Yaxın Şərqdə yeni "ordu", yaxud ABŞ-ın yeni planları

Yaxın Şərqdə yeni Yaxın Şərq regionunda ümumi geosiyasi vəziyyət gərginliyini nəinki saxlayır, hətta daha mürəkkəb bir situasiyaya yuvarlanır. Vaşinqtonun Suriya Demokratik Qüvvələri ilə 30 minlik PYD/YPG ordusu yaratmaq planı haqqında informasiya yayması ilə regionda proseslər bir qədər də gərgin xarakter aldı. Bir sıra dövlətlər buna etirazlarını bildirdilər.
Türkiyə isə ABŞ-ın, əslində, PYD/YPG üçün yaratmaq istədiyi ordunu beşiyində boğacağını bəyanladı. Bununla da ekspertlər regionda növbəti savaş ehtimalının yüksəldiyindən danışdılar. Gedən proseslərin Yaxın Şərqə və ona yaxın regionlara mümkün təsirləri üzərində düşünməyə ehtiyac yaranıb. O cümlədən böyük dövlətlər arasında nüfuz savaşının hansı təhlükələr yarada biləcəyi maraq doğurur.
Təhlükəli addım: Vaşinqtonun "su bulandırması"
Ekspertlər yekdilliklə Yaxın Şərqdə vəziyyətin daha da gərginləşdiyini bildirirlər. Region ölkələri arasında müşahidə edilən ziddiyyətlər kifayət qədər yeni problemlər meydana çıxarmaqdadır. Belə bir situasiyada Vaşinqtonun Suriyanın şimalında Suriya Demokratik Qüvvələri ilə 30 minlik ordu yaratmaq planından bəhs etməsi bir növ "odun üstünə yağ tökmək" effekti verdi. Türkiyə, Rusiya, İran ciddi surətdə etiraz etdilər. Ayrıca, Ankara yaradılması planlanan "ordu"nu beşiyində məhv edəcəyini açıq bildirdi.
Prezident R.T.Ərdoğan ABŞ rəhbərliyini sərt şəkildə ittiham edərək, bir terror təşkilatını digərinə dəstək verməklə məğlub etməyin mümkün olmadığını bəyan etdi. Türkiyə rəhbərliyi Suriyanın Afrin bölgəsini terrorçulardan təmizləyəcəyini birmənalı vurğuladı. Artıq türk ordusu həmin bölgəni mühasirəyə alaraq, PKK/KCK/PYD/YPG və İŞİD terror qruplaşmalarının üzvlərinə qarşı "Zeytun budağı" adlı əməliyyata başlayıb.
Türkiyənin rəsmi dairələri məsələ ilə əlaqədar aktiv diplomatik fəaliyyət göstərirlər. Baş Qərargah rəisi H.Akar Brüsseldə NATO toplantısı zamanı bir sıra görüşlər keçirib. O cümlədən ABŞ-ın müdafiə naziri və dövlət katibi ilə müzakirələr aparıb. Həmin görüşdən sonra R.Tillerson "Türkiyəyə məsələ ilə bağlı bir açıqlama vermək borcumuz var", deyib. Ondan bir az əvvəl Pentaqon da bəyan edib ki, Şimali Suriyada ordu qurulmasından söhbət getmir, əsas hədəf həmin bölgədə təhlükəsizliyi təmin etmək və İŞİD-i sona qədər məhv etməkdir.
Lakin Türkiyə rəhbərliyi bu kimi fikirləri ziddiyyətli hesab edir. Çünki təcrübə göstərir ki, amerikalılar bir söz deyir, ancaq başqa iş görürlər. Bundan başqa, artıq 200-dən çox terrorçuya ABŞ xüsusi təyinatlılarının təlim keçdiyi haqqında informasiyalar yayılmaqdadır. Bu rəqəmin 30 minə çatdırılacağını da Suriya Demokratik Qüvvələrinin təmsilçisi deyib. Ankara deyilən sözlərdən çox atılan praktiki addımlara diqqəti çəkir. Belə ki, ABŞ-ın SDQ-yə bir neçə min yük maşını silah verdiyini söyləyir və bu prosesin indi havadan da aparıldığını ifadə edir. Deməli, sürətlə silahlanma gedir. Bunun səbəbi haqqında isə Vaşinqton konkret bir söz demir.
Buna görədir ki, yanvarın 17-də keçirilən Türkiyə Milli Təhlükəsizlik Şurasının aldığı qərarlar sırasında amerikalıların PYD/YPG-yə verdiyi silahları geri toplaması haqqında da bənd vardır. Bu tələbin yerinə yetirilib-yetirilməyəcəyi aydın deyil. Lakin ekspertlərin fikrincə, Türkiyə Milli Təhlükəsizlik Şurasının son toplantısında Afrin və Münbiclə bağlı lazımi tədbirlərin görüləcəyi ilə bağlı qərarın verilməsi Ankaranın situasiyaya çox ciddi yanaşdığını göstərir. Bu aspektdə türk ordusunun Suriyada qarşısına çıxacaq hər kəslə savaşa biləcəyini təxmin etmək olar.
Maraqlı vəziyyət yuxarıda vurğulanan məqamlar kontekstində NATO-da yaranıb. Çünki Türkiyə NATO-nun üzvüdür və bu təşkilatın nizamnaməsinin 5-ci bəndinə görə, üzv dövlətlərin sərhədləri həm də NATO-nun sərhədidir. Belə çıxır ki, ABŞ NATO üzvü olduğu halda, təşkilatın digər üzvünün sərhədlərini terrorçuların qorumasına cəhd edir. Təbii ki, tam nonsensdir və Şimali Atlantika Alyansı həmin paradoksu həll etməlidir. Ən azından Ankara hesab edir ki, Vaşinqton onun düşmənlərini silahlandırır. Bu problem NATO üçün ciddi başağrısı ola bilər.
Qarşıdurma: təhlükəli ssenarilər
Beləliklə, daha çox Vaşinqtonun müəmmalı addımları ilə Suriya və İraqda kifayət qədər mürəkkəb vəziyyət yaranıb. Hər iki ölkənin təhlükəsizliyinə ciddi təhdidlər mövcuddur. Suriyada isə durum daha böhranlı vəziyyətdədir. B.Əsəd demək olar ki, ölkənin əksər ərazisinə nəzarət edə bilmir və təsadüfi deyil ki, orada ümumi gedişatı ruslar, iranlılar, türklər və amerikalılar istiqamətləndirir. Bu halda Suriyanın dövlət olaraq ciddi təhlükələrlə üz-üzə qaldığını etiraf etmək gərəkdir. Yəni hətta xarici güclər ölkəni rəsmi olaraq nüfuz dairələrinə bölə bilərlər. Artıq havada Amerika və Rusiya dominantlıq edir. Bu, müvəqqəti olaraq sabitliyi təmin edirsə, perspektivdə Suriyanın suverenliyinə və ərazi bütövlüyünə böyük təhlükədir.
Sonra, Vaşinqtonun İŞDİ-in məğlub edilməsi ilə ortaya yeni bir qanunsuz silahlı qruplaşma çıxarmaq niyyəti açıq-aşkar görünür. Ekspertlər bir neçə ay əvvəl İŞİD-i başqa bir terror təşkilatının əvəz edə biləcəyi ilə bağlı proqnozlar verirdilər. Demək olar ki, həmin proqnoz özünü doğruldur. Ancaq burada bir yenilik var. Məsələ ondan ibarətdir ki, Amerika bu dəfə qanuni don altında qanunsuz silahlı qrup yaradır. Əgər İŞİD əzəldən Suriya və İraq hakimiyyətinə qarşı mövqedə idisə, Suriya Demokratik Qüvvələri üçün yaradılmalı olan silahlı qrup bəri başdan rəsmi status almış və sabitliklə sərhədi qorumağa məsul edilmiş təşkilat olaraq təqdim edilir. Bu, beynəlxalq münasibətlərdə bir sıra yeni problemlər yarada bilər. Belə ki, Suriya real parçalanma ilə üzləşər. O halda ABŞ-ın yaratdığı silahlı qrupu terrorçu deyə aradan qaldırmaq çox mürəkkəb bir iş olacaq.
Digər tərəfdən, bu cür yaradılan hərbi qruplaşma bütövlükdə Yaxın Şərq üçün böyük təhlükədir. Konkret deyilsə, həmin nümunə regionda dövlətçilik üçün ciddi təhdidlər yarada bilər. Digərləri də analoji addımlar ata bilər ki, sonucda bütün müsəlman ölkələri bir-birinə düşmən kəsilər. Ən azından bölgə xalqları arasında legitimlik uğrunda mənasız, nəzarətsiz və qarşısıalınmaz proseslər başlayar. Şübhəsiz ki, belə bir vəziyyətdə regionun heç bir ölkəsinin ərazi bütövlüyünə təminat qalmaz.
Geosiyasi aspektdə başqa düşündürücü məqam böyük güclər arasında nüfuz uğrunda savaşın daha geniş məkanda silahlı qarşıdurmaya keçməsi ehtimalının artması ilə bağlıdır. Çünki ABŞ-ın atdığı addıma qarşı Rusiya, İran və Çin də konkret cavab hazırlaya bilərlər. Rusiyanın ciddi etiraz etdiyini yuxarıda qeyd etmişdik. Moskva mövqeyini gücləndirmək üçün daha nələr edə bilər? Xatırladaq ki, bir neçə gün öncə Rusiyanın Hmeymimdəki hərbi bazasına dronlarla hücum edilmişdi. Əvvəlcə, hadisəni Türkiyənin boynuna qoymağa çalışdılar, təsdiqini tapmadı. Sonra, ABŞ rəsmi olaraq olayla əlaqəsinin olmadığını bəyan etdi. Bunların fonunda rusiyalı mütəxəssislərin gəldiyi nəticə belə oldu: Suriyadakı Rusiya hərbi kontingentlərini daha təhlükəsiz qorumaq üçün əlavə hərbi gücə ehtiyac vardır!
Bununla da Rusiyanın əlində Suriyada öz hərbi gücünü artırması üçün arqument vardır. Onda həmin regionda böyük güclərin hərbi qarşıdurmasının daha da güclənə biləcəyini proqnozlaşdırmaq olar. Məsələnin digər bir tərəfi də kifayət qədər təhlükəlidir. Məsələ Suriya və İraqda indi mövcud olan qruplar arasında savaşın şiddətlənməsi ilə bağlıdır. Artıq Kərkükdə narahatedici hadisələr baş verir. Türkiyə Milli Təhlükəsizlik Şurasının son toplantısının qərarında Kərkükdə artan gərginlikdən narahatlıq bildirilib və Bağdadın bölgədə dəyişiklikləri hüquqi çərçivədə aparacağına, şəhərin demoqrafik tərkibində süni dəyişikliklər etməyəcəyinə ümid ifadə olunub.
Bütün bunlar onu göstərir ki, adı nə olur-olsun, Suriya, yaxud İraqda hərbi qrupların yaradılması ümumən region üçün böyük təhlükələr meydana gətirir. Hətta yeni terrorçu, separatçı və ekstremist dalğa formalaşa bilər ki, bunun da Yaxın Şərqdəki vəziyyətə təsiri aydın deyil. Bu baxımdan ABŞ-ın Suriya Demokratik Qüvvələri üçün nəzərdə tutduğu planlar olduqca təhlükəli görünür. Yaranmış problemləri əlavə olaraq kimlərisə silahlandırmaq yolu ilə deyil, qrupları silahsızlaşdırmaq və siyasi dialoqu təşkil etmək üsulu ilə həll etmək olar. Təəssüf ki, bu barədə Türkiyədən başqa düşünən yoxdur.

Tehsil-press.az

Oxşar xəbərlər