BMU-nun 2 komandası "CanSat Azərbaycan 2018" in mükafatına layiq görülüb

BMU-nun 2 komandası Ölkəmizdə tələbə peyki layihələrinə marağın artırılması, Azərbaycanın beynəlxalq analoji müsabiqələrdə daha çox və təcrübəli komandalarla təmsil olunması və uğurlu nəticələrin əldə edilməsi, gələcəkdə nano və digər real peyklərin məhz yerli mütəxəssislər tərəfindən ölkəmizdə hazırlanması üçün təcrübi bacarıq və vərdişlərin əldə edilməsi məqsədi ilə Cansat müsabiqəsi keçirilmişdir. Bu müsabiqə ilk dəfə 1999-cu ildə “ARLISS” adı altında Yaponiya və Amerikanın universitet tələbələrinin iştirakı ilə keçirilib. Həmin ildən başlayaraq dünyanın bir çox ölkələrində keçirilən və nüfuza sahib olan “CanSat” müsabiqəsi 2018-ci ildən etibarən Azərbaycanda da təşkil olunmağa başlayıb. “CanSat Azərbaycan” adlandırılan bu müsabiqədə ali təhsil müəssisələrinin tələbələrindən ibarət komandalar iştirak edir. İlk mərhələdə Bakı Mühəndislik Universitetindən 6 komanda bu müsabiqədə iştirak edib, lakin final mərhələsinə “RODİMUS” və "BeuNg" komandaları vəsiqə qazanıb.
"CanSat Azərbaycan 2018" model peyk müsabiqəsinin qaliblərinin elan edilməsi və mükafatlandırılması məqsədi ilə Milli Aviasiya Akademiyasında tədbir keçirilib. BMU-nun rektoru professor Havar Məmmədov tədbirdə iştirak edib. Tədbir iştirakçıları əvvəlcə komandalar tərəfindən hazırlanan peyk modellərinin sərgisi ilə tanış olublar. Mərasimdə Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev tədbiri açıq elan edərək tədbir iştirakçılarını salamlayıb, “CanSat Azərbaycan 2018” müsabiqəsinin Azərbaycanda keçirilməsinin vacibliyini vurğulayıb və bu tədbirin gənclərin kosmik texnologiyalar sahəsinə marağının artırılmasına xidmət etdiyini söyləyib. O, həmçinin müsabiqənin finalında iştirak edən hər bir komandanın qalib olduğunu və onların Azərbaycanın ilk “CanSat” müsabiqəsinin tarixinə adlarını böyük hərflərlə yazdıqlarını bildirib.
Təhsil naziri Ceyhun Bayramov bildirib ki, müsabiqə qalibləri gələcəkdə ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil edəcəklər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən insan kapitalının inkişafına göstərilən yüksək diqqət və qayğı öz müsbət nəticələrini verməkdədir. Uğurla reallaşdırılan düşünülmüş dövlət siyasəti nəticəsində Azərbaycanın adı kosmik sənayesi olan azsaylı ölkələrin siyahısına daxil edilib. Ölkəmizin üçüncü peykinin orbitə çıxarılması Azərbaycanın dünya kosmik sənayesindəki mövqeyinin daha da möhkəmləndirilməsi baxımından tarixi hadisədir. Sonra qalib komandalar mükafatlandırılıb. Bakı Mühəndislik Universitetinin “RODİMUS” komandası müsabiqədə 3-cü yerə , "BeuNg" komandası isə "Ən innovativ yanaşma" edən komanda adına layiq görülüb.

ADU-nun Mətbuat Xidməti


BMU-nun 2 komandası "CanSat Azərbaycan 2018" in mükafatına layiq görülüb


Oxşar xəbərlər