Məktəblilər arasında keçirilən müsabiqədə ən yaxşı təqdimat müəyyənləşəcək

Məktəblilər arasında keçirilən müsabiqədə ən yaxşı təqdimat müəyyənləşəcək Bakıda məktəblilər arasında keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsinin rayon mərhələsi başlayıb.
Müsabiqə təhsil nazirinin əmrinə əsasən, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar IX-XI sinif şagirdləri arasında təşkil edilib. Müsabiqənin keçirilməsinin əsas məqsədi Ulu Öndərin zəngin siyasi irsinin, həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işini daha da gücləndirməkdir.
BŞTİ-nin tabeliyindəki ümumtəhsil müəssisələri şagirdlərinin 232 təqdimatı məktəbdaxili qiymətləndirmələr zamanı müsabiqənin rayon mərhələsinə vəsiqə qazanıb. BŞTİ-nin nəzdində fəaliyyət göstərən Təlimə Dəstək Mərkəzində həmin təqdimatların dinlənilməsinə başlanılıb. Martın 10-dək davam edəcək dinləmələrdə ən uğurlu təqdimatlar müsabiqənin şəhər mərhələsinə keçəcək. Martın 15-16-da təşkil olunacaq şəhər mərhələsində uğur qazanan 12 ən yaxşı təqdimat müəllifi isə apreldə ölkə turunda iştirak hüququ qazanacaq.
Müsabiqədə qiymətləndirmə təqdimatçının sərbəstliyi, nitqinin səlisliyi, ardıcıllığı və ifadəliliyi, lüğət ehtiyatının zənginliyi, ulu öndər Heydər Əliyevin genişmiqyaslı fəaliyyəti barədə dolğun və əhatəli məlumata malik olduğunu nümayiş etdirməsi, irəli sürdüyü fikirləri faktlarla əsaslandırması, Ümummilli Liderin Vətən və xalq qarşısında xidmətləri barədə şəxsi mülahizələrini bildirməsi, ədəbi-bədii nümunələrə müraciət etməsi, təqdimatı müəyyən olunmuş müddətdə başa çatdırması və digər meyarlara əsasən aparılır.

Tehsil-press.az

Oxşar xəbərlər