Cənab nazir!
Hörmətli Ramil müəllim!
İlk öncə onu qeyd etmək istərdim ki, Sizin dövlətimiz və dövlətçiliyimiz üçün uzun müddət göstərdiyiniz sədaqətli fəaliyyətə, vicdanla etdiyiniz xidmətə görə bir vətəndaş olaraq Sizə minnətdaram! Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla aparılan daxili və xarici siyasətin nəticsidir ki, ölkəmizdə əmin-amanlıq, sabitlik var. Bu yolda Sizin, eləcə də rəhbərlik etdiyiniz qurumların payı az deyil.
İstər xarici, istər daxili düşmənlərimiz çalışsalar da öz çirkin niyyətlərinə çata bilməyiblər. Çünki dövlətimizin keşiyi etibarlı əllərlə qorunur.
Cənab nazir!
Mən Sizi hər xırda məsələyə görə narahat etməzdim. Əgər başıma gələn və şəxsən şahidi olduğum haqsızlıqlar olmasaydı. Belə ki, 07 fevral 2017-ci il tarixdə saat təqribən 11-12 radələrində, dövlət nömrə nişanı 90-KM-907 olan şəxsi avtomobilimi, şəhərimizin Həsən Əliyev küçəsində yerləşən “Qrand Hospital”ın qarşısında heç kimsəyə maneəçiliyi olmayan ərazidə saxlamışdım. Övladımı adıçəkilən hospitalda həkim müayinəsindən keçirib bayıra çıxarkən, avtomobilimin yerində olmadığını görüb olduqca təəccübləndim. Bir qədər axtarış etdikdən sonra mənə məlum oldu ki, avtomobilimi Nəsimi rayonu ərazisindəki 8 saylı Siqnal-Cərimə Meydançasına aparıblar. Belə bir məlumat əldə etdikdən sonra ləngimədən həmin cərimə meydançasına getdim və gözlərimlə gördüyüm ərazidə yaşanan izdihamın şahidi oldum. Az sonra onu da dəqiqləşdirə bildim ki, bu cərimə meydançasında əsl “bezpredel”lik yaşanır, bir kimsənin etirazı saya salınmır.
Qol qoyulan qanunsuzluqlara etirazını bildirən hər kəs ölkə rəhbəri cənab İlham Əliyevə, DİN-nin rəhbərliyinə, şəxsən Sizə və digər qurumlara müraciət edəcəklərini bildirsələr də içəridəkilərin cavabı o olurdu ki, “pulunu ver də çıx get, kimə, hansı ünvana istəyirsən şikayətini göndər” cavabını verirdilər. Mən adı çəkilən cərimə meydançasındakı otlağa daxil olub avtomobilimi gətirən şəxsin kimliyini dəqiqləşdirmək istədikdə, ilk olaraq üz-üzə gəldiyim şəxs pois leytenant oldu. Elə ki, ona sual verib cavab əldə etmək istədim, həmin an onun cavabı o oldu ki, “avtomobilini mən gətirmişəm, növbəni gözlə, pulunu ödə və çıx get”. Bir daha adını və soyadını dəqiqləşdirə bilmədiyim polis leytenantına bildirdim ki, “mənə qarşı edilən haqsızlıqlarla bağlı şikayətlərimi edəcəyəm” dedikdə, onun cavabı o oldu ki, “get kimə istəyirsən şikayətini et, mən bir kimsəni saya salmıram” deməklə, sanki o, bir kimsədən çəkinmədiyini, ehtiyat etmədiyini ortaya qoymuş oldu. Mənə verilən bu cür cavabdan sonra o halın da şahidi oldum ki, belə bir cavab tək mənə deyil, orada olan insanlara verilən cavablardır.
Onu da qeyd edim ki, 8 saylı Siqnal-Cərimə Meydançasında yaşanan ab-hava, “bezpredel”lik, üz-üzə qaldığım haqsızlıq və s. kimi olaylar, məni DİN-nin 102 xidmətinə zəng etməyə də vadar etdi. Çünki şahidi oldum ki, bu cərimə meydançasında əməlli-başlıca anarxiya hökm sürdüyündən, bir kimsəni dinləyən, haqlı etirazları eşidən yoxdur. Məsələn, mənim avtomobilimi qanunsuz cərimə meydançasına gətirmişdilər. Bunu onunla əsaslandırıram ki, avtomobili saxladığım yerdə “aytomobil saxlamaq qadağandır” nişanı yoxdur, yaxud da avtomobilim nəyəsə maneə olmurdu.
Ümumi müşahidələrim zamanı onu da müəyyən edə bildim ki, 8 saylı Siqnal-Cərimə Meydançasında çalışanlar çoxsaylı sürücüləri dövlət, hakimiyyət orqanlarından sanki bilərəkdən narazı salmaqdadırlar. Məsələn, adını və soyadını dəqiqləşdirə bilmədiyim polis leytenantı dönə-dönə bildirdi ki, “mən bir kimsəni saya salmıram”. (Onu da qeyd edim ki, yazılan cərimə sənədində qərar qəbul edən vəzifəli şəxsin adı belədir: Hacyev Mehdi Firdovsi oğlu) O halda sual oluna bilər ki, bu cür danışıq, belə bir ifadə forması nə deməkdir? Axı, vətəndaşı olduğumuz dövlətimiz var, güclü dövlət başçımız var, qanunlarımızın təminatçısı olan güc strukturlarımız, o cümlədən DİN-miz var! Bu belə olduğu halda kim o qənaətə gəlməz ki, leytenant rütbəsi daşıyan bir şəxs, məhz dövlətimizi, dövlətçiliyimizin varlığını şübhə altında qoymur ?. Odur ki, bu yöndə də düşünməyə zərurət yaranır. Məgər həmin şəxsə leytenant rütbəsini verən ölkənin DİN-i deyilmi?
Cənab nazir!
Sizdən xahiş edirəm, mənim müraciətim cavabsız qoymayın. Əgər belələri, əyninə polis forması geyinib, polis adına, Daxili İşlər oqranına ləkə gətirə bilirsə o mənada cəzalanmalıdır. Axı biz müstəqilliyimizi, dövlətçiliyimizi asan qura bilməmişik. Xalqın, millətin güvən yeri bildiyi səs verib seçdiyi Prezidenti var! Təhlükəsizliyimizi, hüquqlarımızı qoruyan Daxili İşlər Nazirliyimiz var!
Mən jurnalistəm, 27 ildən çoxdur mətbuatda çalışıram, neçə kitabın, elmi-publisist yazıların müəllifiyəm. Həmişə Vətən üçün, dövlət və dövlətçiliyimiz üçün üzərimə düşən vətəndaşlıq borcumu vicdanla yerinə yetirməyə çalışmışam. İndi ki, bu maliyyə çətinliyi dövründə mən heç bir qayda pozuntusu etmədən, nə səbəbə cərimə ödəməliyəm və üstəlik də təhqir olunmalıyam.
Əvvəlcədən Sizə minnətdaram.
Böyük ümidlərlə və hörmətlə:
Əkbər Hüseynzadə
"Tehsil-press.az"
İnformasiya Agentliyinin rəhbəri
Əkbər Hüseynzadə
"Tehsil-press.az"
İnformasiya Agentliyinin rəhbəri