Azərbaycan Texniki Universitetinin məzunları üçün yeni karyera imkanları yaranıb

Azərbaycan Texniki Universitetinin məzunları üçün yeni karyera imkanları yaranıb Azərbaycan Texniki Universitetinin (AzTU) məzunlarının “Azərsun Holdinq” Şirkətlər Qrupunun nümayəndələri ilə görüşü keçirilib.
Tədbirdə bu ali təhsil ocağının rektoru vəzifəsini icra edən Xalıq Yahudov tələbələrin maksimum səviyyədə işlə təmin olunmaları üçün universitetdə yeni mexanizmin tətbiq edildiyini deyib. Diqqətə çatdırılıb ki, müvafiq istiqamətdə nailiyyətlər qazanmaq üçün AzTU-da karyera mərkəzi yaradılıb. Ölkəmizdə fəaliyyət göstərən müəssisə və təşkilatların rəhbər şəxslərinin mərkəz tərəfindən mütəmadi olaraq tələbələrlə görüşə dəvət edildiklərini deyən X.Yahudov vurğulayıb ki, artıq bu sahədə müsbət nəticə əldə olunub. AzTU daim tələbələrinin məzun olduqdan sonrakı fəaliyyətləri ilə maraqlanır.
“Azərsun Holdinq” Şirkətlər Qrupunun işə qəbul bölməsinin rəhbəri Nurulla Nəsibov bildirib ki, təmsil etdiyi qurum AzTU-nun məzunlarının bu şirkətdə çalışmalarına çox maraqlıdır. O, tələbələri şirkətlə fəal əməkdaşlığa çağırıb.
Sonra şirkətin iş prinsipləri və fəaliyyət istiqamətləri barədə videoçarx nümayiş etdirilib.
AzTU-nun məzunları ilə əməkdaşlıqdan məmnunluğunu bildirən “Azərsun Holdinq” Şirkətlər Qrupunun keyfiyyətə nəzarət şöbəsinin müdiri Arzu Mahmudov diqqətə çatdırıb ki, universitetin işə cəlb olunan məzunları onlara tapşırılan işin öhdəsindən məharətlə gəlirlər. Buna görə də şirkət rəhbərliyi burada çalışanlar arasında AzTU-nun məzunlarının sayının artırılmasına maraq göstərir.
Sonda tələbələrin sualları cavablandırılıb və “Azərsun Holdinq” Şirkətlər Qrupuna işə qəbulun qaydaları haqqında məlumat verilib.

AzTU-nun Mətbuat Xidməti


Azərbaycan Texniki Universitetinin məzunları üçün yeni karyera imkanları yaranıb

Oxşar xəbərlər