Zərdabi niyə müəllim oldu?

Zərdabi niyə müəllim oldu? Və ya Salberqin Fin hekayəsi...
Biz adətən fin təhsilindən danışmağı xoşlayırıq. Niyə? Suallar çoxdu. Axundzadə məşhur komediyalarında funksional savadlılıqla mübarizə aparanda Fin kilsəsi oxuyub yazmağı bacarmayan finlinin evliliyini qadağan edirdi. Bunu Fin dərslərinin müəllifi Pasi Salberq deyir.
Və həmin tarixdən təxminən 50-60 il sonra Azərbaycanın mütəfəkkir insanı Zərdabi Rusiyada ali riyaziyyat təhsili alaraq Bakı Realnı Gimnaziyasının təbiət tarixi və riyaziyyat fənləri üzrə müəllimi olmuşdu. Zərdabinin müəllimliyi onun qəzet naşirliyindən heç də az əhəmiyyət kəsb etmirdi. Bu dövrdə həm də Qori məzunları Azərbaycanın bölgələrində müəllimliklə məşğul idilər. Elə həmin məzunlardan biri, böyük bəstəkar Üzeyir bəy həm Qarabağda, həm də Bayılda hesabdan dərs deyirdi.
Elə finlərin mənəvi atası Snelman da Finlandiyanı bucaq-bucaq gəzərək milləti üçün müəllimlik edirdi. Bu işi Azərbaycanda Zərdabi, Üzeyir bəylə yanaşı, Mirzə Cəlil, Sabir, Şaxtaxtlı, Ağaoğlu da edirdi. Onların mənəvi dühası ilə Cümhuriyyət quruldu, millət quruculuğu başladı.
Məşhur ingilis təhsilşünası Maykl Barber deyir ki, hər bir təhsil sisteminin gücü onun müəlliminin gücünə bərabərdir. Bu ifadəni Bismarksayağı genişləndirsək, “hər bir millətin gücü onun müəlliminin gücünə bərabərdir”. Bu gün daha çox iqtibaslar gətirdiyimiz almanı da, yaponu da tarixdə güclü edən onun müəllimi olub.
Məsələn, 1870-1871-ci illərdə Fransa-Prusiya müharibəsində fransızların məğlubiyyətə uğrama səbəbini məşhur fransız mütəfəkkirləri Lui Paster, Ernest Renan, Emil Zolya almanların müəlliminin keyfiyyət fərqində görürdülər.
Müəllim təkcə öyrədəndimi?
Bu suala birmənalı cavab yoxdur. Ancaq həm də var. Məsələn, məşhur Azərbaycan müəllimi Azad Mirzəcanzadənin ifadəsi ilə desək, müəllim həm də öyrənəndir. Müasir təhsil tədqiqatlarına baxsaq, bunu təsdiq edə bilərik. İndi bilik öyrətmək üçün təkcə müəllimə ehtiyac yoxdur. Cibimizdə gəzdirdiyimiz “Google” müəllimdən və hətta hər kəsdən daha çox bilir. Bəs onda müəllim nə etməlidir? Yeni dövrün müəllimi məşhur təhsil viziyoneri Ken Robinsonun ifadəsi ilə desək, daha çox “ilhamlandıran, özünə əminlik yaradan və yaradıcı olmağı düşündürən” müəllimdir. Həm də “dizayn təfəkkür” formalaşdıran müəllim olmalıdır.
Yaxşı məktəb, yoxsa yaxşı müəllim?
Yaxşı məktəbi yaxşı müəllim yaradır. Biz hələ müəllif (oxu-müəllim) məktəbindən danışmırıq. Əgər məktəbə yeni gələn müəllimi mühit motivasiya edirsə, daxilən müəllim keyfiyyətlərinə malikdirsə, onda “peşəkar sönmə” baş vermir. Və obrazlı desək, o, məktəbi, öyrənəni “alov”landırır.
Haradan başlamalı?
Medianın ən böyük müəllimi olan Zərdabinin deyimi olmasın, müəllimi asan yetişdirmək olmur. Onu tam filtrdən keçirmək lazımdır. Əslində media bir çox hallarda tənqid etsə də, son illərin müəllim seçimi də ən azı buna hesablanıb. Biz kifayət qədər mürəkkəb gələcəyin müəllimini o qədər filtrdən keçirməliyik ki, “qeyri-müəyyən gələcəyi” daha müəyyən görə bilək. Sonuncu cümləni ifadə edərkən bir çox hallarda media başlıqlarına çevrilən cümlələr diqqətimi çəkdi: “Müəllim olmaq istəyənlərə çətin suallar verilib”, “Namizədlər masada çarpaz əyləşiblər” və sair.
Müəllim Frensis Fukuyamanın ifadəsi ilə desək, “milli quruculuğu” (“nation-building”) həyata keçirən peşə sahibləridir. Ən azı biz son iki həftədə bu işə uyğun gələn müəllimləri seçirik. İnanıram ki, seçə bilirik. Bir çox halda XXI əsrin müəlliminin seçimindən danışmıram. Çünki bu, kifayət qədər mürəkkəb məsələ kimi görünür. Hətta bir çox hallarda süni zəka bu işə alternativ olmaq istəyir. İddiaları isə zaman təsdiq edir.
...Ancaq müəllim həmişə müəllim olub. Bu, antik dövrdə Platonun da, Nyutonun da, elə ötən şənbə riyaziyyat müəllimliyi imtahanında 59 bal qazanan Familin timsalında da belədir. Və belə də olacaq...
P.S. Sual - Niyə müəllim imtahanları kompüterlə aparılır, kağızla yox?
Cavab - Onda niyə həyatımızı app-lar idarə edir. Gəzəndə addımımızı telefon ölçür, maşında yolumuzu naviqasiya göstərir, hətta “smart watch” ürək döyüntülərimizə nəzarət edir. Rəqəmsal gələcəyin müəllimini ən azı klavişlə test etmək vacibdir. Özü də cavabını anındaca biləndə. Elə deyilmi?

Cəsarət VALEHOV,
fəlsəfə doktoru



Oxşar xəbərlər