Səudiyyə Ərəbistanın ölkəmizdəki səfiri Aİİ-ni ziyarət edib

Səudiyyə Ərəbistanın ölkəmizdəki səfiri Aİİ-ni ziyarət edib Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki Fövqəladə və Səlahiyyətli Səfiri Haməd bin Abdullah bin Səud bin Xudeyr Azərbaycan İlahiyyat İnstitutunu (Aİİ) ziyarət edib.
Səfiri İnstitutda görməkdən məmnunluğunu ifadə edən Aİİ rektoru Ceyhun Məmmədov ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu, ölkə Prezidenti cənab İlham Əliyevin müsəlman ölkələri ilə əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb.
C. Məmmədov Azərbaycanda yüksək dini-mənəvi mühitin mövcud olduğunu, dövlət-din siyasətinin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu və hazırda bu siyasətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirdiyini diqqətə çatdırıb. Vurğulayıb ki, ölkəmizdə din sahəsinə, milli-mənəvi dəyərlərin qorunmasına xüsusi önəm verilir.
Aİİ rəhbəri İnstitut haqqında ümumi məlumat verərək, ali təhsil müəssisəsinin yaranma tarixi, fəaliyyət istiqamətləri, eləcə də beynəlxalq əlaqələri və təhsil standartlarından bəhs edib. O bildirib ki, Aİİ-də tələbələr müasir sosial elmlərin metodları əsasında İslamla yanaşı, digər dünya dinlərinin inanc, ibadət, əxlaq sistemi və ictimai strukturları, fəlsəfə, sosiologiya, psixologiya, multikulturalizm və digər elmlərin mənimsənilməsi imkanına malikdirlər.
C. Məmmədov qeyd edib ki, ali təhsil müəssisəsində xarici dillərin öyrənilməsinə, xüsusilə ərəb dilinin tədrisinə böyük önəm verilir.
Fövqəladə və Səlahiyyətli Səfir Haməd bin Abdullah bin Səud bin Xudeyr Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyətə başlamasını böyük məmnunluqla qarşıladığını, ali təhsil müəssisəsinin məqsəd və hədəflərini yüksək qiymətləndirdiyini bildirib. Səudiyyə Ərəbistanı Krallığı haqqında məlumat verən səfir ölkənin ali təhsil mərkəzləri, o cümlədən, İslam universitetləri haqqında da danışıb.
Haməd bin Abdullah bin Səud bin Xudeyr təmsil etdiyi ölkənin universitetləri ilə Aİİ arasında əlaqələrin təşkili, qarşılıqlı təcrübə mübadiləsi məsələlərinə də toxunub.
Görüşdə gələcək əməkdaşlıqla yanaşı, tələbə-müəllim mübadiləsi və digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Sonda qonaq ali təhsil müəssisəsinin kitabxanası ilə tanış olub.

Tehsil-press.az

Oxşar xəbərlər