ADNSU peşəkar mütəxəssislərin hazırlanması üçün SOCAR ilə əməkdaşlıq edir

ADNSU peşəkar mütəxəssislərin hazırlanması üçün SOCAR ilə əməkdaşlıq edir Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlının rəhbərlik etdiyi nümayəndə heyəti SOCAR-ın Qaz Emalı Zavodunun rəhbər heyəti və əməkdaşları ilə görüşüb.
Görüşdə zavodun direktoru Aqşin Paşayev ADNSU-nun 33 tələbəsinin zavodda istehsalat təcrübəsi keçdiyini və onların hazırlıq səviyyəsinin yüksək olduğunu deyib. Diqqətə çatdırıb ki, zavodda çalışan 158 ali təhsilli mütəxəssisdən 63-ü ADNSU-nun məzunudur. Müəssisədə ehtiyac duyulan ixtisaslı kadrların hazırlanmasında bu ali məktəbin böyük rolu var.
Rektor Mustafa Babanlı tədbir iştirakçılarına universitetdə son dövrdə həyata keçirilən islahatlar haqqında məlumat verib. ADNSU-da tədrisin keyfiyyətinin yüksəldilməsi, qəbul prosesi, elektron təhsil sisteminin tətbiqi, ingilisdilli ixtisasların tədrisi və s. barədə danışan rektor ölkə üçün peşəkar mütəxəssislərin hazırlanmasında birgə əməkdaşlığın vacibliyini vurğulayıb.
Görüşdə tələbələrin buraxılış işi mövzularının müəssisə ilə uyğunluğu, universitetin gündəlik təcrübə proqramının Qaz Emalı Zavodunda tətbiqi və başqa məsələlər müzakirə olunub.
Daha sonra zavodda istehsalat təcrübəsinə cəlb olunan ADNSU tələbələri ilə görüş keçirilib, onları maraqlandıran suallar cavablandırılıb.

ADNSU-nun Mətbuat Xidməti


ADNSU peşəkar mütəxəssislərin hazırlanması üçün SOCAR ilə əməkdaşlıq edir

Oxşar xəbərlər