TARİXDƏ BU GÜN - 27 YANVAR

TARİXDƏ BU GÜN - 27 YANVAR 1995-ci il. Görkəmli dövlət xadimi Heydər Əliyev ilk dəfə Dünya İqtisadi Forumunda (DİF) iştirak etmək üçün İsveçrəyə gedib. Ulu Öndər yanvarın 27-dən 31-dək Davos şəhərində işgüzar səfərdə olub. Azərbaycan Respublikasının DİF-də ilk dəfə iştirakı münasibətilə forum çərçivəsində Azərbaycana həsr olunan görüş keçirilib və dahi rəhbər Heydər Əliyev ölkə haqqında, onun siyasi, iqtisadi və sosial-mədəni inkişaf göstəriciləri barədə tədbir iştirakçılarına geniş məlumat verib. Ulu Öndər ‎Azərbaycanın karbohidrogen ehtiyatlarla zəngin olduğunu və bu ‎resurslardan dünyanın gələcək inkişafı naminə istənilən ölkə ilə qarşılıqlı maraqlar əsasında ‎istifadə etmək prinsiplərini özündə əks etdirən xarici iqtisadi siyasət xətti tutduğunu bəyan edib.‎
TARİXDƏ BU GÜN - 27 YANVAR
1299–cu il. Osmanlı İmperiyasının əsası qoyulub.
TARİXDƏ BU GÜN - 27 YANVAR
1888-ci il. Vaşinqtonda Beynəlxalq Coğrafiya Cəmiyyəti təsis edilib.
TARİXDƏ BU GÜN - 27 YANVAR
1944-cü il. Böyük Vətən müharibəsi zamanı Leninqradın 900 günlük mühasirəsi başa çatıb.
TARİXDƏ BU GÜN - 27 YANVAR
1924-cü il. Görkəmli siyasi xadim, Şimali Kipr Türk Respublikasının qurucusu və birinci prezidenti Rauf Denktaş anadan olub (1924-2012) .
TARİXDƏ BU GÜN - 27 YANVAR
1571-ci il. Görkəmli dövlət xadimi, böyük sərkərdə Şah Abbas ( I Abbas Səfəvi və ya Böyük Şah Abbas) anadan olub (1571–1629). 42 il Səfəvi dövlətini idarə etmiş şah I Abbas Azərbaycan tarixinin görkəmli şəxsiyyətlərindən biri, şah I İsmayıldan sonra Səfəvilər sülaləsinin ən tanınmış nümayəndəsi olub. Avropada onu “Böyük Abbas” adlandırırdılar. Şah Abbas Azərbaycan dilinə böyük önəm verib. Sarayda Azərbaycan dilində danışmaq məcburi və zəruri idi.
TARİXDƏ BU GÜN - 27 YANVAR
1906-cı il. Azərbaycan alimi, tarixçisi və şərqşünası, Dövlət Mükafatı laureatı, Əməkdar Elm Xadimi, “Şöhrət” ordenli Sara Aşurbəyli anadan olub (1906-2001). O, Yaxın və Orta Şərq xalqları tarixinin bilicisi olmaqla yanaşı, həm də rəssam və musiqiçi idi. Sərgilərdən birində onun “Göygöl” əsərini Meksika nümayəndələri alıblar. Bu əsər indi Meksika muzeylərindən birində saxlanır. S.Aşurbəyli “Bakının tarixinə dair oçerklər”, “Orta əsrlərdə Azərbaycan və Hindistanın iqtisadi və mədəni əlaqələri” və “Şirvanşahlar dövlətinin tarixi” kitablarının müəllifidir.
TARİXDƏ BU GÜN - 27 YANVAR
1756-cı il. Dahi Avstriya bəstəkarı, Avropa klassik musiqisinin ən nüfuzlu nümayəndələrindən biri Volfqanq Amadey Motsart anadan olub (1756-1791). Motsart bəstəkarlıqla yanaşı, həm də mahir skripkaçı, orqan ifaçısı və dirijor idi. Dahi bəstəkar qeyri-adi musiqi duyumu, eşitdiyi musiqiləri yadda saxlamaq və improvizə etmək kimi fenomenal qabiliyyətlərə malik olub. Yaratdığı 600-dən çox əsəri simfonik, konsert, kamera, piano, xor kimi klassik musiqi janrlarının ən yüksək zirvələrində qərarlaşıb. Onun əsərləri dünyanın ən nüfuzlu orkestrlərinin konsert repertuarlarının ayrılmaz hissəsini təşkil edir. Motsart tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.
TARİXDƏ BU GÜN - 27 YANVAR
1832-ci il. İngilis yazıçısı Luis Kerrol anadan olub(1832-1898). Onun ən məşhur əsəri “Alisa möcüzələr adasında” adlanır.
TARİXDƏ BU GÜN - 27 YANVAR
1901-ci il. İtaliya bəstəkarı, dirijoru Cüzeppe Verdi vəfat edib (1813-1901). Əsasən opera əsərlərinin müəllifi olub. Onun bir çox əsərləri hazırda dünyanın məşhur teatr səhnələrində tamaşaya qoyulur. C.Verdi gənc yaşlarında Milan konservatoriyasına Lombardo-Venesiya krallığının vətəndaşı və musiqi istedadı "olmadığına" görə qəbul edilməsə də, indi Milan Dövlət Konservatoriyası bəstəkarın adını daşıyır.

Tehsil-press.az

Oxşar xəbərlər