Ən yaxşı təqdimatın müəllifləri mükafatlandırıldı

Ən yaxşı təqdimatın müəllifləri mükafatlandırıldı Azərbaycanın müxtəlif bölgələrindən olan 65 şagird təşkilatçılardan qiymətli hədiyyələr aldı
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə təşkil olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Heydər Əliyev Mərkəzində keçirilən tədbir İncəsənət Gimnaziyasının xor kollektivinin ifasında Dövlət himni ilə başlayıb.
Təhsil naziri Ceyhun Bayramov ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışıb. Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə dövlətimizin hərtərəfli inkişafına və dünya miqyasında tanınmasına xidmət edən addımlar atıb. Ulu öndərin əsasını qoyduğu təhsil siyasətinin bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
Ümumtəhsil müəssisələrinin şagirdləri arasında keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsinin dahi siyasətçi və görkəmli dövlət xadimi Heydər Əliyevin zəngin irsinin, genişmiqyaslı fəaliyyətinin və dövlətçilik fəlsəfəsinin gənc nəsil tərəfindən öyrənilməsi baxımından əhəmiyyətini xüsusi qeyd edən nazir müsabiqə qaliblərini qazandıqları uğur münasibətilə təbrik edib.
Tədbirdə çıxış edən Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov bildirib ki, Heydər Əliyevin anılması, onun adı ilə bağlı tədbirlərin keçirilməsi Azərbaycanda ənənəyə çevrilib. Bu, hər şeydən əvvəl, insanların Heydər Əliyevin əziz xatirəsinə dərin ehtiramının göstəricisidir: “Bu müsabiqədə iştirak edən gənclər, hər şeydən əvvəl, Heydər Əliyevin dərin irsini öyrənirlər. Güman edirəm ki, Heydər Əliyev ideyaları onların həyatında bir mayaka çevriləcək, həyatda aydın mövqe tutmalarına töhfələrini verəcək. Bu müsabiqənin keçirilməsinin digər əhəmiyyəti də müsabiqə iştirakçılarında siyasi təfəkkürü formalaşdırmasıdır. Bu mənada, hesab edirəm ki, müsabiqə bir yandan Heydər Əliyevə böyük hörməti ifadə edir, ikinci tərəfdən isə şagirdlərimizin ictimai təfəkkürünün formalaşmasına çox ciddi təsir göstərir”.
Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov da müsabiqənin əhəmiyyətini vurğulayıb. Müsabiqənin təşkilatçılarından olan Heydər Əliyev Fondunun fəaliyyət istiqamətlərindən danışan Anar Ələkbərov bildirib ki, Fond ölkəmizin tərəqqisi və xalqımızın rifahına xidmət edən genişmiqyaslı layihələr həyata keçirərək ümummilli lider Heydər Əliyevin ideyalarını davam etdirir.
“Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə reallaşan konkret layihələrlə, əməli işlərlə Fond bütün xalqımızın hörmət və etibarını qazanmağa nail olub. Biz, eyni zamanda, öz humanitar fəaliyyətimizlə beynəlxalq ictimaiyyətin rəğbətini qazanan ölkənin ən böyük qeyri-hökumət təşkilatı kimi Azərbaycanı dünyada layiqincə təmsil edirik. Bütün bu çoxşaxəli fəaliyyətin təməlində ulu öndər Heydər Əliyevin ideyaları və bu ideyalara xidmət amalı dayanır. Bugünkü müsabiqə onu göstərir ki, Azərbaycan gəncliyi ümummilli lider Heydər Əliyevin xalqımızın qarşısındakı misilsiz xidmətlərini, onun müəllifi olduğu dövlət quruculuğu konsepsiyasını dərindən öyrənməyə böyük maraq göstərir. Bu da Azərbaycanın gələcəyinin etibarlı əllərdə olduğunu göstərir”, - deyə Anar Ələkbərov qeyd edib.
Anar Ələkbərov bildirib ki, Heydər Əliyev Fondu təhsil sahəsinə hər zaman xüsusi diqqət ayırıb. Fondun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu sahəyə verdiyi önəmin bariz nümunəsi kimi ölkənin hər yerində, ən ucqar kəndlərdə belə yeni məktəb binalarının tikintisini və həyata keçirilən digər layihələri misal göstərmək olar.
Çıxış edən nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə bildirib ki, dövlət gənclərin yetişməsi üçün hər cür şərait yaradıb. Bu prosesdə fəal iştirak etməyə çalışan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi də gənclərin yetişməsinə öz töhfəsini verib. Bu məqsədlə Təhsil Nazirliyi ilə birlikdə bir çox layihələr həyata keçirilib: “İnanıram ki, gələcəkdə sizin aranızdan elm və təhsilə töhfə verə biləcək alimlər yetişəcək. Unutmaq olmaz ki, dövlətimizin inkişafında hər birinizin xüsusi rolu var”.
R.Quluzadə bildirib ki, “Ən yaxşı təqdimat” müsabiqəsi şagirdlərdə dövlətçilik ənənələrinin formalaşmasında, bu ənənələrin inkişafında xüsusi rol oynayır.
Bu günlərdə Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə müxtəlif tədbirlərin keçirildiyini deyən R.Quluzadə onu da vurğulayıb ki, Heydər Əliyev bütün həyatını xalqına və dövlətinə həsr edib: "O, öz liderlik bacarığı ilə dağılmaqda olan ölkəni qüdrətli dövlətə çevirib. Bu gün isə ulu öndərin siyasətinin davamçısı İlham Əliyev ölkəni inkişaf etdirir".
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Səttar Mehbalıyev belə müsabiqələrin şagirdlərin formalaşmasına təsirini xüsusi qeyd edib:“İstedad ağıl tələb edir və onlara dəstək verən də məhz məktəbdir. Bu cür müsabiqələrin keçirilməsi ulu öndər irsinin şagirdlər arasında təbliği baxımından çox əhəmiyyətlidir”.
Qeyd edək ki, “Ən yaxşı təqdimat” müsabiqəsinin nəticələrinə əsasən, 8 nəfər I, 14 nəfər II, 18 nəfər III dərəcəli diplomla, 25 nəfər isə tərifnamə ilə təltif olunub. Müsabiqə qaliblərinə qiymətli hədiyyələr də təqdim edilib.
Ümumtəhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında keçirilən müsabiqə Təhsil Nazirliyi, Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən təşkil olunub.

Ruhiyyə DAŞSALAHLI

Oxşar xəbərlər