Əlil arabasına məhkum olan məşhur alimin həyat dərsləri

Əlil arabasına məhkum olan məşhur alimin həyat dərsləri 2015-ci il yanvarın 8-də müasir dünyanın ən görkəmli alimlərdən biri, həyatı və araşdırmaları ilə daima elm aləmini təəccübləndirən ingilis fiziki, astronomu, nəzəriyyəçisi və yazıçısı professor Stiven Hokinin 73 yaşı tamam olub.
O, təkcə hazırda yaşayıb-yaradan ən böyük elm adamı deyil, eyni zamanda həyata bağlılığı ilə qeyri-adi iradəyə malik şəxsiyyətdir. 21 yaşında tutulduğu iflic xəstəliyi üzündən ömrü boyu təkərli kürsüdə yaşamaq məcburiyyətində qalsa da bütün elmi həyatını kainatın sirlərinin açılmasına həsr edib. Mübaliğəsiz olaraq demək olar ki, professor Stiv Hokin müasir elm dünyasının ən görkəmli şəxsiyyətlərdən biridir. Yanağındakı kiçicik bir əzələ sayəsində dünya ilə ünsiyyət qurur. Gündəlik həyatını davam etdirə bilməsi üçün 10 nəfərlik bir qrupa ehtiyacı olsa da, alim hər zaman fərqli görünür. Bu əfsanəvi elm adamının heç bir foto şəklində kədərli görə bilməzsiniz. Həyata, kainata, insanlara daim sevgi ilə yanaşır.


Uşaqlıq və təhsil illəri
Əlil arabasına məhkum olan məşhur alimin həyat dərsləri
Stiven Hokin 1942-ci il yanvarın 8-də Böyük Britaniyanın Oksford şəhərində biologiya aliminin ailəsində anadan olub. İkinci dünya müharibəsi illərində Oksford ən təhlükəsiz şəhər olub. O hələ 8 yaşında ikən Londonun şimalında 20 km məsafədə yerləşən Albans şəhərinə gedib. 11 yaşlı Stiven Sent-Olbans məktəbində (St Albans School) oxuyub. Buranı başa vurduqdan sonra atasının bir vaxtlar təhsil aldığı Oksford Universitet Kollecinə (University College, Oxford University) daxil olub. Stiv daha çox riyaziyyata bağlanmışdı. “Sinifdə orta qiymətlər alan şagirdlərdən idim. Ancaq sinif yoldaşlarım məni Enşteyn deyə çağırırdılar. Onlar yəqin ki, məndə istedad sezmişdilər. Mənim 12 yaşım tamam olanda sinif yoldaşlarımdan ikisi bir torba konfetdən mərc gəlmişdilər ki, mən həyatda özümə yer tapa biləcəm, ya yox. Deyə bilmirəm, bu qədər vaxt keçəndən sonra mərc xeyirə başa çatıb, ya yox”, - deyə Hokin sonralar xatırlayırdı.
Onun oxuduğu məktəbdə riyaziyyat fənni tədris olunmurdu. Buna görə də Stiv ilk vaxtlarda riyaziyyat əvəzinə fizikanı öyrənməli olmuşdu. 3 il sonra Stiv məktəbi təbiət elmləri üzrə qızıl medalla bitirib. Daha sonra isə kosmologiya sahəsində təhsil almaq məqsədilə Kembricə gedib. O vaxtlar Stiv Hokinin ilk müəllimi Denis Siam olub. Doktorluq təhsili aldıqdan sonra Stiv Hokin ilk vaxtlarda assistent, daha sonra Gonville and Caius College-də professor köməkçisi kimi fəaliyyətə başlayıb. 1973-cü ildə Kainat Elmləri İnstitutundan ayrılan S.Hokin riyaziyyat və nəzəri fizika sahəsində tədqiqatlara başlayıb. 1979-cu ildə o, Lukas riyaziyyat professoru olub. Bu fəxri adın əsasını 1663-cü ildə universitetin parlamentdəki üzvü olan Henri Lukas tərəfindən qoyulub. İlk dəfə bu ada məşhur riyaziyyat alimi İsaak Barroy, 1669-cu ildə isə dahi İ.Nyuton layiq görülüb. Bir dəfə kral cəmiyyətin iclasında Hokin tanınmış astrofizik Fred Xoylun mühazirəsini yarımçıq qoyaraq onun həll etməyə çalışdığı məsələdə səhvə yol verdiyini bildirib. Professor Hokindən soruşanda ki, bu səhvi necə tapıb, o “Mən sadəcə məsələni beynimdə həll etmişəm” deyib.
Universitetdə oxuduğu illərdə o, akademik avarçəkmə idman növü ilə maraqlanıb. Dərslərdən çox idman və müxtəlif görüşlərə maraq göstərib. Bütün bunlar ona 1962-ci ildə universiteti təbiət elmləri sahəsində əla qiymətlər başa vurmağa mane olmayıb. Bir neçə ay Oksfordda qalan S.Hokin Günəş ləkələrinin öyrənilməsi ilə məşğul olub. Daha sonra isə nəzəri astronomiya ilə maraqlandığı üçün Kembric Universitetinə (University of Cambridge) daxil olub.

Amansız xəstəlik
Əlil arabasına məhkum olan məşhur alimin həyat dərsləri
Universitetdə oxuduğu dövrdə o, tez-tez əsəb sisteminin pozulduğunu hiss etməyə başlayıb. O xüsusən də 1962-ci ildə İrana səfərdən sonra özündə zəifləmə hiss edib. Bu səfər haqqında alim sonralar yazırdı: “20 yaşım hələ yox idi. Avtobusla Türkiyəyə, oradan da İrana keçdim. Türkiyədə İstanbul və Ərzuruma getdim. Türkiyəni çox bəyəndim. Çox təsirləndim. İrana getdiyim anda çox böyük zəlzələ oldu, az qala ölmüşdüm”. 1963-cü ildə həkimlər 21 yaşlı gəncə ətrafların amiotropik sklerozu diaqnozunu (ALS) qoyurlar. Bu xəstəlik mütəhərrik neyronların sıradan çıxması, ətrafların iflici və əzələ atrofiyası ilə xarakterizə olunur. Lakin xəstəlik gedişində insanın təfəkkür qabiliyyəti sıradan çıxmır, ölüm isə ürək və döş qəfəsi əzələlərinin öz fəaliyyətini dondurmasından sonra baş verir. Mütəhərrik neyronların 80 faizini tədricən öldürərək sinir sistemini iflic edən, bununla belə onurğa beyninin zehni fəaliyyətlərinə toxunmayan bu xəstəlik tezliklə Stiven əlil arabasına məhkum edib. Həkimlər Hokinin cəmi 2 il yaşayacığını bildirirdilər. Lakin o, yalnız 1974-cü ildə tam surətdə iflic vəziyyətinə düşüb. Bundan sonra isə vəziyyəti sabitləşib və o, hətta 1985-ci ilə qədər danışıq qabiliyyətinin qoruyub. Məşhur alim 1985-ci ildən bu günə kimi xəstəlik nəticəsində səsini itirdiyi üçün əlil arabasına yerləşdirilmiş və yazıları səsə çevirə bilən xüsusi kompüter vasitəsi ilə insanlara ünsiyyət qura bilir. Hazırda alim elmi araşdırmalarında və gündəlik həyatında yaxınlarından və ailəsindən böyük dəstək almaqdadır. Danışmaq istədiyi anda əlindəki elektron aləti sıxaraq arabasına bağlı olan kompüterin ekranına dəqiqədə təxminən 10 söz əks etdirə bilir. Bu səsiz dahinin xüsusi kompüterinin yaddaşında təxminən 2600 söz var. Beləliklə də alim söyləmək istədiyi anda fikirlərini ekranda yaza bilir. Qeyd edək ki, sağlam insanların öz danışıqlarında istifadə etdiyi sözlərin sayı 2500 ətrafındadır. Bu səbəbdən də alim fikir və düşüncələrini ifadə etməkdə heç bir çətinlik çəkmir.
Ağır xəstəliyə baxmayaraq alim dissertasiya üzərində işlərini yarımçıq qoymayıb və 1966-cı ildə elmi araşdırmalarını başa çatdırıb. Bundan sonra Stiv Hokin Kembric Universitetinin Qonvil və Qay Kollecində (Gonville and Caius College) elmi əməkdaş kimi fəaliyyət göstərməyə başlayıb. 1973-1979-cu illərdə Kembric Universitetinin nəzəri fizika və tətbiqi riyaziyyat fakültəsində işləyib. 1977-ci ildə alim qravitasiya üzrə professor elmi adı alıb.

Heç bir əngəl tanımayan alim
Əlil arabasına məhkum olan məşhur alimin həyat dərsləri
Həkimlər müasir elm dünyasının əfsanəsi hesab olunan alimin xəstəliyiningetdikcə ağırlaşması səbəbindən ona istirahət etməyi tövsiyə ediblər. Alimə jurnalistlərlə görüşə də qadağa qoyulub. Bu səbəbdən də S.Hokinlə görüşmək, ondan müsahibə almaq arzusunda olan yüzlərlə jurnalist var. Onun hər bir kəlməsi elm aləmində ciddi bir müzakirə, mübahisə mövzusudur. O, hər hansı tənqidə, arxasınca söylənən iradlarla baxmayaraq heç bir əngəl tanımadan öz yolu ilə irəliləyir. Bədəni fiziki mənada mane olsa da beyni, iradəsi ilə irəliləyərək həyatın simvoluna çevrilib. Stiven Hokinin çox aydın və səlis bir dildə yazdığı kitablar ona həm uşaqlar, həm də böyüklər arasında böyük hörmət qazandırıb.
Kainatla bağlı nəzəri məlumatları elmi cəhətdən tam əsaslandırmaq üçün lazım olan maddi müstəqilliyi təmin edən professor S.Hokin Britaniya və Amerika arasında körpü salıb. Səhhəti ilə bağlı tez-tez ABŞ-a gedən və öz istəyi ilə səyahət etməyi sevən alim gün ərzində onun üçün ayrılmış 10 nəfərin köməyi ilə hərəkət edir. Yanından 24 saat ayrılmayan həkimlərin, tibb bacılarının və xidmətçilərin sayəsində hər bir ehtiyaclarına əməl olunan professor gündə 8 saat yatır. Kino-teatr və operanı sevən alim axşam yeməklərində ailəsi və sevdiyi insanların arasında birlikdə olmağı çox sevir. Tək qalmağı o qədər də sevməyən alim həyat vurğunudur. Mətbuatda dərc olunan bütün xəbərləri öyrənməyə çalışan alim uşaqlarına və nəvələrinə çox bağlı bir insandır. Ətrafındakı insanlar, köməkçiləri ona ürəkdən hörmət və sevgi ilə yanaşırlar.

“Zamanın qısa tarixi”
Əlil arabasına məhkum olan məşhur alimin həyat dərsləri
S.Hokin kainatın təməl prinsipləri üzrə tədqiqatlar aparıb. O, Pyer Penpose ilə birlikdə Enşteynin kosmos və zamanı əhatə edən ümumi nisbilik nəzəriyyəsinin qara deşiklər nəzəriyyəsi ilə tamamlandığını sübuta yetirib. Bu nəticə ümumi nisbilik və kvant mexanikasının birləşdirilməsinin zəruriliyini ortaya qoyurdu. Bu isə 20-ci əsrin ikinci yarısının ən böyük kəşflərindən biri idi. Bu kəşf “qara deşik”lərin əslində radiasiyaya uğrayaraq buxarlandıqlarını və görünməz olduqlarını sübuta yetirirdi. Digər bir nəticə isə kainatın sonu və əbədi olmadığını göstərməsi idi. Bu da kainatın yaranmasının tamamilə elmi qaydalar çərçivəsində meydana gəlməsi mənasını verirdi. Qeyd edək ki, informasiya və “qara deşik”lər məsələsi üzrə Stiv Hokin və amerikalı fizik Con Preksil arasında 30 illik mübahisə 2014-cü ildə başa çatıb. Stiven hesab edirdi ki, “qara deşik”ə düşən hər hansı informasiyanı bərpa etmək artıq mümkün deyil. “Qara deşik”də olan güclü qravitasiya sahəsi kvant fizikasının bütün qanunlarını heçə endirir, buna görə də istənilə informasiya dönməz olaraq itir. Lakin Preksll və digər aparıcı subatom proseslərin yenidən qurulmasını, bununla da informasiyaların bərpa olunmasını mümkün hesab edirdilər. Lakin Hokin bu fikri qəbul etmirdi. Oppenentləri isə Hokini “illərlə cəngəlliklərdə dolaşan və müharibənin artıq çoxdan başa çatdığını anlamayan əsgərə” bənzədirdilər. Nəhayət, Hokin 30 il davam edən mübahisəni uduzduğunu etiraf etməli olub. Lakin bu məğlubiyyət Hokini daha bir maraqlı nəzəriyyə irəli sürməyə sövq etdi: “Əgər siz “qara deşik”ə tullanırsınızsa, onda sizin kütlənizin enerjisi bir daha bizim planetdə, doğrudur, təhrif olunmuş formada meydana gələcək”.
O, “qara deşik”lər haqqında bir çox elmi işlər yazmışdır. Stiven Hokin kosmologiya, nisbilik nəzəriyyəsi, qravitasiya və kvant mexanikası, kainatın tarixi sahəsində tədqiqatları ilə məşhurdur. Hokinin əsas tədqiqat sahəsi kosmologiya və kvant qravitasiyası ilə əlaqədardır. “Qara deşiklər”in təsvirində termodinamikanın tətbiqi sübut etmişdir ki, “qara deşiklər” Hokin şüalanması kimi tanınan proses nəticəsində “buxarlanırlar”. Stiv Hokinin kvant fizikası və “qara deşik”lərlə bağlı iddiaları bu gün dünyanın elm adamları arasında ən çox müzakirə olunan mövzüsudur. Alimin kitabları 40 dilə tərcümə olunub. Kitabların satışında əldə olunan vəsait elmin populyarlaşmasına xidmət edir. Vəsaitlərin bir qismi Kembric Universitetinin tətbiqi-riyaziyyat və nəzəri fizika laboratoriyasının inkişaf etdirilməsinə xərclənib. 1988-ci ilin aprelində işıq üzü görən “Zamanın qısa tarixi” adlı kitabı tezliklə alimə dünya şöhrəti gətirir. Kitabın giriş hissəsində S.Hokin yazırdı: “Mənə dedilər ki, kitaba salacağım hər bir düstur alıcıların sayını iki dəfə azaldacaq . Onda mən, ümumiyyətlə, düstursuz keçinməyə qərar verdim. Düzdür, hər halda bir düsturu – Enşteynin məşhur E=mc2 düsturunu yazmalı oldum”. Bütün dünyada 25 milyonlarla tirajla çap olunan “Zamanın qısa tarixi: böyük partlayışdan qara deşiklərə” kitabında əksini tapan “qara deşiklər nəzəriyyəsi” S.Hokinə əsl dünya şöhrəti qazandırıb. Onun son kitabı “Qoz qabığındakı kainat” dünyanın böyük bir fəlakətə üz-üzə qalacağını ifadə edərək kosmosda insan məskənlərinin yaradılması məsələsini gündəmə gətirib. Bu kitab “Zamanın qısa tarixi” kitabının davamı sayıla bilər. Kitab Kainatın yaranması və inkişafı nəzəriyyəsini oxucuya, müəllifin özünün təsəvvür etdiyi,sadə bir dildə izah edir. Bu zaman riyazi düsturlardan və mürəkkəb hesablamalardan qətiyyən istifadə olunmur. Bu kitabları ilə alim oxucunu nəzəri fizikanın üst qatlarına çıxarır və kainatın təməl prinsiplərinə dair aydın işarələr verir. Kainatın ən dərin qatlarının sirlərinə qapı açan bu kitablarla alim Enşteynin nisbilik nəzəriyyəsinin və Riçard Feymanın bir çox elmi işlərini birləşdirərək kainatda olub-bitənləri tam aydınlaşdıra biləcək qüsursuz və vahid bir nəzəriyyənin inkişaf etdirilməsinə çalışır. Bu əsərləri oxucunun bir elmi-fantastik roman kimi də qiymətləndirmək olar. Hokin buna kompleks mülahizələri gündəlik həyatdan aldığı anologiyalarla təsir edə bilmək bacarığı sayəsində nail ola bilib. 2012-ci ildə onun “Böyük dizayn” adlı kitabı dərc olunub. Kitabında ümumiyyətlə Allahın varlığını inkar edən alim kainatın yaranma prosesində “Tanrı” anlayışına ehtiyac olmadığını dəqiq bir dillə ifadə edib. Alimin uşaqlar üçün qələmə aldığı kitablar da onların kainatla bağlı xəyal dünyasını xeyli zənginləşdirib.

Qeyri-standart nəzəriyyələr müəllifi
Əlil arabasına məhkum olan məşhur alimin həyat dərsləri
Professor Stiv Hokinin çoxsaylı qeyri-standart nəzəriyyələrindən biri qlobal istiləşmə, yerə nəhəng kometlərin düşməsi və öldürücü virusların yayılması ilə əlaqədar olaraq dünyanın sonunu əvvəlcədən xəbər verməsidir.
Nəzəri fizikanı və kosmosun meydana gəlməsinə dair inqilabi təlimlərin populyarlaşdırılması sayəsində böyük şöhrət qazanan alim bildirmişdir ki, bəşəriyyət Kainatı kimin, necə və başlıcası isə, nəyə görə yaratdığı barədə suala cavabın cəmi bir neçə addımlığındadır. Hokinin fikrincə, müasir kosmologiya iri addımlarla irəliləyir və sürəti getdikcə daha da artır. Müsahibələrinin birində bəyan edib ki, insanlar tezliklə başqa planetlərə üz tutmalıdırlar, əks halda Yer üzündə viruslardan məhv olacaq.
O, mühazirə zamanı belə bir fikir də söyləmişdir ki, tezliklə bəşəriyyət həyat üçün Yer kürəsi əvəzinə, yeni ev axtarmalı olacaqdır. Çünki planeti o qədər qəfil təhlükələr hədələyir ki, onun məhvi son dərəcə gözlənilməz ola bilər. Yer üzündə həyat qəfil qlobal istiləşmələr, nüvə müharibəsi, genetik cəhətdən modifikasiya olunmuş virus və haqqında hələ heç nə bilmədiyimiz digər təhlükələr kimi fəlakətlər nəticəsində dağılmaq qorxusu qarşısındadır. Hokin problemin həllini Günəş sistemindəki digər planetləri tezliklə mənimsəməkdə görür. Onun fikrincə, insanlar 20 ildən sonra Ayda daimi bazaya və sonrakı 40 ildə isə Marsda məskənə malik ola bilərlər. Onlar hətta yaxın 100 ildə özlərini məhv etməsələr də, kosmik məskənlər yaratmalıdırlar. Özü də, bütün bunlar Yer kürəsindən dəstək və yardım almadan mövcud ola bilər. Stiven Hokin dünyanın Tanrı tərəfindən yaradılmadığını deyib. Əvvəlki əsərlərində Kainatın, çox ehtimal ki, ali zəka tərəfindən yaradıldığını deyən alim özünün yeni kitabında yazır ki, dünya heç nədən əmələ gəlib. Onun yeni nəzəriyyəsinə görə, Kainat obyektiv fiziki qanunlar nəticəsində yaranıb və onun əmələ gəlməsini ali zəka ilə əlaqələndirmək olmaz. Hokin yeni əsərində yazır ki, cazibə qanununa əsasən, Kainat heç nədən yarana bilərdi və yaranmalıydı da. İllərdir Allahın varlığını qəbul edib: “Kainatın yaranması elmi həqiqətlərə əsaslanır. Amma bu, heç bir halda elmi müddəaların əsasını qoyan və onları yaradan bir Tanrının olmaması demək deyil”.

“Həyatda sadəcə təslim olmamaq çox vacibdir”
Əlil arabasına məhkum olan məşhur alimin həyat dərsləri
Stiv Hokin1979-cu ildən Kembric Universitetinin tətbiqi riyaziyyat və nəzəri fizika kafedrasına başçılıq edir. Yeri gəlmişkən, vaxtilə bu kafedranın müdiri İsaak Nyuton olmuşdur. Stiven Hokin hazırda Kembricdəki Nəzəri Kosmologiya Mərkəzində tədqiqatlar üzrə direktor işləyir. O, 34 yaşında London Kral Cəmiyyətini və Amerika Milli Elmlər Akademiyasının üzvü seçilib, elmi xidmətlərinə görə bir çox mükafat, orden və medallarla təltif olunub.
Alim 2006-cı ildə Kral Cəmiyyəti tərəfindən Kapli medalı ilə təltif olunub. “Bu, çox fərqli medaldır. Bu medalla Darvin, Eynşteyn, Krik təltif olunub. Onların sırasında olmaq mənim üçün böyük şərəfdir” – deyə S.Hokin bildirib.
2012-ci ildə London Paralimpiya oyunlarının rəsmi açılışı ona həvalə olunub. “Mənim üçün 2012-ci il Paralimpiya oyunları açmaq və bütün dünya ölkələrindən olan idmançıları salamlamaq böyük şərəfdir. İdman oyunları idmançılara fərqlənməyə, özlərini göstərməyə və öz sahələrində tanınmış olmağa kömək edir. Gəlin mükəmməl dostluğu və ehtimadı birlikdə bayram edək”, - deyə alim müraciətində bildirib.
Stiv Hokin 1995-ci ildə oturaq həyat tərzi keçirən Elayn Meysonla ailə həyatı qurub. Alim tezliklə öləcəyini düşünürdü. Lakin tale onun üzünə güldü, həyatında dönüş baş verdi. Hokinqin hazırda üç övladı və bir nəvəsi var. “Yalnız böyük oğlum elmlə maraqlanır, Microsoft-da proqram təminatı ilə məşğuldur. Qızım Lüsi fransız, rus dillərini öyrənir – jurnalistdir. Kiçik oğlum Tim universitet tələbəsidir, fransız və ispan dillərini öyrənir. Mənim Vilyam adlı nəvəm də var, danışmağı yenicə öyrənir, lakin kompüter dəlisidir”.
“Biliyin başlıca düşməni məlumatsızlıq yox, biliyin üllüziyasıdır”
“Mənim hansı İQ-yə malik olmağım məni düşündürmür, bu göstəriciyə maraq göstərənlər sadəcə uğursuz insanlardır”
“Mənim məqsədim çox sadədir. Mən kainatın necə qurulduğunu, nəyə görə bu cür qurulduğunu və niyə biz burdayıq suallarına cavab tapmaq istəyirəm”
“Həyat olan yerdə ümid var”
“Əgər mən harayasa yollanmaq istəyirəmsə, ora dəqiq Yerdə deyil, kosmosdadır. Əgər mən Bill Geyts kimi birisi olsaydım kosmik gəmi kirayə götürərdim. Bu hardasa bir neçə milyon dollar başa gələrdi”
“Əminəm ki, elmi və tədqiqatçılıq fəaliyyəti pul qazanmaqdan daha çox məmnunluq gətirir”
“Həyat bu qədər əyləncəli olmasaydı çox faciəli olardı”
“Həyatda sadəcə təslim olmamaq çox vacibdir”

Hazırladı: O.İSAOĞLU

Oxşar xəbərlər