Azərbaycan Universitetində şəbəkə ədəbiyyatı müzakirə olunub

Azərbaycan Universitetində şəbəkə ədəbiyyatı müzakirə olunub Azərbaycan Universitetində internetin ədəbiyata təsiri və şəbəkə ədəbiyyatı müzakirə olunub. Azərbaycan dili və ədəbiyyat kafedrasının təşkilatçılığı ilə keçirilən dəyirmi masada kulis.az saytının baş redaktoru Şərif Ağayar, simsim.az saytının baş redaktoru Qismət Rüstəmov, avanqard.net saytının baş redaktoru Səxavət Sahil, manera.az saytının baş redaktoru Şəhla Aslan, 525-ci qəzet və parafr.az saytlarının nümayəndəsi Cavid Qədir, artkaspi.az saytının nümayəndəsi Aysu Kərimova və kafedranın professor – müəllim heyəti iştirak edib.
Dəyirmi masa ətrafında nəzəri söhbətdə internet və ədəbiyyatın qarşılıqlı əlaqələri müzakirə olunub, ortaya çıxan problemlər və həll yolları ətrafında fikir mübadiləsi aparılıb.
Tədbiri Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri, dosent Ülviyyə Rəhimova açıb. Kafedra müdiri qeyd edib ki, həyatın bütün sahələrinə nüfuz edən internet ədəbiyyata da təsirsiz ötüşməyib. Yeni texnologiya kimi ortaya çıxan internet yazıçı ilə oxucu arasındakı məsafəni aradan qaldırıb. Ədəbiyyatın kütləviləşməsi bəzi ziddiyətli məqamlar və problemlər yaradıb. Kafedra müdiri bildirib ki, dəyirmi masada məhz bu kimi problemlər müzakirə olunacaq.
Simsim.az saytının baş redaktoru Qismət Rüstəmov qeyd edib ki, internetin təsiri ilə ədəbiyyatda müəllif mərkəzli dünyadan oxucu mərkəzli dünyaya keçid baş verib. Kitabın təbliğatı asanlaşıb, yazıçı və kitab daha əlçatan olub, kitab mağazaları onlaynlaşıb. Yeni texnologiya nəqletmə formalarına da təsir göstərib. Bütün bunlarla birlikdə internetin ədəbiyyata təsirləri ilə bağlı fikirlər haçalanır. Elektron yazının kitabı sıradan çıxarması, ciddi ədəbiyyatın ikinci plana keçməsi, böyük kitab mağazalarının bağlanması kimi problemlər yaşanır. Ən böyük problem isə müəllif hüquqları sahəsində yaşanır. Qismət Rüstəmov deyib ki, ciddi ədəbiyyatın klassik formada oxunmağa davam edəcəyi, populyar ədəbiyyatın isə öz varlığını şəbəkədə sürdürəcəyi proqnozlaşdırılır.
Kulis.az saytının baş redaktoru Şərif Ağayar bldirib ki, internetin təsiri ilə oxucu həm də yazıçı kimi çıxış etmək imkanı əldə edib. Artıq oxucunun da “qələm”i və “tribuna”sı var. Ədəbiyyat məhsulunun nadir hallarda kütləvi reaksiya yaratdığını vurğulayan baş redaktor sayta oxucu trafikinin cəlb olunması ilə problemi ön plana çıxarıb və kulis.az saytında bu problemi necə həll etdiklərini nümunələr əsasında izah edib. Şərif Ağayar çıxışında internetdə yaranan ədədbiyyat ilə bağlı ciddi yazıların sayının artırılmasına dair tənqidləri də cavablandırıb.
Avanqard.net saytının baş redaktoru Səxavət Sahil rəhbərlik etdiyi saytda əsasən ciddi mətnlərə üstünlük verildiyini qeyd edib. Səxavət Sahil tənqidçilərin virtual məkanla uyğunlaşmasının çətinliyi mövzusu üzərində dayanıb.
Manera.az saytının baş redaktoru Şəhla Aslan rəhbərlik etdiyi saytda əsasən gənc istedadların yazılarının və tərcümələrin yerləşdirildiyini bildirib. Şəhla Aslan çıxışında yazılarda üzləşdikləri dil və üslub qüsurlarını ön plana çıxarıb.
525-ci qəzet və parafr.az saytlarının nümayəndəsi Cavid Qədir tərcümə ədəbiyyatının problemlərinə toxunub və istinad mədəniyyətinin vacibliyini vurğulayıb.
Artkaspi.az saytının nümayəndəsi Aysu Kərimova internetdə yaranan ədəbiyyatın kütləyə hesablandığını və zövqlü oxucunun yaxşı ədəbiyyatı kitabdan yaxud intenetdən tapıb oxuyacağını deyib. Bu səbəbdən oxucu zövqünün formalaşması əsas şərt olmalıdır.
Azərbaycan dili və ədəbiyyat kafedrasının professoru Asif Hacıyev şəbəkə ədəbiyyatının yaradıcılıq məsələləri və müəllif hüquqları ilə bağlı problemlərə toxunub və bildirib ki, internetdə yaranan ədəbiyyat ilə çap ədəbiyyatının internetə yerləşdirilməsi arasında fərq olmalıdır. Asif Hacıyev Azərbaycanda özünün formalaşması dövrünü yaşayan şəbəkə ədəbiyyatı təcrübəsini Rusiya və Avropa təcrübəsi ilə müqayisə edib.
Tədbirdə qeyd olunub ki, virtuallaşma dövrün tələbidir, forma dəyişsə də kitab insan həyatında əhəmiyyətini heç vaxt itirməyəcək.

İctimaiyyətlə əlaqələr şöbəsi

Azərbaycan Universitetində şəbəkə ədəbiyyatı müzakirə olunubAzərbaycan Universitetində şəbəkə ədəbiyyatı müzakirə olunub




Oxşar xəbərlər