ADPU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə və Oxu Gününə həsr edilmiş "Kitab bilik mənbəyidir" mövzusunda tədbir keçirilib

ADPU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə və Oxu Gününə həsr edilmiş Aprelin 23-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Kitabxana-İnformasiya Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə və “Oxu Günü”nə həsr edilmiş "Kitab bilik mənbəyidir" mövzusunda tədbir keçirilib. Tədbirdə Filologiya fakültəsinin Ədəbiyyat və onun tədrisi metodikası kafedrasının professoru, tanınmış şair Zahid Xəlil, həmin kafedranın dosenti, uşaq ədəbiyyatı tənqidçisi Füzuli Əsgərli, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, publisist, Əməkdar mədəniyyət işçisi Qəşəm İsabəyli, Kitabxana-İnformasiya Mərkəzinin əməkdaşları, Bakı Humanitar Kollecinin müəllimləri, həmin kollecin “Kitabxana-informasiya təminatı” ixtisası üzrə ADPU-nun Kitabxana-İnformasiya Mərkəzində təcrübə keçən tələbələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Kitabxana-İnformasiya Mərkəzinin direktoru vəzifəsini icra edən Zinharə Həsənova bildirib ki, 23 Aprel-Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü ilə bağlı Təhsil naziri Ceyhun Bayramov “Oxu Günü” tədbirinin keçirilməsi haqqında müvafiq əmr imzalayıb. Həmin əmrdə aprel ayını kitabın, mütaliənin təşviqinə və təbliğinə həsr etmək tövsiyə olunub. Qeyd edib ki, müəllif hüquqları anlayışı ilk dəfə Almaniyada geniş vüsət alıb. Əvvəllər yalnız ədəbiyyat sahəsinə aid edilən bu ifadə 1870-ci il iyun ayının 11-də imperatorun verdiyi qanunla mülkiyyətin bütün formalarını özündə birləşdirib. Rusiyada isə bu anlayış indinin özündə də daha çox ədəbiyyat sahəsinə aid edilir. 23 aprel tarixinin dünya ədəbiyyatı üçün simvolik olmasını kitabsevərlər yaxşı bilirlər. Həmin gün söz sənəti dahilərindən Vilyam Şekspir, Migel de Servantes və yazıçı-tarixçi İnka Qarsılaso de la Veqanın şərəfinə müəyyənləşdirilib. Belə ki, hər üç yazıçını 23 aprel 1616-cı il-onların ölüm tarixi birləşdirir. Moris Draqon, Halldor Laksness, Vladimir Nabokov, Maniel Mexia Valeho kimi korifeylər isə aprelin 23-də dünyaya göz açıblar. 1995-ci ildə Parisdə keçirilən UNESKO-nun Baş Konfransında ədəbiyyat üçün simvolik olan 23 Aprel Kitab və Müəlliflik Hüquqları Günü kimi təsdiqlənib. “Don Kixot”romanının ilk dəfə nəşr olunmasının 400 illiyi ilə əlaqədar keçirilən tədbir də həmin vaxta təsadüf edib. 23 Aprel əsl kitab bayramıdır. Azərbaycanda “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanun 8 oktyabr 1996-cı il tarixindən qüvvədədir. Son illər Azərbaycan rəhbərliyinin uzaqgörən daxili və xarici siyasəti nəticəsində müəllif hüquqları sahəsində ölkəmizin beynəlxalq əlaqələri genişlənib, konvensiyalara qoşulub və beynəlxalq təşkilatların üzvü olub. Azərbaycanın bugünkü müəllif hüquqları müasir informasiya, ilk növbədə, rəqəmsal texnologiya və multimedia kompüter sisteminə əsaslanır. Bu gün rəqəmsal dünyanın köklü dəyişikliklərinə baxmayaraq, kitab yenə də öz əhəmiyyətini qoruyub saxlayır. Nizami Gəncəvinin “Tükənməz mənəvi qida”, Uilyam Şekspirin “Tacdan qiymətli”, Mirzə Ələkbər Sabirin “İlk dostum”, Həsən bəy Zərdabinin “Qiymətli dəfinə” adlandırdıqları kitab bilik mənbəyi olduğu kimi, həm də onu sevənlərin ürək dostu, könül sirdaşıdır. Kitabla ünsiyyətdə olanlar və ülfət bağlayanlar mənəviyyatlarının zənginliyi ilə də digərlərindən seçilirlər. Kitab və mütaliənin insan həyatındakı rolu danılmazdır. Kitab həm də insanın nitqinin və dünyagörüşünün formalaşmasında mühüm rol oynayır. Hər bir alimin, yaradıcı insanın gələcək nailiyyətləri onun kitablar arasında keçirdiyi aramsız araşdırmalarının nəticəsidir. Kitab zaman-zaman hər kəsin dostu olub, kitabların yaratdığı ünsiyyət, onların bağladığı ülfəti və verdiyi dərsi olduğu kimi dərk etmək gənc nəslin mənəvi borcudur.
Kitabxana-İnformasiya Mərkəzinin Biblioqrafiya və informasiya şöbəsinin müdiri Nüşabə Əmirəliyeva çıxış edərək bildirib ki, bugünkü tədbir bilik və bacarıqların, fikir və düşüncələrin fövqündə dayanan kitaba, mütaliəyə və oxucuya, müəllifə və onun haqqına olan böyük hörmətə həsr edilməsi baxımından əhəmiyyətlidir.
Professor Zahid Xəlil öz şeirlərini oxuyub, dosent Füzuli Əsgərli, Əməkdar mədəniyyət işçisi Qəşəm İsabəyli tələbə-gənclərə mütaliə etməyi, biliklərini artırmağı, dünyagörüşlərini genişləndirməyi tövsiyə ediblər.
Tədbirdə Filologiya fakültəsinin I tədris ili tələbəsi Leyla Uquzova Nizami Gəncəvinin “Yeddi gözəl” poemasından bir parçanı, professor Zahid Xəlilin “Uzun yol” şeirini, III tədris ili tələbəsi Xədicə Mahmudova professor Mahirə Hüseynovanın “Vətəndir” şeirini səsləndiriblər.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi


ADPU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə və Oxu Gününə həsr edilmiş "Kitab bilik mənbəyidir" mövzusunda tədbir keçirilib


Oxşar xəbərlər