“Refleksiv müəllim – 2018” diplomu təqdim edilib

“Refleksiv müəllim – 2018” diplomu təqdim edilib Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda (TİPİİ) “Refleksiv müəllim” adlı ənənəvi seminarların təşkili davam edir.
2019-cu ilin ilk “Refleksiv müəllim” seminarında Bakı şəhəri 215 nömrəli məktəbin musiqi müəllimi Zemfira Əliyevanın təqdimatı olub. Layihənin məqsədinə uyğun olaraq seminar iştirakçıları əvvəlcə dərs icmalını müzakirə edib, təqdimatın mövzusu ətrafında sual və təkliflərini veriblər. Təkliflər əsasında dərsin daha təkmil və səmərəli icmalı hazırlanıb.
Qeyd edək ki, ötən il ərzində Azərbaycan dili, tarix, rus dili, riyaziyyat və biologiya fənləri üzrə 9 seminar keçirilib. Seminarlarda ümumilikdə 258 müəllim iştirak edib. 2018-ci ildə seminar ilk dəfə olaraq ölkənin 3 rayonunda – Şirvan, Cəlilabad və Biləsuvarda təşkil olunub.
Keçən ilin nəticələrinə görə, “Refleksiv müəllim” diplomunu Bakı şəhəri 102 nömrəli məktəbin ibtidai sinif müəllimi Dilşad Şeyxzadə qazanıb.
Qeyd edək ki, ayda 1 dəfə keçirilən “Refleksiv müəllim” seminarının məqsədi müəllimlərdə pedaqoji refleksiya bacarıqlarını formalaşdırmaq, istənilən dərsi daha uğurlu tədris etmək imkanlarının sonsuz, “ideal dərs” anlayışının isə nisbi olduğunu nümayiş etdirmək, ümumilikdə, dərslərin daha səmərəli planlaşdırılması, keçirilməsi və qiymətləndirilməsi ilə bağlı onlara dəstək olmaqdır.

Tehsil-press.az

Oxşar xəbərlər