosiologiyanın kütləvi informasiya kommunikasiyaları və kütləvi informasiyanın dövlət idarəçiliyində və bütövlükdə siyasətdə rolunu ətraflı işıqlandırmış dünya klassiklərinin, habelə informasiyanın problemləri, onun siyasətlə qarşılıqlı əlaqələri, yeni informasiya siyasətinin formalaşmasında siyasi sistem və dövlətin rolu ilə bağlı Azərbaycan elmi ədəbiyyatında özünü göstərən bu və ya digər aspektlərini elmi-politoloji və nəzəri-konseptual yöndən işıqlandıran əsərləri nəzərdən keçirmiş, öz şərh, qənaət və nəticələrini təqdim etmişdir.
Bütövlükdə, tədqiqat işinin aktuallığı belə bir reallıqla şərtlənir ki, Azərbaycanın siyasi sisteminin modernləşməsi dövlətin yeni informasiya siyasətinin formalaşması ilə müşayiət olunur. Aparılmış islahatlar nəticəsində siyasi sistemin liberallaşdırılması informasiya siyasətinin siyasi fəaliyyətin ayrıca bir qolu kimi fərqləndirilməsinə, kütləvi informasiya vasitələrinin ictimai inkişafın əvvəlki mərhələlərindən prinsipcə fərqli formasının yaradılmasına gətirib çıxarmışdır. İnformasiya getdikcə öz mövqelərini daha da möhkəmlədərək ictimai həyatın təşkili və tənzimlənməsinin mühüm vasitəsinə çevrilmişdir.
Monoqrafiyanın maraqlı cəhətlərindən biri müəllifin dünyanın güc dövlətlərinin informasiya siyasətində ideoloji istiqamətin getdikcə güclənməsinə dair müstəqil, həm də inandırıcı faktlarla münasibətidir. Ona görə də Qərbin indiyədək bizə təlqin etdiyi demokratik mətbuat dəyərlərinin müasir çağda deformasiyası, indiyədək ictimai institut adlandırdığımız mətbuatın son illər xeyli dərəcədə siyasiləşməsi prosesi müəllifin diqqət mərkəzindədir. Həqiqətən də müasir Almaniya, Fransa, ABŞ, Rusiya mətbuatının bəzi hallarda birbaşa siyasi ambisiyalara xidməti bizim nəzərimizdən qaçmamalıdır. Qərbin bizə təlqin etdiyi demokratik mətbuat ideyasının elə Qərbin özündəki deformasiyasını gözardına vurmaq və bundan nəticə çıxarmamaq bizdə fəsadlar törədə bilər. Ona görə də monoqrafiya müəllifinin KİV-i siyasi institut hesab etməsi bəzi elmi və praktik dairələr üçün nə qədər mübahisəli görünsə də, müasir dünya təcrübəsində bunu sübut edən çoxsaylı faktı da unutmaq olmaz.
Türkiyə sərhəddini keçən Rusiyaya məxsus hərbi təyyarənin vurulmasından sonra Rusiya mətbuatının, xüsusilə ORT, RTR, NTV kimi məşhur telekanalların Türkiyəyə nifrət toxumu səpməsi, Fransanın paytaxtı Parisdə əmək məcəlləsindəki dəyişikliklərlə bağlı xalqın küçələrə çıxması zamanı polisin jurnalistlərə qoyduğu qadağalar, ABŞ-da qara dərililərin polislər tərəfindən təhqir olunmalarına etirazları işıqlandırmaq istəyən media nümayəndələrinə təzyiq və onlarca bu tipli faktlar, digər tərəfdən bəzi ölkələrin media sisteminin informasiya müharibəsində fəal iştirakı – məsələn, Almaniya Bundestaqında saxta erməni soyqırımı sənədinin qəbulu ilə bağlı ölkə mətbuatının susması, Fransada bu saxta soyqırımını etiraf etməyənlərə qarşı ağlasığmaz cəzanın tətbiqi təşəbbüslərinə medianın “milli maraqlar” zəminində qarışmaması artıq jurnalistikanı siyasi instituta çevirməkdədir. Çox təəssüf ki, Azərbaycan media mühitində belə faktlara bəzən qəribə bir etinasızlıq olur ki, Xalid Niyazovun “Dövlət informasiya siyasəti” əsəri həm də belələrinə medianın dünyada yaranan yeni konsepsiyasını xatırlatmaq missiyasını yerinə yetirir.
Monoqrafiya müəllifi belə bir maraqlı nəticəyə gəlir ki, “dövlət və KİV vacib politoloji institut və siyasi kommunikasiyanın əsas aktorları qismində siyasi prosesin mühüm iştirakçılarıdırlar”.
Bu institutun daşıyıcıları “nə qədər kamil, qələm nə qədər iti və obyektiv olsa, hakimiyyətin fəaliyyəti də mətbuatda bir o qədər gerçək işıqlandırılar, tənqid daha parametrli və xeyirxah olar.
Monoqrafiyanın bütün ruhu bu gün Azərbaycan gerçəkliyində özünü göstərən söz və informasiya azadlığının yeni modelinə bağlıdır və bu model müəllifə yeni nəzəri fikirlər söyləməyə geniş imkanlar verir.

Şamil Vəliyev
filologiya üzrə elmlər doktoru, professor,
Cahangir Məmmədli

Oxşar xəbərlər