12 dekabr – ümummilli liderimiz Heydər Əliyevin anım günüdür

12 dekabr – ümummilli liderimiz Heydər Əliyevin anım günüdür
HEYDƏR ƏLİYEV MÜSTƏQİL AZƏRBAYCANDA TƏHSİL SAHƏSİNDƏ İSLAHATLARIN BANİSİDİR


Ulu öndər Heydər Əliyevin ömür yolu Vətənə və millətə təmənnasız xidmətin parlaq nümunəsidir. Azərbaycanın dövlətçilik tarixinin 30 ildən artıq bir dövrü bilavasitə xalqın bu böyük oğlunun adı ilə bağlıdır. Heydər Əliyev misilsiz idarəetmə istedadına malik olan bir şəxsiyyət idi. Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə quruculuğun, sosial-iqtisadi inkişafın, ictimai-siyasi sabitliyin, dövlətçiliyin təminatçısı olmuş, müstəqilliyin bərpasının ən ağır vaxtlarında Azərbaycanın mənafeyi naminə xilaskarlıq missiyasını yerinə yetirmişdir.
Ümummilli liderin öz xalqı qarşısında xidmətlərinin ən mühümlərindən biri ondan ibarətdir ki, o, 90-cı illərin əvvəllərində Azəbaycanı yaranmış xaos vəziyyətdən qurtardı və o zaman baş verə biləcək vətəndaş müharibəsinin qarşısını aldı, bundan sonra ölkədə bütün sahələrdə sabit yaradıcılıq, quruculuq və inkişaf mühitini yaratdı. Ulu öndər Azərbaycanın müstəqilliyinin daimi, dönməz və əbədi olduğunu yüksək tribunadan qətiyyət və inamla elan etdi. O, həyatının son gününədək bütün gücünü və siyasi-ictimai fəaliyyət təcrübəsini Azərbaycan müstəqilliyinin qorunub saxlanılmasına sərf etdi. Bir sözlə, öz xalqının, Vətəninin vurğunu olan Heydər Əliyev Azərbaycanın həqiqi lideri və xilaskarı kimi öz missiyasını böyük şərəflə yerinə yetirmişdir.
Ölkəmizin müasir inkişaf modelini, onun siyasi və iqtisadi prespektivlərini məhz bu dahi şəxsiyyət müəyyən etmişdir. 1969-1982-ci illərdə Heydər Əliyev özünün böyük təşkilatçılıq məharətindən və şəxsi nüfuzundan xalqın mənafeyi naminə müdrikcəsinə istifadə edərək qısa müddətdə keçmiş ittifaq rəhbərliyinin diqqətini Azərbaycana yönəltdi, mərkəzi ittifaq büdcəsindən respublikamıza xeyli vəsait ayrılmasına nail oldu. Ümumiyyətlə, 1970-cı ildən başlayaraq qısa müddət ərzində Azərbaycan sənayesi və kənd təsərrüfatı orta ittifaq göstəricilərini qabaqladı və sürətlə inkişaf eməyə başladı.
Ölkəmizin müstəqilliyinin bərpasının və dünya iqtisadiyyatına davamlı inteqrasiya proseslərinin hazırkı möhkəm təməlidə məhz ulu öndər tərəfindən həmin illərdə yaradılmışdır. 1993-cü ildə xalqın istəyi və təkidi ilə Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldi və Azərbaycanın yeni dövrü üçün də özünün zəngin bilik və təcrübəsi əsasında strateji inkişaf prespektivlərini müəyyənləşdirdi və Azərbaycanda bütün sahələrdə islahatların həyata keçirilməsinə başlanıldı. İstər sənayenin inkişafında, istər sosial infrastrukturların yeniləşməsi sahəsində, istər neft, istərsə də qeyri-neft sektorunda, bütün sahələrdə gözəçarpan inkişaf vüsət aldı.
Azərbaycanın təbii sərvətlərinə, iqtisadi potensialına, dünyanın bir çox inkişaf etmiş dövlətləri maraq göstərirdi. Heydər Əliyev həmin dövlətləri , nüfuzlu beynəlxalq maliyyə və iqtisadi şirkətləri Azərbaycana dəvət etdi və iş birliyi yaratmaq üçün təkliflər irəli sürdü.
1994-cü il sentyabrn 20-də dünyanın aparıcı ölkələri, iri neft şirkətləri ilə imzalanmış “Əsrin müqaviləsi” nəticəsində Bakı-Tibilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz ixrac boru kəmərləri layihələri reallaşdı və bu əlbəttə ki, ölkəmizin dünya bazarına çıxmasında, Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş olmasında həlledici rol oynadı. Bütün bunlar Azərbaycanın hərtərəfli inkişafına, dövlət müstəqilliyinin möhkəmləndirilməsinə səbəb oldu. Heydər Əliyev siyasi uzaqgörənliyi nəticəsidir ki, Azərbaycan dünyanın aparıcı dövlətlərinin iqtisadi maraq meydanına çevrildi.
12 dekabr – ümummilli liderimiz Heydər Əliyevin anım günüdür
Ulu öndər Heydər Əliyev Azərbaycanda güclü iqtisadiyyatın yaradılması ilə bərabər, cəmiyyətin inkişafının əsas hərəkətverici qüvvəsi hesab olunan təhsilin inkişafına da böyük diqqət və qayğı göstərirdi. O deyirdi: “Təhsil hər bir dövlətin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir”.
Cəmiyyət təhsilsiz inkişaf edə bilməz. Ölkəmizdə təhsil sahəsində islahatların başlanması, öz həllini gözləyən problemlərin aradan qaldırılmasına yönəlmiş bir sıra dövlət proqramlarının qəbulu birmənalı şəkildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü sayəsində mümkün olmuşdur.
Heydər Əliyev uzaqgörən siyasətçi və dövlət xadimi idi. O, hələ SSRİ dövründə, 1969-cu ildə hakimiyyətə gəldiyi ilk dövrdən başlayaraq Azərbaycanda ciddi ehtiyac duyulan ixtisaslar üzrə ali təhsilli kadrların hazırlanmasına xüsusi diqqət yetirmiş və hər il yüzlərlə gəncin başqa respublikaların ali məktəblərinə oxumağa göndərilməsini təmin etmişdir.
Heydər Əliyevin əzəmətli şəxsiyyəti, onun Azərbaycana, doğma xalqına həsr edilmiş şərəfli ömür yolu və zəngin fəaliyyəti bu günün və gələcəyin gəncləri üçün parlaq nümunə, ibrətamiz vətənpərvərlik tərbiyəsi məktəbidir.
Yəqin çoxunun yadındadır ki, 2000-ci ilin iyun ayında Azərbaycan Respublikasında təhsilin inkişaf etdirilməsinin təkmilləşdirilməsi haqqında respublika Prezidenti fərman imzalamışdı. Həmin fərmanın müddəalarından biri Azərbaycan Kooperasiya İnstitutunu və Bakı Koperativ Texnikumunu Azərbaycan Dövlət İqtisad Universitetinin tərkibinə verilməsi idi.
<<Azərittifaq>> İdarə Heyətinin sədri Eldar Quliyevin əvəzsiz səyi nəticəsində Azərbaycan Kooperasiya İnstitutu və Bakı Kooperativ Texnikumunun pedaqoji ictimaiyyətinin və əməkdaşlarının çoxsaylı müraciətlərini və mülkiyyət hüquq münasibətlərini əsas tutaraq ölkə Prezidenti ümummilli lider Heydər Əliyev özünün 30 avqust 2000-ci il tarixli fərmanı ilə 2000-ci il iyun tarixli fərmanına düzəliş imzaladı.
Heydər Əliyevin imzaladığı fərmanlara sonradan bu cür düzəliş etməsi onun fəaliyyəti dövründə bəlkə də birinci dəfə idi. Bununla ulu öndər özünün dahi şəxsiyyət, demokratik lider, qayğıkeş rəhbər olduğunu bir daha sübut etdi.
Belə ki həmin fərmanın 7-ci bəndinə uyğun olaraq Azərbaycan respublikası Nazirlər Kabineti və Azərbaycan Respublikası Təhsil nazirliyi ilə razılaşdırılmaqla profili genişləndirilən Azərbaycan Kooperasiya Universiteti, Bakı Kooperativ Texnikumunun bazasında isə bakı Biznes Kooperasiya Kolleci yaradıldı.
Sonrakı müddət ərzində <<Azərittifaq>>ın İdarə Heyəti tərəfindən Azərbaycan Kooperasiya Universitetində və Bakı Biznes və Kooperasiya Kollecində maddi-texniki baza möhkəmləndirildi, ixtisasların siyahısı daha da genişləndirildi, pedaqoji işçilərin elmi potensialının yüksəldilməsi sahəsində əsaslı işlər görüldü.
Ulu öndər Heydər Əliyev hər zaman qeyd edirdi ki, cəmiyyətin tərəqqisinin vacib amilləri olan elm və mədəniyyətin, xalqın intellektual potensialının formalaşması onun təhsil sistemi ilə təmin edilir. Ümummilli liderin təhsilə göstərdiyi diqqət və qayğının, eləcə də təhsilin inkişafına verdiyi önəmin nəticəsidir ki, bu gün Azərbaycanda çoxlu sayda müasir təhsil ocaqları fəaliyyət göstərir.
Müəllimlərin sosial vəziyyətlərinin ardıcıl olaraq yaxşılaşdırılmasında da Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur.
Hazırda təhsil sahəsində siyasət Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İldən –ilə təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi, inkişafına ayrılan dövlət vəsaitinin artırılması bunun əyani sübutudur.
Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev Bakı Dövlət Universitetinin 9 illik yubleyinə həsr edilmiş təntənəli mərasimdə çıxışında qeyd etmişdir ki, xüsusi ilə indiki şəraitdə hər şey təhsilin səviyyəsi ilə ölçülür. Hər bir insanın gələcəyi, hər bir gəncin taleyi onun biliyindən, təcrübəsindən, savadından asılıdır. Dövlət başçısı demişdir: “Biz iqtisadi potensialımızı intellekt kapitalına çevirməliyik, qara qızıldan, maddi dəyərlərdən əldə edilən kapitalı ölkədə insan kapitalının inkişafına yönətməliyik. Bütün gücümüzü, imkanlarımızı tələbə gənclərin bu əsrin tələblərinə uyğun təhsil almalarına səfərbər etməliyik”.
Azərbaycan tarixi keçmişi, müasir dövrün gələcəyi ilə yaşamağı, yaratmağı bizə öyrədən, vəsiyyət edən xalqımızn ən böyük vətənpərvər oğlu Heydər Əliyev mənən bizimlədir və onun həmişəyaşar ideyaları əbədi olaraq xalqımızladır, hər birimizin əqidə və əməlinin istiqamətvericisidir.
Memarı və qurucusu Heydər Əliyev olan müstəqil Azərbaycan Respublikası bizim hamımız üçün canını fəda etməli, olduğumuz Vətəndir, uğrunda yorulmadan çalışmalı, işləməli, daim inkişaf etdirməli olduğumuz bir məmləkətdir, müstəqilliyini və ərazi bütövlüyünü bütün varlığımız ilə qorumalı olduğumuz bir dövlətdir, atalarımızın və övladlarımızın yurdudur. Bu gün ulu öndər Heydər Əliyevin siyasi varisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə günbəgün çiçəklənən Vətənimizin hər bir guşəsində ulu öndərin izi görünür, əməlləri yaşayır, bundan sonra da yaşayacaq, xalqımızı xoşbəxt gələcəyə aparacaqdır.

FATİMƏ QULİYEVA
Bakı Biznes və Kooperasiya
Kollecinin direktoru,
Riyaziyyat üzrə fəlsəfə doktoru

Oxşar xəbərlər