Bakıda “Dövlət idarəçiliyində səriştə modeli: çətinliklər və həll yolları” mövzusunda seminar keçirilir

Bakıda “Dövlət idarəçiliyində səriştə modeli: çətinliklər və həll yolları” mövzusunda seminar keçirilir Dekabrın 5-də Avropa İttifaqı Şərq Tərəfdaşlığı proqramının “Demokratiya, yaxşı idarəçilik və sabitlik” adlı birinci platforması çərçivəsində idarəçilik və dövlət idarəçiliyi islahatları panelinin birinci sahəsi üzrə (dövlət qulluğu, dövlət idarəçiliyi institutları və onların fəaliyyəti, insan resurslarının idarə edilməsi, dövlət qulluğuna qəbul qaydaları, qanunvericilik) Azərbaycan Respublikasında əlaqələndirici qurum olan Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən “Dövlət idarəçiliyində səriştə modeli: çətinliklər və həll yolları” mövzusunda seminar öz işinə başlayıb.
Tədbirdə DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin əməkdaşlıq şöbəsinin rəhbəri Simona Gatti, Xarici İşlər Nazirliyinin Demokratiya və insan hüquqları idarəsinin rəis müavini Fərəh Acalova və başqaları çıxış ediblər.
Qeyd olunub ki, seminarın məqsədi geniş istifadə olunan səriştə modeli vasitəsilə dövlət idarəçiliyində dövlət qulluqçularının seçilməsi, vəzifə yüksəlişində səriştələrin ölçülməsi və xidməti fəaliyyətin hərtərəfli qiymətləndirilməsi və digər məsələləri müzakirə etməkdir. Seminarda dövlət idarəçiliyində insan resurslarının idarə edilməsi sahəsində səriştə modelinin tətbiqi ilə bağlı çətinliklərə və həll yollarına xüsusi diqqət yetiriləcək.
Seminarda dövlət orqanlarından insan resurslarının idarə olunması funksiyalarını həyata keçirən struktur bölmələrin əməkdaşları, dövlət qulluğuna qəbul üzrə keçirilən müsahibələrdə komissiya üzvü kimi fəal iştirak edən nümayəndələr, həmçinin tərəfdaş ölkələrin bu sahədə fəaliyyət göstərən qurumlarının təmsilçiləri iştirak edirlər.
İki gün davam edəcək seminarda DİM-in, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əməkdaşları, həmçinin Ukrayna, Belarus, Gürcüstan və Moldovanın nümayəndələri çıxış edəcəklər.

Tehsil-press.az

Oxşar xəbərlər