“Dünyanın təhsil mənzərəsi”

“Dünyanın təhsil mənzərəsi” Quzey Kıbrıs - “Təhsil adası”nda təhsil bu gün...
Kıbrıs adası bəşəriyyətin ən qədim yaşayış məskənlərdindən biridir. Mütəxəssislərin fikrincə, adada insanların məskunlaşması neolit dövrünə təsadüf edir. 19-cu əsrin sonlarında alman və ingilis arxeoloqlarının apardıqları qazıntılar Kıbrısın krit-miken, türk və yunan mədəniyyətinin bir hissəsi olduğunu aşkara çıxarıb. Tarixi ərzində bir sıra dövlətlərin istilasına məruz qalsa da, 1974-cü ildə adanın bir hissəsi Kıbrıs Barış Hərəkatı ilə öz müstəqilliyinə qovuşub. 15 noyabr 1983-cü ildə isə adada yaşayan türklərin ümummilli lideri, böyük dövlət adamı Dr. Rauf Denktaşın quruluş bəyanatı ilə Kuzey Kıbrıs Türk Respublikası elan olunub. Həmin il Kuzey Kıbrıs Türk Cümhuriyyəti yaranıb. Müstəqillik əldə etdiyi ilk vaxtlardan Kuzey Kıbrıs Türk Cümhuriyyəti təhsili inkişafının təməl prinsipi kimi seçib. Ərazisinə görə Aralıq dənizinin Siciliya və Sardiniyadan sonra üçüncü ən böyük adası olan Kuzey Kıbrıs hissəsi müasir dünya düzənində “Təhsil adası” kimi tanınmaqdadır. Bəs bu ölkənin “Təhsil adası” adlandırılmasının səbəbləri nədir? Özünəməxsus hansı xüsusiyyətlərinə, təhsil sahəsində hansı yeniliklərinə görə Kuzey Kıbrısın adı təhsil sahəsinin inkişaf etdiyi ən reytinqli ölkələrin sırasında çəkilir? Əcnəbi tələbələri Kuzey Kıbrıs təhsilində cəlb edən nədir? Kuzey Kıbrıs təhsilini xarakterizə etdikcə, bu suallara cavab tapmaq mümkün olacaq.
Kuzey Kıbrıs Türk Milli Təhsil Sistemi qeyri-formal və formal olmaqla iki əsas hissədən ibarətdir. Formal təhsil məktəbəqədər, ibtidai, orta, xüsusi və yuxarı təhsil olmaqla 5 hissəyə bölünür. İbtidai təhsil 6-11, orta təhsil isə 17-18 yaşı əhatə edir. İcbari təhsil 15 yaşa qədərdir. Kuzey Kıbrısda orta təhsil iki səviyyədə həyata keçirilir. Birinci səviyyə 3 il davam edir. Uşaqlar bu səviyyədə 11-14 yaşlarında təhsil alırlar. İkinci səviyyə də 3 il davam edir. Bu səviyyədə 15-18 yaşlı şagirdlər oxuyurlar. Orta məktəblərin yuxarı siniflərində şagirdlər təhsillərini kollec, texniki-peşə məktəblərində və yaxud liseylərdə davam etdirə bilərlər.
Ölkənin təhsil sistemi milli-mənəvi, həmçinin multikultural dəyərləri özündə əks etdirən dünyəvilik, müasirlik üzərində qurulub. Bu sistem ölkədə yaşama hüququ olan hər bir fərdin dövlət hesabına təhsil almasına imkan yaradır. Məktəblər ərazilərində yaşayan hər kəsi təhsilə cəlb edirlər. Kuzey Kıbrısda dövlət məktəbləri tamamilə pulsuzdur. Ölkənin təhsil sistemi Təhsil nazirliyi tərəfindən idarə olunur. Təhsil nazirinin müavinləri yoxdur. Bütün işləri nazir və aparat rəhbərliyi icra edir. Nazirliyin müxtəlif şöbələri var və hər bir şöbə digər şöbənin işinə qarışmadan öz vəzifəsini yerinə yetirir. Qarşılıqlı münasibətlərin düzgün qurulması, umumi maraqlar uğrunda birgə fəaliyyət inkişaf üçün zəmin yaradır.
Məktəbəqədər təhsil
Ölkədə məktəbəqədər təhsil müəssisələri əsas etibarilə özəl təhsil müəssisələrinin nəzdində fəaliyyət göstərir. Özəl məktəblərin Kreş (uşaq bağçası) adlandırılan bir sistemi mövcuddur. Uşaqlar bağçalara bir yaş yarımdan sonra qəbul edilirlər. Məktəbəqədər hazırlığın ilk mərhələsini uşaqlar Kreşdə 4 yaşa qədər keçirlər. 4 yaşı keçən uşaqlar üçün proqram dəyişir. Məsələn, dərslərə həftədə bir gün üzgüçülük, ingilis dili məşğələsi, at miniciliyi və s. əlavə olunur. Bu proqram 5 yaşa qədər davam edir. Amma bu məsələdə də konkret bir standart yoxdur. Müəssisələr uşağın sağlamlığı, mənəvi tərbiyəsi, gələcək təhsili üçün nəyi əhəmiyyətli hesab edirlərsə, onu da öz proqramlarına daxil edirlər. Kuzey Kıbrısın bəzi mərkəzi şəhərlərində, Girnədə, Lefkoşada, Qazi Mağusada bəzi dövlət məktəblərinin nəzdində məktəbəqədər təhsil müəssisələri fəaliyyət göstərir. Bu müəssisələr tədris ilinin başlanmasına 3 ay qalmış açılır. Burada uşaqların məktəbə əsasən pedaqoji-psixoloji hazırlığı həyata keçirilir. Ümumiyyətlə, Kuzey Kıbrısda ailələrin maddi yaşayış səviyyəsi imkan verir ki, uşaqlarının məktəbəqədər təhsili özəl təhsil müəssisələrində keçməsinə nail olsunlar. Ölkədə özəl təhsil müəssiələrinin kontingent problemləri olmur. Reytinqli təhsil ocaqlarına tələbat isə daha çoxdur. Uşaqlar 5 yaşdan etibarən “ana sinfi”nə gedirlər. Bu mərhələ uşaqları məktəbə tam olaraq hazırlayır. Azərbaycanda, bəlli olduğu kimi, Təhsil nazirliyinin hazırlayıb təsdiq etdiyi “Məktəbəqədər hazırlıq proqramı var.” Kuzey Kıbrısdakı məktəbəqədər müəssisələrdə isə ümumi standartlar, hər kəsə aid edilə biləcək bir proqram yoxdur. Girnə Amerikan Kolleclərinin, Levent okullarının və digərlərinin hər birinin özünəməxsus tədris proqramı var. Kreşlər proqram hazırlamaqda sərbəstliyə malikdirlər. Məktəbəqədər təhsil iki qrupa ayrılır: ana okul və ana sinif. Kuzey Kıbrısda məktəbəqədər təhsil müəssisələrinin 4 yaş qrupunda uşaqların təhsili ana okullarda həyata keçirilir. Uşaqlar yarım gün, yaxud bütöv gün ərzində ana okulda tədrislə məşğul olur, istirahət edirlər. Bu qurumlarda hər şey uşaqların arzu və istəkləri ilə nizamlanıb təşkil olunur. Uşaqlarda təfəkkürünün inkişafına nail olmaq, həyati bacarıqları inkişaf etdirmək üçün müstəqil işlərə, oyunlara üstünlük verilir. Məktəbəqədər təhsil müəssisələrində çalışan müəllimlər ancaq bu sahənin mütəxəssislərindən, müvafiq diplom və sertifikat almış müəllimlərin sırasından seçilir. Ana sinifdə isə 5 yaş qrupunda olan uşaqların təlim-tərbiyəsi həyata keçirilir. Bu sinifləri Azərbaycan məktəblərindəki məktəbəhazırlıq qrupları ilə də müqayisə etmək olar. Məktəbəqədər təhsil müəssisələri kənd yerlərində dövlət məktəblərində, ibtidai təhsil verən məktəblərin ana siniflərində təşkil olunur. Şəhərlərdə isə onlar adətən ayrıca binalarda yerləşirlər.
Milli Təhsil Sisteminin ümumi məqsəd və əsas prinsiplərinə uyğun olaraq, ölkənin bütün təhsil sferalarında olduğu kimi, məktəbəqədər təhsilin də məqsəd və vəzifələri müəyyənləşdirilib.
Bunlar əsas etibarilə uşaqların fiziki, zehni və emossional cəhətdən inkişafını, ən yaxşı vərdişlərə, faydalı bacarıqlara yiyələnməsini ehtiva edir. Eləcə də uşaqları ibtidai məktəblərə hazırlamaq, onlarda ailə, ətraf mühit haqqında ümumi fikir formalaşdırmaq, türk dilində müfəssəl danışıqların təməlini qoymaq kimi mühüm məqsədləri hədəfləyir. Şimali Kiprin məktəbəqədər təhsil müəssisələrində yazma, oxuma kimi vərdişlər aşılanmır, hərflər öyrədilmir. Bununla belə gələcək sinif atmosferinə ciddi şəkildə hazırlıq işləri aparılır. Əyləncəli və maraqlı oyunlar formasında qurulan proqramlar uşaqların diqqətini cəlb etməklə, onların gələcək üçün hazırlığını təmin edir. Uşaqlar məktəbə intellektual baxımdan hazır olurlar. Məktəbə yazmağı, oxumağı bacarmaqla deyil, yazmağa, oxumağa ürəklərində həvəslə gəlirlər.
Kuzey Kıbrısın məktəbəqədər təhsil müəssisələrində qarşıya qoyulan prinsip və tələblər ölkənin ibtidai təhsil pilləsində əhatəli şəkildə davam etdirilir. Bu prinsiplər şəxsiyyətin hərtərəfli inkişafını nəzərdə tutur. Ölkənin hər bir vətəndaşına onun hələ kiçik yaşlarından Atatürkçülük prinsipləri, vətəndaşlıq, dövlətçiliyə sevgi mövqeyi, bilik və bacarıqlara yüksək səviyyədə yiyələnməyin vacibliyi hissi aşlanır. Uşaqların maraq və qabiliyyətlərinə, arzu və istəklərinə uyğun öyrənmə mühitinin yaradılmasına, onların ictimai həyata adaptasiyasının təmin olunmasına, estetik duyğularının yaradılıb inkişaf etdirilməsinə, yaxşını, pisi bir birindən ayırmaq bacarığının, bir-birinə ehtiram, dostluq, sevgi, dini-mənəvi dəyərlərə ehtiram hissinin formalaşdırılmasına diqqət yetirilir. Vətəndaşlıq, sahiblik hissi tərbiyəsinə məktəblərdə yüksək önəm verilir. İbtidai təhsil pilləsində tədris olunan fənnlərə də nəzər saldıqda, qeyd etdiklərimin təsdiqini görmək mümkündür. “Həyat bilgisi”, “Riyaziyyat”, “Türk dili”, “Sosial bacarıqlar”, “Öyrədici fəaliyyət”, “Sosial biliklər”, “İngilis dili”, “Fiziki tərbiyə”, “Din dərsi” fənləri Kuzey Kıbrıs cəmiyyətində böyüyən gənclərin həyata hazırlanmasında mühüm rol oynayır. İbtidai sinifdə şagirdlər saat 16:00-adək məktəbdə olurlar. Dərs vaxtının təxminən 8 saat davam etməsi şagirdlərin məktəb mühitində, müəllim və şagird yoldaşları ilə daha çox ünsiyyədə olması, təlim-tərbiyə mühitində formalaşması, elmə, təhsilə daha çox maraq göstərməsi məqsədi daşıyır. Qeyd edim ki, ölkədə ibtidai təhsil müddəti 5 ildir və təhsilin bu pilləsini bitirdikdən sonra şagirdlərə müvafiq diplom təqdim olunur. Bu diplom şagirdlərin təhsillərini orta məktəbdə davam etdirmələrinə əsas verir.
Kuzey Kıbrısın orta təhsil müəssisələri iqtisadi, sosial, mədəni inkişafın yüksəldilməsində iştirak etmək bacarığı aşılayan şəxsiyyət formalaşdırlmasını qarşıya məqsəd qoyur. Təhsilin bu pilləsində “Türk dili və ədəbiyyatı”, “Riyaziyyat”, “Kipr tarixi”, “Sosial biliklər”, “Tarix”, “Fizika”, “Kimya”, “Biologiya”, “Fəlsəfə”, “Sosiologiya” fənləri tədris olunur. Ölkənin məktəblərində ingilis dilinin tədrisi birinci sinifdən başlanır. İkinci xarici dil kimi isə alman və ya fransız dilləri keçirilir. Kuzey Kıbrısda orta təhsil səviyyəsində fəaliyyət göstərən liseylərdə tədris olunan bəzi fənlər orta məktəblərdə tədris edilmir. Ümimiyyətlə, tədris edilən fənlərə nəzər yetirdikdə görmək mümkündür ki, kıbrıslı gənclərin ictimai həyata hazırlanması, onların həyata baxışlarının, mədəni səviyyələrinin yüksəldilməsi ölkənin Təhsil nazirliyi sisteminin qarşısında mühüm vəzifə kimi dayanır. Onlar gənclərin ali təhsil alması ilə bərabər, peşələrə yiyələnməsi üçün mühüm proqramlar həyata keçirməklə, diqqəti cəlb edirlər. Məsələn, Məslək liseyləri (Peşə məktəbləri) şəbəkəsi ölkədə inkişaf etməkdədir. Məslək liseylərində şagirdlər daha çox texniki, kənd təsərrüfatı, turizm, mehmanxana idarəçiliyi, daşınma və s. ixtisaslar üzrə təhsil almağa maraq göstərirlər. Bu da ölkədə bu sahələrin inkişafı ilə bağlıdır. Məslək liseyləri ilə yanaşı, Kuzey Kıbrıs Azərbaycanda orta ixtisas təhsili müəssisələri modelinin analoqu olan Məslək Yüksək Okulları da fəaliyyət göstərir. Təhsilin bu formasında abituriyentlər daha çox turizm və texnologiya ixtisaslarına yiyələnməyə meyl göstərirlər.
Ardı var.

Böyükağa MİKAYILLI
Bakı – Girnə - Bakı

Oxşar xəbərlər