“Zəfərli yolun yarım əsri” mövzusunda elmi sessiya keçirilib

“Zəfərli yolun yarım əsri” mövzusunda elmi sessiya keçirilib AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 50-ci ildönümünə həsr olunan “Zəfərli yolun yarım əsri” mövzusunda elmi sessiya keçirilib.
Sessiya çərçivəsində Ulu Öndərin həyat yolu və fəaliyyətini əks etdirən fotolardan ibarət sərgi də təşkil olunub.
Tədbirdə muzeyin direktoru, akademik Rafael Hüseynov “Heydər Əliyevli yolumuzun yarım əsri” mövzusunda məruzə ilə çıxış edib. O, çıxışında Ümummilli Liderin zəngin siyasi fəaliyyətindən, müstəqil güclü Azərbaycan dövlətinin qurulmasında göstərdiyi tarixi xidmətlərindən, xalqımızın rifahı naminə gördüyü mühüm işlərdən danışıb. Qeyd edib ki, Sovet İttifaqı respublikaları arasında iqtisadi göstəricilərinə görə geridə qalan Azərbaycan 1969-cu il iyulun 14-də Heydər Əliyevin ölkəmizdə siyasi hakimiyyətə gəlişindən sonra çiçəklənmə mərhələsinə qədəm qoyub. Həmin illərdə respublikamızın gələcək inkişafı üçün güclü təməllər atılıb, qısa müddətdə iri fabrik və zavodlar, sənaye obyektləri tikilib, iqtisadi, elmi, mədəni və digər sahələrdə bir çox uğurlar əldə olunub. Ulu Öndərin Azərbaycanın ədəbiyyat, mədəniyyət, incəsənət və tarixi şəxsiyyətlərinə xüsusi önəm verdiyini deyən Rafael Hüseynov görkəmli ədiblərimizə abidələr ucaldıldığını, məzarlarının ölkəmizə gətirildiyini, ev-muzeylərinin açıldığını söyləyib.
1993-cü ildə Azərbaycanın parçalanmaq təhlükəsi ilə üzləşdiyini xatırladan akademik bildirib ki, xalqın təkidi ilə hakimiyyətə qayıdan Ümummilli Lider ölkədə hərc-mərcliyə son qoyub, siyasi sabitliyi təmin edib və respublikanın inkişafı üçün önəmli addımlar atıb. “Əsrin müqaviləsi”nin imzalanması ilə ölkəmizin gəlirləri artıb, iqtisadi göstəriciləri yüksəlib, xalqın rifahı təmin olunub.
Akademik Rafael Hüseynov ulu öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemində mühüm yer tutduğunu, söz sahibi olan ölkələrdən birinə çevrildiyini deyib.
Daha sonra tədbirdə Azərbaycan Milli Konservatoriyasının nəzdində Respublika İncəsənət Gimnaziyasının Teatr şöbəsinin şagirdlərinin ifasında şeirlər dinlənilib, dahi liderə həsr olunan videoçarx nümayiş etdirilib.

Tehsil-press.az

Oxşar xəbərlər