“Elm və din” kitabı xalqımızın dini təsəvvürlərinin bütün tarixi mərhələlərinə işıq salır

“Elm və din” kitabı xalqımızın dini təsəvvürlərinin bütün tarixi mərhələlərinə işıq salır Bakı Slavyan Universitetinin (BSU) prorektoru, professor Rafiq Novruzov və Maksim Tank adına Belarus Dövlət Universitetinin professoru Anatoli Girutskinin həmmüəllifi olduqları “Elm və din” dərs vəsaitinin təqdimatı keçirilib.
Moskvanın məşhur “Flinta” nəşriyyat evi tərəfindən çap edilən kitab humanitar ixtisaslar üzrə təhsil alan tələbələr, eləcə də fizika, riyaziyyat, biologiya, teologiya və digər sahələrdə çalışan mütəxəssislər üçün nəzərdə tutulub.
BSU-da təşkil olunan tədbirdə universitetin rektoru, professor Nurlana Əliyeva kitabda dinlərin tarixindən, fəlsəfi əsaslarından, İslamın Allah tərəfindən bəşəriyyətə bir töhfə kimi göndərilməsindən danışıb. Diqqətə çatdırılıb ki, bəzi qərb ölkələrində yayılmış islamofobiyanın heç bir əsası yoxdur və İslam dünyanın ən tolerant dinlərindəndir. Kitabda Allah sevgisinin insanları düz yola çəkməsi, İslamın sülh və barış dini olması real həyati faktlar və nümunələrlə izah edilir. Sovet dönəmində, totalitar rejimin hər şeyi nəzarətdə saxladığı bir zamanda belə Azərbaycan xalqı öz dini inancından, əqidəsindən dönməyib.
Rektor nəşrin Azərbaycan xalqının dini təsəvvürlərinin bütün tarixi mərhələlərinə işıq saldığını, dinin fəlsəfi mahiyyətini ciddi elmi əsaslarla şərh etdiyini bildirib. Kitabın həmmüəllifi R.Novruzovun dilçi, ədəbiyyatçı olmaqla yanaşı, həm də görkəmli filosof olduğunu deyən N.Əliyeva diqqətə çatdırıb ki, əsərdə mütləq həqiqət, dünya, yaradılış barədə yeni yanaşma ortaya qoyulub. R.Novruzovun bütün dinlərin vahid kökə malik olması barədə fikirləri “Quran” həqiqəti ilə üst-üstə düşür.
Filologiya elmləri doktoru, professor Rüstəm Kamal “Elm və din” kitabının son dərəcə aktual bir mövzuya - dinin insan həyatındakı yerinə, cism və ruh məsələsinin fəlsəfi əsaslar üzərində şərhinə həsr olunduğunu vurğulayıb. O deyib: “Dörd yüz on altı səhifədən ibarət kitabda dini və elmi həqiqətlər barədə fundamental təsəvvürlər ümumi bir modeldə birləşdirilib. Nəşrdə, eyni zamanda, teologiyada və elmdə ikili həqiqətlər nəzəriyyəsi nəzərdən keçirilib, humanitar və təbii biliklər əsasında mütləq həqiqət rasional şəkildə əsaslandırılıb”. .
R.Kamal bütün dinlərin əsas məqsədinin insanın kamilliyə gedən yolunu işıqlandırmaq olduğunu deyib. Müəllifin qarşısına son dərəcə mürəkkəb vəzifə qoyduğunu vurğulayan R.Kamal kitabdakı fikirlərin həm filosoflar, həm də ilahiyyatçı alimlər üçün maraqlı olacağına əminliyini bildirib.
Tarix elmləri üzrə fəlsəfə doktoru, dosent Əsgər Əhməd kitabın dərsliklə yanaşı, həm də bir tədqiqat əsəri olduğunu qeyd edib. O, nəşrdə sakral mətnlərin kulturoloji aspekti barədə müəllifin tanınmış alimlərlə polemikaya girməsini və mövcud nəzəriyyələrə münasibətdə yeni mövqe sərgiləməsini əsərin ən uğurlu cəhətlərindən biri kimi dəyərləndirib. Ə.Əhməd diqqətə çatdırıb ki, əsərin ən böyük əhəmiyyəti Allahın dərkində yeni biliklərdən istifadə perspektivlərinin nəzərə alınmasıdır.
BSU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Xanım Sultanova kitabın linqvistik xüsusiyyətlərindən, multikultural dəyərləri əsaslandıran ideya-məzmun keyfiyyətindən danışıb. O, nəşrdə şərh olunan dünya ruhu barədə nəzəriyyənin insanları ayırmadığını, əksinə, onları bir–birinə daha da yaxınlaşdırdığını qeyd edib.
Sonda əsərin müəllifi R.Novruzov kitabın ərsəyə gəlməsi barədə ətraflı məlumat verib, toplaşanlara təşəkkürünü bildirib.

BSU-nun Mətbuat xidməti


“Elm və din” kitabı xalqımızın dini təsəvvürlərinin bütün tarixi mərhələlərinə işıq salır“Elm və din” kitabı xalqımızın dini təsəvvürlərinin bütün tarixi mərhələlərinə işıq salır


Oxşar xəbərlər