Qlobal təkmilləşmə

Qlobal təkmilləşmə Yenidən öyrənmə inkişafın başlıca şərtidir
Süni intellekt erasında əmək bazarı və təhsil problemlərinə bir neçə dəfə toxunmuşuq. Elə bir dövrdə yaşayırıq ki, həyatımızda baş verən istənilən dəyişikliyin əsasında texnologiyalar durur. Qlobal innovasiyalar - robot texnikası, yeni enerji mənbələri, sensorika və virtual reallıq durmadan inkişaf edir. Onlar inkişaf edir, insan həyatının sosial sferası, əsas etibarilə əmək və təhsilə baxış isə yenilənir. Dünya - elm, texnologiya və həyat tərzi gözlərimiz önündə dəyişir. Bütün bunlar təhsildə də qlobal yenilənməni labüd edir. Sənaye inqilabi tarixin səhifələrinə qovuşub. Rəqəmsal və informasiya inqilabının şahidi və iştirakçılarıyıq. Həm inqilabın diktə etdiyi yeniliklərdən, həm də dünyanın qabaqcıl qismindən geri qalmamaq üçün nə etməliyik?
Şəbəkə cəmiyyəti
İnkişaf etmiş rəqəmsal texnologiyalar mühiti yeni mədəniyyət və dünyagörüşünə malik cəmiyyətlər formalaşdırır. Təsəvvür edin: cəmi bir neçə il bundan əvvəl liftdə rastlaşdığımız bir şəxsin bizim salamımıza reaksiya verməməsi təəccüb doğurardı. İndi isə əlində smartfon olan bir və ya bir neçə nəfərin liftdə bizi “görməməsi”ni qeyri-adi qəbul etmirik. Bu mənzərə şəbəkə cəmiyyətinin tipik nümunəsidir.
Şəbəkə cəmiyyəti yalnız yeni növ münasibətlər demək deyil. Söhbət həm də əmək bazarındakı fərqli şərait və şərtlərdən gedir. Böyük sayda proseslərin avtomatlaşdırılması nəticəsində əmək münasibətlərinin dəyişilməsi və bir çox peşələrin aktuallığını itirməsi baş verib. Bir sıra mütəfəkkirlər proqnoz edirlər ki, robotlaşma və süni intellekt əvvəl-axır insan irqinin sonu ilə nəticələnəcək. Məsələn, Stiven Hoakinq ömrünün son illərində bəşəriyyəti tez-tez bu təhlükə ilə bağlı xəbərdar edirdi. Hoakinq və digər pessimist ssenari tərəfdarlarından fərqli olaraq optimistlər hesab edirlər ki, texnologiyaların inkişafı insan “hakimiyyəti”nin sonu deyil, dünya həmişə olduğu kimi, yenə də bizim əməyimizə ehtiyac duyacaq. “McKinsey”in araşdırmalarına görə, 1980-ci ildən bu yana ABŞ-da yaradılmış 15,8 milyon yeni iş yerinin böyük qismi rəqəmsal inqilabdan törəmiş peşələrlə bu və ya digər formada bağlı olub. Birləşmiş Krallığın müasir əmək bazarını öyrənən “PwC” müəyyən edib ki, süni intellekt və rəqəmsal texnologiyalarla bağlı yaranacaq yeni iş yerləri say etibarilə aktuallığını itirmiş peşələrlə bərabərlik təşkil edəcək. Başqa sözlə, texnoloji tərəqqinin başlıca şərti ona xidmət göstərəcək texniki heyətin mövcudluğudur. Tərəqqinin sürəti nə qədər çox olarsa, ona dəstək verən peşələrin sayı da o qədər yüksək olacaq.
Yenilənək, inkişaf edək
Müasir həyatımızda əmək bazarında baş verən dəyişikliklər bizə XVIII-XIX əsrin ərəfəsindəki vəziyyəti xatırladır. O vaxt insan əl əməyindən maşına keçid etmişdi. O vaxtla indiki vəziyyətin əsas fərqi bundadır ki, hazırda sürət amili dəfələrlə yüksəkdir. Buna görə də əgər iki əsr bundan əvvəl bacarıqları nəsildən-nəsilə ötürmək olurdusa, indi bu iş sadə yolla baş vermir və mütəxəssis müdaxiləsi olmadan mümkünsüz görünür. “Reskilling” - yenidən təkmilləşmə qarşımızda duran ən aktual proseslərdən biridir. Getdikcə daha çox şirkətlər və işəgötürənlər əməkdaşlarının yenidən təkmilləşməsinə rəhbərlik etdikləri qurumun inkişafı baxımından vacib amil kimi yanaşmağa başlayıblar. “McKinsey”in məlumatına görə, dünyada fəaliyyət göstərən iri şirkətlərin təqribən 62%-nin rəhbərləri hesab edirlər ki, 2023-cü ilədək işçi personalının təxminən dörddəbiri “reskilling”dən keçməli olacaq. Ümumdünya İqtisadi Forumunun Avrasiya Rəqabət İnstitutu və “Strategy Partners” konsaltinq şirkəti ilə birgə hazırladığı “The Future of Jobs 2018” adlı hesabatına görə, postsovet məkanının ən iri ölkəsi və bazarı olan Rusiyada yaxın 3 ildə şirkətlər əməkdaşlarının təqribən 54%-ni təkmilləşdirmə prosesindən keçirəcəklər. Nəzərə alsaq ki, Azərbaycan bazarı postosvet məkanı ilə sıx bağlıdır, bu göstəricinin aşağı-yuxarı bizim əmək bazarına da təsir göstərəcəyi şübhəsizdir. Bir məqamı xüsusi qeyd etmək lazımdır: dünyanın istənilən yerində əməkdaşların təkmilləşmə prosesində şirkətlərin çox az qismi öz resurslarına arxalanır, əksəriyyət bu işi ixtisaslaşmış qurumlar və tədris mərkəzlərinə həvalə edirlər.
Dövlət dəstəyi
Yaşadığımız dövrdə bacarıqların diplom və elmi dərəcə qədər eyni tutulduğu sirr deyil. Daha doğrusu, bu reallıq bəlkə də bizim üçün qeyri-adi görünə bilər. Ancaq Qərbdə bir sıra iri korporasiyaların bu düsturla işçi götürmə təcrübəsi artıq adi hala çevrilib. Hər hansı bir sahənin mütəxəssisi olmaq üçün ali məktəbə daxil olub onu bitirməyə ehtiyac yoxdur. İndi insanın əmək bazarında baş verən dəyişikliklərə çevik uyğunlaşma qabiliyyəti akademik təhsildən qat-qat vacibdir. 2015-ci ildə sosial şəbəkə - “Linkedİn” maarifləndirici xarakterli çarxların satışı ilə məşğul olan “Lynda.com” saytını alarkən baş direktor Ceff Vayner belə bir açıqlama ilə çıxış etmişdi: “Hesab edirəm ki, biz hamımız əzbərçiliyə əsaslanan XX əsrin dünyagörüşündən tezliklə imtina edib, əməkdaşlıq, tənqidi düşüncə və yaradıcı yanaşmanı ön plana çıxaran XXI əsrin tədris planına keçməliyik”. Vayner “biz hamımız” deyərkən dövlət institutlarını nəzərdə tuturdu. Belə ki, “kollektiv təkmilləşmə” insanın qarşısına indiyədək rastlaşmadığı miqyaslı vəzifə çıxarıb və onun öhdəsindən ayrı-ayrı şəxslərin və şirkətlərin hesabına gəlmək mümkün olmayacaq. Bu işdə dövlətin müdaxiləsi və dəstəyinə ciddi ehtiyac var.
Beləliklə, rəqəmsallaşma əsrində personalın əmək bazarının diqtə etdiyi yeniliklərdən bixəbər olmaması üçün nələr etmək lazımdır?
- Ekspertlər hesab edir ki, ən azı ildə bir dəfə peşələrdə baş vermiş dəyişikliklər və əmək bazarının onlara olan tələblərinin auditini həyata keçirmək lazımdır.
Artıq indinin özündə bir çox tanınmış şirkətlər büdcələrinin böyük bir qismini əməkdaşlarının təkmilləşməsinə yönəldirlər. Məsələn, IBM işçilərinin tədrisinə ildə 500 milyon dollardan çox pul xərcləyir. Şirkətin baş direktoru Cinni Pomettinin sözlərinə görə, IBM-də “skill planning” (bacarıqların planlaşdırılması) deyilən proqram var və o, hər rüb yenilənir. Bu proqram, eyni zamanda bazardakı yeniliklərdən asılı olaraq çevik dəyişikliyə uğraya bilər. Cinninin sözlərinə görə, təkmilləşmə əməkdaşın yaşından heç bir halda asılı ola bilməz və bunu onlar öz şirkətlərində personalın 100%-nin “reskilling”i ilə sübut ediblər.
- Sosial şəbəkələr və konfranslarda peşə cəmiyyətləri monitorinq edilməlidir ki, yeni alətlərin üzə çıxarılmasına nail olunsun.
Bu gün mütəxəssis nə qədər alətdən istifadə edərsə, məhsuldarlığı da o qədər artmış olacaq. Bu, eynilə digital peşələrə də aiddir, mühasibatlığa da, texniki işə də. Yeni texnologiya və metodikadan yararlana bilən mütəxəssis rəqibindən hər zaman irəlidə olacaq. Məhz bu səbəbdən qabaqcıl şirkətlər təkmilləşmə kurslarına hər il yeniliklər əlavə edirlər.
- Tədris kursları əməkdaşlar üçün daimi praktikaya çevrilməlidir.
Bir sıra şirkətlərin nəzdində “korporativ universitetlər” fəaliyyət göstərir. Bu yeniliyin mahiyyəti ondan ibarətdir ki, biz ali məktəblərdə hər şeyi, əsasən də təcrübə ilə bağlı bir çox məqamları öyrənə bilmirik. Bu boşluğu məhz “korporativ universitetlər” doldurur.
Vaxtilə Belinski yazırdı ki, “Kim irəliyə getmirsə, geriyə gedir - dayanıqlı vəziyyət yoxdur”. Bu deyimi mövzumuza münasibətdə tətbiq etsək deyə bilərik ki, təhsil və təkmilləşmə də dayanıqlı, sabit proses deyil. Həm də zamanla bitən anlayış deyil. Dünənin təhsili və bacarıqları bu gün köhnəlmiş ola bilər. O ki qaldı sabah. Gecikməyək, geridə qalmayaq.

Rüstəm QARAXANLI

Oxşar xəbərlər