15 SENTYABR BİLİK GÜNÜDÜR

15 SENTYABR BİLİK GÜNÜDÜR Bünövrəsi ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti, dərin zəkası hesabına qoyulan ölkəmiz bu gün də uğurlu, layiqli yolla inkişaf edir. Respublika Prezidentinin apardığı məqsədyönlü daxili və xarici siyasət təhsilimizin və elmimizin bu gününə və gələcəyinə böyük nikbinliklə yanaşmağa zəmin yaradır. Prezidentimiz öz çıxışlarında Azərbaycanın seçdiyi yolun düzgün istiqamətini müəyyənləşdirərək deyir: “İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salaraq görürük ki, o ölkələr inkişaf edir ki, orada elmi- texniki tərəqqi sürətlə inkişaf edir, orada təhsilə, elmə, intellektual məhsulların yaradılmasına böyük investisiyalar qoyulur. Azərbaycan bu yolu seçibdir. Biz gələcəyə çox böyük ümidlərlə baxırıq. Çünki bilirik ki, Azərbaycanın gələcəyi bugünkündən də gözəl olacaqdır”.
Hər bir ölkənin inkişafında, onun dünya birliyinə inteqrasiya olunmasında təhsilin rolunun əvəzsiz olduğunu hər bir kəs bilir. Təhsilimizdə aparılan geniş keyfiyyət dəyişiklikləri, məktəblərimizdəki yeniliklər bizi çox sevindirir. İndi Azərbaycanın ən ucqar kəndində belə yeni, tam standartlara cavab verən məktəb binaları tikilib övladlarımızın ixtiyarına verilib. Bütün bunlar təhsil işçilərinin qarşısında qoyulan vəzifələrin, göstərilən etimadın, olunan tələbin yerinə yetirilməsinə məsuliyyətimizi artırır. Bir pedaqoq, müəllim kimi üzərimizə düşən vəzifəni şərəflə, ləyaqətlə yerinə yetirməyə çalışırıq. Bütün bunlar müəllimlərimizə, pedaqoji kollektivimizə aiddir. Müəllim adı yüksək addır, şərəfli işdir.
Yeni dərs ili münasibətilə bütün xalqımızı, Azərbaycanımızı, müəllim və tələbələrimizi ürəkdən təbrik edirəm. Gənclərimizi xoşbəxt, onların gələcəyini parlaq görmək istəyirəm.


Gülçöhrə Məmmədova,
Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor



Oxşar xəbərlər