Azərbaycan Universiteti nüfuzlu beynəlxalq tədbirin həmtəşkilatçısıdır

Azərbaycan Universiteti nüfuzlu beynəlxalq tədbirin həmtəşkilatçısıdır Azərbaycan Universiteti noyabr ayında Türkiyənin Kocaeli Universitetində keçiriləcək IV Avropa İqtisadi Konqresinin həmtəşkilatçılarından biridir. 15-17 noyabr tarixlərində baş tutacaq nüfuzlu beynəlxalq tədbirin digər tərəfdaşları isə Türkiyənin Kocaeli Universiteti və Polşanın WSB Universitetidir.
Azərbaycan Universitetinin Səadət Əliyeva təşkilat komitəsinin fəxri sədrlərindən biri seçilib. Elmi işlər üzrə prorektor Yusif Qasımov və universitetin professoru Rövşən Quliyev tədbirin elm komitəsinin, Biznes və iqtisadiyyat fakültəsinin dekanı Əli Həsənov və Elm şöbəsinin müdiri Lətifə Ağamalıyeva təşkilat komitəsinin üzvləridir.
Tədbirdə dünyanın müxtəlif ölkələrindən olan tanınmış alimlərin müasir iqtisadiyyatın aktual problemlərinə həsr edilmiş plenar məruzələri dinləniləcək və müxtəlif istiqamətlərdə təşkil edilən sessiyalarda müzakirələr keçiriləcəkdir.
Bu seriyadan olan ilk beynəlxalq tədbir 2017-ci ilin mart ayında keçirilib və gənclərin məşğulluğu məsələlərinə həsr olunub. Bu tədbirə 30 ölkədən 300-ə yaxın iştirakçı cəlb olunub. Həmin ilin noyabr ayında təşkil olunan və 18 ölkədən 200-ə yaxın tədqiqatçının iştirak etdiyi ikinci konqres enerji və ətraf mühit, miqrasiya, sağlamlıq, kənd təsərrüfatı, İslam iqtisadiyyatı, gizli iqtisadiyyat, informasiya iqtisadiyyatı, inşaat və turizm sahələrini əhatə edib.
Polşada keçirilən III Avropa İqtisad Konqresində iştirakçılar dünya iqtisadiyyatı və iqtisadi böyümə məsələlərinə dair apardıqları tədqiqatların nəticələrini müzakirə ediblər.
Beynəlxalq tədbirin beşincisinin isə 2019-ci ildə Azərbaycan Universitetində keçirilməsi planlaşdırılır.

İctimaiyyətlə əlaqələr şöbəsi



Oxşar xəbərlər