Keçmişi unutmayaq, gələcəyi düşünək

Keçmişi unutmayaq, gələcəyi düşünək Peşə təhsili iş yeri deməkdir
2018-ci ildən etibarən başda “Apple” və “Google” kimi korporasiyaların olduğu şirkətlər qrupu işçi götürərkən diplom və ya ali təhsili təsdiqləyən sənəd tələb etmirlər. Məntiq sadədir: əgər sən bizə lazım olan işi keyfiyyətlə icra edə bilirsənsə, nəyimizə gərəkdir harada və necə ali təhsil almısan? Orta təhsilinin olması yetərlidir. Statistikaya görə, ABŞ-da ildən-ilə orta və aşağı ixtisaslı işçilərə ehtiyac artır. Özü də bəzi hallarda onlara təklif olunan əməkhaqqı ali təhsillilərə verilən maaşdan yüksək olur. Corcstaun Universitetinin hesablamalarına görə, ölkədə ali təhsil tələb etməyən təqribən 13 milyon vakansiya mövcuddur. İnanmayacaqsınız, ancaq bu vakansiyalardan bəzilərinin illik əməkhaqqısı 35 min ABŞ dollarından çoxdur.
Sifarişlə təhsil
ABŞ-da bu problemə radikal yanaşma mövcuddur. Məsələn, Miçiqan ştatında açıq şəkildə təbliğat aparılır ki, uşaqlarınızı ali məktəbə göndərməkdənsə, orta təhsildən dərhal sonra pul qazanmağa yönəldin. Orta məktəblər iş təklif edən müəssisələrlə sıx əməkdaşlıq edirlər. 7-ci sinifdən etibarən “peşə naviqasiyası” tətbiq olunur, tədris prosesində isə STEM yanaşma - elm, texnologiya, mühəndislik, riyaziyyat (Science, Technology, Engineering, Math) önə çıxır. STEM ötən əsrin 90-cı illərində ortaya çıxsa da, son illərdə xüsusi aktuallıq kəsb etməyə başlayıb. Çünki dövrümüzün tələblərinə uyğun olaraq uşaqların oturub müəllimdən izah gözləməsini deyil, özlərinin suallara cavab axtarmasını stimullaşdırır. Müəllimin funksiyası sadəcə olaraq bir mentorluqla, yaxud məsləhət etməklə məhdudlaşır. Müəllim fərdi araşdırmalar üçün şagirdləri daima həvəsləndirməlidir. Bu yanaşmanın başlıca missiyası 4C-nin (tənqidi düşüncə, kreativlik, kommunikasiya və kollaborasiya) inkişafına yönəlib. Hesab edilir ki, yaşadığımız dövrdə insana ən çox lazım olan keyfiyyətlər məhz bunlardır.
STEM-yanaşma təhsildə modul üsülunu təklif edir. Mahiyyət budur: tədris prosesinin təqribən 60% təcrübəyə həsr olunur. Müəllim tapşırıq verir, şagirdlər özləri həll və cavab axtarırlar. Özü də bu tapşırıq kitabdan, yaxud konkret proqramdan qaynaqlanmır - məktəblə əməkdaşlıqda olan və iş yerləri təklif edən müəssisələrdən gəlir. Təbii ki, bu tapşırıqlar real problemlərin həllinə yönəlib. Yəni, müəssisə indidən onun qarşısında duran işin hansı uşaq tərəfindən çözülə biləcəyini bilmək istəyir və belə bacarıqlı şagirdlər nəzarətdə saxlanılır. Əvvəl uşaqlar verilmiş tapşırıqla bağlı ideyalarla çıxış edirlər, sonra proqramlaşdırma və ya mühəndislik bacarıqları hesabına həyata keçirirlər. Sonda isə təqdimat hazırlayıb müdafiə edirlər.
Məktəblilərin peşə hazırlığı ilə ictimai birliklər də məşğul olurlar. Məsələn, “Regional Educational Service Agencies” (RESA).
Bu qurumun əsas işi STEM-yanaşmanın tətbiqinə və müəllimlərin müvafiq hazırlığına köməklik etməkdir. RESA-nın dəstəyi ilə müəllimlər mütəmadi şəkildə yay hazırlıq kurslarına cəlb olunurlar. Onlar burada ixtisaslarını artırmaqla yanaşı, həm də uşaqlarda hansı bacarıqların inkişaf etdirilməsinə dair məlumatlarla təmin edilirlər. “Bacarıqların siyahısı” isə təbii ki, biznesin maraq və ehtiyaclarından irəli gəlir. Bu, ilk növbədə, məktəbdəki tədris proqramının işçi bazarında olan tələb və təkliflərə uyğunlaşdırılmasına imkan verir. Başqa sözlə, uşaqların təkrarlanan, dəyişməyən və aktual olmayan peşələrə hazırlığından söhbət belə gedə bilməz. Sadə bir misal: hazırda ABŞ-da səhiyyə sferasında tələb olunan hər 10 işçidən biri həkim, ikisi tibb işçisi, yeddisi isə tibbi avadanlıqlarının təmiri və servisi ilə məşğul olan mexaniki personaldan ibarətdir. Tələb budursa, ona uyğun da peşə təhsili verilir. Yəni, məktəblər proqramı tərtib edərkən bu amilə əsaslanırlar.
Təhsilə söz ola bilməz, bəs pulu kim verəcək?
RESA tək tədris məsləhətləri vermir, peşə təhsilinin maliyyələşməsini də öz üzərinə götürür. Məsələn, hər bir məktəbin arzusudur ki, şagirdlərinə robot texnikası barədə məlumat versin. Ancaq bunun üçün maliyyə dəstəyi yoxdur. RESA kömək edir. Yox, düşünməyin ki, birbaşa pul verir. RESA məktəblərlə təhsil qrantları ayıran qurumlar arasında bir növ vasitəçi kimi çıxış edir. Daha doğrusu, məktəblərin həmin qrantları əldə etmələri üçün nə tələb olunursa, RESA hamısını yoluna qoyur. Alınmış maliyyə dəstəyi bahalı tədris proqramlarının tətbiqinə sərf olunur. Bu, bir növ qapalı dairəni xatırladan prosesdir. Biznes yüksək ixtisaslı işçilərə ehtiyac duyur. Və anlayır ki, özü bu işçilərin hazırlığı prosesinə qoşulmasa, alınmayacaq. Ona görə də RESA-nın köməkliyi ilə mütərəqqi tədris proqramlarını maliyyələşdirir və sonra da bəhrəsini görür. İndiki məktəblilər biznesin gələcək əməkdaşlarıdır.
Hazırda Miçiqanda 4000-dək məktəbli peşə təhsilinə cəlb olunub. Onlar üçün 160 xüsusi proqram hazırlanıb. Sorğuların nəticələri göstərir ki, uşaqların 90%-i bu yanaşmaya ciddi maraq göstərir, çünki anlayır ki, məktəbi bitirən kimi işlə təmin olunacaq. Bu proses peşə və biznes əhəmiyyətindən başqa, həm də bir sosial prosesdir. Təsəvvür edən: övladlarına ali təhsil vermək üçün maddi imkanları olmayan nə qədər ailənin ehtiyacları təmin olunur. Valideyn anlayır ki, ailənin gəliri övladının layiqli təhsilinə və gələcəkdə peşə ilə təminatına yetərli deyil. Məktəblərdə peşə təhsili real imkandır. Özü də elə bilməyin ki, peşə təhsilini bitirib hər hansı istiqamət üzrə işləyəcək gənc üçün həyat bununla bitmiş hesab olunur. Qərbdə bu kompleksdən çoxdan qurtulublar. Bəziləri inanmayacaq, ancaq elə ölkələr var xaricdəki səfirliklərində çalışan diplomatlarının bəziləri peşə təhsillidir.
Kompleksdən necə qurtulmalı?
Bir dəfə bir yaxın şəxs mənə övladının Bakıdakı peşə məktəblərindən birinə “şərabçılıq”la bağlı ixtisasa daxil olduğunu dedi və məsləhət istədi: uşağını bu istiqamət üzrə təhsilə yönəltsin, ya yox? Onun diqqətini bazardakı vəziyyətə, hökumətin şərabçılığı stimullaşdırmasına, bu sahədə ümumiyyətlə, bir inkişafın olduğuna, yeni müəssisələrin açılmasına yönəltmək və övladını tərəddüd etmədən peşə məktəbində oxumağa göndərməyə həvəsləndirməyə çalışdım. Ancaq sonradan öyrəndim ki, əksini edib. Əsas səbəb bilirsiniz nə idi? Uşaq ali məktəbə daxil ola bilməmişdi...
Söhbət çox ciddi kompleksdən gedir. Bəlkə bu, tək Azərbaycanda belə deyil, ancaq əksəriyyətimiz peşə məktəblərinə yuxarıdan baxmağa alışmışıq. Nəyin bahasına olur-olsun ali məktəbə daxil olmalıyıq. Kimdə bu niyyət uğursuzluqla nəticələndi, nə etmək olar - getsin peşə məktəbinə. Peşə məktəbləri bizim üçün bir ehtiyat variantdır. Statistikaya görə, Rusiyada valideynlərin 71%-i övladlarının ali məktəbə daxil olmalarını arzulayır. Azərbaycanda belə bir sorğu və ya statistika olmasa da, Rusiyadakı göstəriciləri aşağı-yuxarı bütün MDB məkanına aid etmək olar. Bir balaca diqqət etsək, nəzərimizdən qaçan bir fenomeni izləyə bilərik: ölkədə ali təhsilə hazırlayan kurslar və repetitorlar ordusu ilə yanaşı, həm də texniki problemlərin həlli, yaxud müxtəlif növ təmir işləri təklif edən şirkətlər və qurumlar da yaranır və sayları getdikcə artır. Bu bilirsiniz nə deməkdir? İş yeri! Müqayisə üçün bir araşdırma keçirsək əmin ola bilərik ki, yaxşı qaynaqçı, santexnik və elektrik avadanlıqları ustası insan resursları üzrə menecer, yaxud mühasibdən çox pul qazanır. Biz isə nəyin bahasına olursa-olsun uşaqları oxuya bildilər, ya bilmədilər, ali təhsilə yönəldirik. Aydındır ki, onların heç də hamısı hətta ali məktəbə daxil ola biliblərsə belə, təhsillərini yaxşı qiymətlərlə və lazımi biliklərlə bitirə bilmirlər. Biz isə bəzən övladlarımızın diplomlarına baxıb iş yoxluğundan şikayət edirik.
Gəncləri peşə təhsilinə necə həvəsləndirə bilərik? İlk növbədə özümüzü yuxarıda haqqında bəhs etdiyimiz kompleksdən xilas etməklə.
Peşə təhsilini gənclərin gözündən salmağa son qoymalıyıq. Bir sıra ölkələrin təhsil sisteminə görə, peşə təhsili üzrə ixtisaslaşmış kollecləri əla qiymətlərlə bitirən gənclərə güzəştlərlə ali məktəbə daxil olmaq şansı verilir. Bizdə belə bir mexanizm olmasa da, hər hansı peşəyə yiyələnən gənc ali təhsil almaq istədiyi halda bunu edə bilər.
İstənilən halda o, artıq bir peşənin yiyəsidir. Gələcəyə dair proqnozlar verən nüfuzlu ekspertlərə görə, insan fəaliyyətinin təqribən yarısına süni intellektin tətbiqi ilə əlaqədar peşə təhsilinin önəmi yenidən artacaq. Bu gələcək çox yaxındadır. Bəs yaxın keçmişimiz? Ötən əsrin sonlarında, SSRİ-nin çöküşü ilə üzləşdiyimiz iqtisadi kollapsda “Uşaq oxuyub nəyin sahibi olacaq, qoy bir sənət öyrənsin” dediyimizi nə tez unutduq? Gəlin keçmişimizi unutmayaq, gələcəyimizi düşünək!

Rüstəm QARAXANLI

Oxşar xəbərlər