AzTU-da “Dragon of Space” komandasının üzvləri ilə görüş olub

AzTU-da “Dragon of Space” komandasının üzvləri ilə görüş olub Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru vəzifəsini icra edən, professor Xalıq Yahudov “Azərkosmos” ASC və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə tələbələr arasında keçirilən “CanSat Azərbaycan 2018” müsabiqəsinin “Ən yaxşı mühəndislik həlli” nominasiyası üzrə qalib gələn “Dragon of Space” komandasının üzvləri ilə görüşüb. Bu barədə AzTU-dan AZƏRTAC-a məlumat verib.
X.Yahudov bildirib ki, “CanSat Azərbaycan 2018” müsabiqəsi milli peyk sənayesinin stimullaşdırılması, gələcəkdə nano və digər real peyklərin məhz yerli mütəxəssislər tərəfindən Azərbaycanda hazırlanması üçün bacarıq və vərdişlərə yiyələnmək baxımından böyük əhəmiyyət kəsb edir. Cənubi Qafqazda ilk peyki olan Azərbaycan dövlətinin kosmik sənayenin inkişaf etdirilməsi yönümündə apardığı siyasətə diqqət çəkən rektor əvəzi qeyd edib ki, tələbələrin tədqiqatlarının dərinləşdirilməsi istiqamətində universitet olaraq hər cür köməklik göstəriləcək. Professor Xalıq Yahudov bildirib ki, komanda üzvlərinə qazandıqları müvəffəqiyyətə görə universitet tərəfindən mükafat da təqdim olunacaq.
Daha sonra komanda üzvləri ümumilikdə müsabiqə, komandalar arası yarışların detalları, həmçinin layihələri ilə bağlı gələcək planları haqqında X.Yahudova məlumat veriblər.
Qeyd edək ki, “Dragon of Space” komandası 11 universitetin tələbələrindən təşkil olunan 31 komanda arasından seçilərək ilk 10-luğa düşüb. Müsabiqədə əsasən mexanika və kompüter mühəndisliyi, proseslərin avtomatlaşdırılması, riyaziyyat, fizika və digər texniki ixtisaslar üzrə təhsil alan tələbələr iştirak ediblər.

AzTU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər